Boşanmadan sonra uşağın kiminlə yaşayacağı valideynlər arasında mübahisə mövzusuna çevrilə bilər. Bəs hansı hallarda ata övladının anadan alınaraq ona verilməsini tələb edə bilər? Ananın hansı hərəkətləri uşağın ataya verilməsi üçün hüquqi əsas yarada bilər?

Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə müəyyən hallarda uşağın anadan alınaraq atasına verilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, ana valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşağa qarşı məişət zorakılığı törətdikdə və ya onunla qəddar rəftar etdikdə uşağın ataya verilməsi məsələsi gündəmə gələ bilər.
Hüquqşünas qeyd edib ki, ananın xroniki alkoqol və ya narkomaniya xəstəliyindən əziyyət çəkməsi, əxlaqsız hərəkətlərə yol verməsi, psixi və ya digər xroniki ağır xəstəliyinin olması da qanunla nəzərdə tutulan halların qiymətləndirilməsi zamanı nəzərə alınır.
Tağı Hüseynovun sözlərinə görə, bu halların mövcudluğu müvafiq sübutlarla təsdiqləndiyi təqdirdə, uşağın anadan alınaraq atasına verilməsi məsələsinə məhkəmə qaydasında baxıla bilər.
Beləliklə, uşağın anadan alınaraq ataya verilməsi avtomatik qərar deyil. Bunun üçün müvafiq hüquqi əsaslar və onları təsdiqləyən sübutlar olmalı, məsələ məhkəmə qaydasında həll edilməlidir.
Aynurə İsmayıl
KONKRET.az
