Xaş hər kəs üçün faydalı deyil – Bu şəxslər ehtiyatlı olsun!backend

Xaş hər kəs üçün faydalı deyil – Bu şəxslər ehtiyatlı olsun!

Havaların soyuması ilə Azərbaycanda xaşa tələbat artır. Xüsusilə soyuq qış səhərlərinin ənənəvi yeməklərindən sayılan xaş həm doyumlu olması, həm də tərkibindəki kollagen və jelatinlə diqqət çəkir. Lakin yüksək yağlılığı, kalorisi və xolesterin miqdarı bu yeməyin hər kəs üçün uyğun olmadığını göstərir. Bəs xaşın sağlamlığa hansı fayda və zərərləri var? Kimlər bu qidanı qəbul edərkən ehtiyatlı olmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, xaş zəngin tərkibinə baxmayaraq, ağır və yüksək kalorili qida hesab olunur. Buna görə də onun istehlakında porsiya ölçüsünə və qəbul tezliyinə diqqət yetirmək vacibdir.

Mütəxəssisin sözlərinə görə, xaşın tərkibində olan kollagen və jelatin toxumaların dəstəklənməsində müəyyən rol oynayır. Bu qida, eyni zamanda, yüksək enerji dəyərinə görə uzun müddət toxluq hissi yaradır. Xüsusilə fiziki aktivliyi yüksək olan insanlar üçün enerji mənbəyi kimi faydalı sayıla bilər.

Bununla belə, xaşın yağlılığı və xolesterin miqdarı onun tez-tez qəbulunu arzuolunmaz edir. Məhsəti Hüseynova qeyd edib ki, sağlam insanlar soyuq aylarda bu yeməyi porsiya ölçüsünə diqqət etməklə bir-iki dəfə qəbul edə bilərlər. Xroniki xəstəlikləri olan şəxslər isə qidalanma ilə bağlı qərarlarını həkim məsləhəti əsasında verməlidirlər.

Xaş hansı xəstəlikləri olan insanlar üçün risklidir?

Məhsəti Hüseynovanın sözlərinə görə, yüksək xolesterin, arterial təzyiq, ürək-damar xəstəlikləri, artıq çəki, piylənmə və qaraciyər yağlanması olan şəxslər xaşın istehlakına xüsusi diqqət yetirməlidirlər. Belə insanlar üçün onun qəbulunun məhdudlaşdırılması, bəzi hallarda isə ümumiyyətlə menyudan çıxarılması daha məqsədəuyğun ola bilər.

Mütəxəssis mədə-bağırsaq problemlərindən əziyyət çəkən şəxslərin də bu yeməyi qəbul edərkən ehtiyatlı davranmasını tövsiyə edib. Xaşın həddindən artıq ədviyyatlı hazırlanması mədədə qıcıqlanma yarada, çox duz əlavə edilməsi isə qan təzyiqinin yüksəlməsinə səbəb olur.

Xaşı necə yemək daha doğrudur?

Mütəxəssis xaşın daha rahat həzm olunması üçün onun yanında təzə mövsümi tərəvəzlərdən və göyərtidən istifadəni məsləhət görüb. Limon, zoğal və nar kimi turş dadlı əlavələr də yeməyə üstünlük verənlər tərəfindən istifadə oluna bilər.

Onun sözlərinə görə, xaşı günün birinci yarısında, xüsusilə günorta yeməyində qəbul etmək daha münasib seçimdir. Səhər tezdən böyük porsiyada yeyilməsi isə bəzi insanlarda həzm sistemində ağırlıq və narahatlıq yaradır.

Məhsəti Hüseynova xaşın hazırlanması zamanı sanitar-gigiyenik qaydalara əməl olunmasının da vacibliyini vurğulayıb. Ərzaqların keyfiyyətinə, təmizliyinə və düzgün hazırlanmasına diqqət yetirilməlidir.

Beləliklə, xaşın müəyyən qida dəyəri olsa da, onun sağlamlığa təsiri qəbul edilən miqdardan, hazırlanma üsulundan və insanın ümumi sağlamlıq vəziyyətindən asılıdır. Bu yeməyi faydalı hesab edərək həddindən artıq istehlak etmək düzgün deyil. Əsas məsələ porsiyaya nəzarət etmək və fərdi sağlamlıq risklərini nəzərə almaqdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*