Geologiya üzrə mütəxəssis, professor Osman Bektaş 2023-cü ildə baş verən Kahramanmaraş zəlzələlərindən sonra bölgədəki seysmik aktivliyi araşdıran elmi tədqiqatı dəyərləndirərək zəlzələ təhlükəsinin yalnız xəritələrdə qeydə alınmış qırılmalar əsasında müəyyən edilə bilməyəcəyini vurğulayıb.
KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, Bektaşın diqqət çəkdiyi 2026-cı il tarixli araşdırmada Kahramanmaraş zəlzələlərindən sonra Malatya və ətrafında baş verən afterşokların paylanması, eləcə də yer qabığında müşahidə olunan maqnit anomaliyaları təhlil edilib.
Tədqiqat zamanı Doğanşehir hövzəsinin həm daxili hissələrində, həm də kənarlarında yer səthində aydın izləri görünməyən qırılma sistemlərinin mövcudluğuna diqqət çəkilib.

Professor bildirib ki, həmin qırılmaların həndəsi quruluşu, sürüşmə sürəti, kilidlənmə dərinliyi və zəlzələ yaratmaq potensialı barədə məlumatlar hələlik kifayət qədər deyil. Bu isə bölgədəki seysmik təhlükənin tam qiymətləndirilməsini çətinləşdirir.
Bektaş ərazidə son dövrlərdə müşahidə olunan seysmik aktivliyə də toxunaraq Karaterzi bölgəsində qeydə alınan 3,5 maqnitudalı zəlzələni nümunə göstərib.
Onun sözlərinə görə, bu zəlzələ Doğanşehir düzənliyi və ətrafındakı qırılma sistemlərinin daha ətraflı araşdırılmasının vacibliyini bir daha ortaya qoyur.
Professor sosial media hesabında paylaşdığı açıqlamada məsələyə belə münasibət bildirib:
“Doğanşehir düzənliyinin altında gizli aktiv qırılmalar var. 2023-cü il Kahramanmaraş zəlzələlərindən sonra Malatya və ətrafında baş verən afterşokların paylanmasını, eləcə də yer qabığındakı maqnit anomaliyalarını araşdıran 2026-cı il tarixli elmi tədqiqat hövzənin daxilində və kənarlarında yerləşən qırılma sistemlərinə diqqət çəkir”.
Osman Bektaş qırılmaların zəlzələ yaratmaq potensialı ilə bağlı qeyri-müəyyənliklərin hələ də davam etdiyini vurğulayıb:
“Karaterzidə baş verən 3,5 maqnitudalı zəlzələ bu bölgədəki hazırkı seysmik aktivliyin yeni nümunəsidir. Bu qırılmaların həndəsi quruluşu, sürüşmə sürəti, kilidlənmə dərinliyi və zəlzələ yaratmaq potensialı hələ də kifayət qədər öyrənilməyib. Zəlzələ təhlükəsini yalnız xəritələrdə göstərilən qırılmalara əsaslanaraq qiymətləndirə bilmərik”.
