Mağazalarda çəki ilə satılan, qablaşdırılmadan və ağzı açıq şəkildə piştaxtalarda saxlanılan çərəzlərin nə dərəcədə təhlükəsiz olması sual doğurur. Xüsusilə toz-torpağın təsirinə məruz qalan, günəş şüaları altında saxlanılan və gigiyenik qaydalara əməl edilmədən satışa çıxarılan məhsullar istehlakçıların sağlamlığı üçün risk yarada bilər.
Bəs açıq şəraitdə satılan çərəzlər hansı təhlükələrə səbəb ola bilər və alıcılar məhsul seçərkən nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, burada əsas məsələ məhsulun çəki ilə satılması deyil, onun hansı şəraitdə saxlanılması və satışa təqdim edilməsidir.

“Çərəzlər uyğun qoruyucu qablarda saxlanılmadıqda, toz-torpağın təsirinə məruz qaldıqda və eyni kürək və ya qaşıq müxtəlif məhsullara toxundurulduqda çarpaz çirklənmə riski yaranır. Bu isə məhsulların çirklənməsinə və nəticədə insan sağlamlığı üçün təhlükə törətməsinə səbəb ola bilər”.
İ. Şirinov qeyd edib ki, çərəzlərin saxlanılmasında diqqət yetirilməli əsas məqamlardan biri onların birbaşa günəş şüalarından qorunmasıdır. Bununla yanaşı, məhsulların anbarda düzgün şəraitdə saxlanılması, satış zamanı gigiyenik tələblərə əməl edilməsi də vacibdir.
“Kiflənmiş çərəzlərin mütəmadi istehlakı da ciddi sağlamlıq riskləri yarada bilər. Belə məhsullarda yaranan bəzi kif göbələkləri aflatoksin kimi zərərli maddələr ifraz edir. Bu maddələrə uzun müddət məruz qalmaq qaraciyər xərçəngi riskini artıra bilər”.
İlkin Şirinov digər təhlükənin çərəzlərin tərkibindəki yağların oksidləşməsi ilə bağlı olduğunu vurğulayıb. Xüsusilə qoz, fındıq, badam və püstə kimi məhsullar düzgün saxlanılmadıqda yağların oksidləşməsi baş verə bilər. Nəticədə çərəzlərdə acı dad və xoşagəlməz qoxu yaranır. Belə dəyişikliklər məhsulun keyfiyyətinin pisləşdiyini göstərə bilər.
Ekspert diqqətə çatdırıb ki, çərəzlərin açıq havada, xüsusilə avtomobil yollarının kənarında və dayanacaqlarda satılması əlavə narahatlıq doğurur. Bu cür yerlərdə məhsullar toz-torpağa və digər çirkləndiricilərə məruz qala bilər. Onun sözlərinə görə, xüsusilə Novruz bayramı ərəfəsində çərəzlərin açıq şəraitdə satışına daha çox rast gəlinir və bu zaman saxlanma qaydalarına nəzarət daha da əhəmiyyət qazanır.
İ. Şirinov vurğulayıb ki, istər çərəzlər, istərsə də digər qida məhsulları olsun, onların saxlanması və satışı zamanı müvafiq gigiyenik qaydalara əməl edilməli, məhsulların çirklənməsinin qarşısı alınmalıdır.
Beləliklə, çərəz alarkən yalnız qiymətə və görünüşə deyil, məhsulun saxlanma şəraitinə də diqqət yetirmək vacibdir. Kiflənmə əlamətləri, qeyri-adi qoxu və acı dad müşahidə olunan məhsullardan istifadə edilməməsi tövsiyə olunur.
Aynurə İsmayıl
KONKRET.az
