1870-ci ildə yeraltı nəqliyyat necə yaradıldı?backend

1870-ci ildə yeraltı nəqliyyat necə yaradıldı?

1870-ci ildə amerikalı ixtiraçı Alfred Eli Biç Nyu-Yorkda ilk eksperimental yeraltı dəmir yolunu istifadəyə verdi. O, şəhər siyasətçilərinin müqavimətinə baxmayaraq, Brodvey prospektinin altında demək olar ki, gizli şəkildə tunel inşa etmişdi. Bu qeyri-adi qatar buxar mühərriki ilə deyil, hava təzyiqi vasitəsilə hərəkət edirdi.

Tikinti işlərinə 1869-cu ildə başlanmışdı. Biç yeraltı nəqliyyatın Nyu-York küçələrindəki tıxac problemini həll edə biləcəyini sübut etmək istəyirdi. Lakin şəhərin nüfuzlu siyasi təşkilatlarından biri olan “Tammany Hall” onun planlarına mane olurdu. Buna görə də ixtiraçı genişmiqyaslı layihəyə başlamazdan əvvəl diqqəti cəlb etməyən, qısa bir sınaq xətti inşa etmək qərarına gəldi.

Təxminən 95 metr uzunluğunda olan tunel Brodvey prospektinin altında, Uorren və Mürrey küçələri arasında yerləşirdi. Nəhəng ventilyatorun yaratdığı hava təzyiqi sərnişin vaqonunu irəli hərəkət etdirirdi. Qatarı geri qaytarmaq üçün isə hava axınının istiqaməti dəyişdirilirdi.

Alfred Eli Biç stansiyanın tərtibatına da xüsusi diqqət yetirmişdi. Sərnişinləri qaranlıq və darısqal yeraltı məkan əvəzinə güzgülər, fəvvarələr, dekorativ bəzəklər və pianoda ifa edən musiqiçi qarşılayırdı. Vaqonda 22 nəfərin əyləşməsi üçün yumşaq oturacaqlar quraşdırılmışdı. Bir gedişin qiyməti 25 sent təşkil edirdi. Bu qeyri-adi nəqliyyat vasitəsi ilk il ərzində 400 mindən çox sərnişinə xidmət göstərdi.

Layihə böyük maraq doğursa da, tammiqyaslı nəqliyyat sisteminə çevrilə bilmədi. Siyasi müqavimət xəttin genişləndirilməsini ləngidir, 1873-cü ildə baş verən maliyyə böhranı isə layihənin gələcək inkişafına son qoyurdu.

Nəticədə eksperimental metro 1873-cü ildə fəaliyyətini dayandırdı. Nyu-Yorkda ilk tammiqyaslı metro xətti isə yalnız 1904-cü ildə açıldı. Beləliklə, Alfred Eli Biçin yeraltı nəqliyyatla bağlı cəsarətli təcrübəsi ilə şəhərin ilk tamhüquqlu metro sisteminin fəaliyyətə başlaması arasında 34 il vaxt keçdi.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*