Avropa Kosmik Agentliyi qitəni saran isti hava kütləsinin kosmosdan necə göründüyünü nümayiş etdirib. Şəkil beynəlxalq təşkilatın saytında yer alıb.
Konkret.az xəbər verir ki, iyulun 25-nə olan hava durumunu əks etdirən kadrlardan görünür ki, daha şiddətli istilər İtaliya, İspaniya və Fransa ərazisindədir.
Bu gün Avropanı isti hava kütlələrinin yeni dalğası çulğayıb və havanın hərarəti rekord həddə çatıb. Almaniyanın meteoroloji xidmətinin məlumatına görə, bu ölkədə termometrlər müsbət 40,5 dərəcəni göstərib. İstinin milli rekordu Niderlandda (41,7), Belçikada (40,2) və Fransada (40,6) da qeydə alınıb.
Bloomberg, agentliyinin məlumatına görə, isti hava Fransada atom stansiyalarının bağlanmasına səbəb olub və elektrik enerjisinin qiyməti artıb. Almaniyada hökm sürən quraqlıq meşə yanğınlarına və çayların səviyyəsinin enməsinə səbəb olub. Bu, kənd təsərrüfatının bəzi sahələrini təhlükə altına atıb.
İyunun 28-də BMT xəbərdarlıq etmişdi ki, 2019-cu il bəşər tarixinin ən isti ili olacaq.
Bu cür havanın səbəbi Qrenlandiya və şimali-mərkəzi Avropanın üzərindəki iki yüksək təzyiq sahəsidir. Onlar havanı sərinlətməli olan cərəyanları bloklayır. Nəticədə səhralardan gələn isti hava şleyfi baş qaldırır, sözü gedən ərazilərə hökmran kəsilir.
Konkret.az
