Azərbaycan alimləri koronavirusla bağlı yeni sistem hazırladıbackend

Azərbaycan alimləri koronavirusla bağlı yeni sistem hazırladı

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun alimləri Türkiyənin Samsun Universiteti ilə birlikdə “Covid-19 Azərbaycan Real Zamanlı Monitorinq Sistemi” (https://caspisnet.maps.arcgis.com/apps/dashboards/0f59111ebed64bbcb282bdd03a2e3a8f) tətbiqi hazırlayıb.

İnstitutdan KONKRET.az-a verilən məlumata görə, Quintessence C&S şirkətinin texniki dəstəyini alan layihənin əsas məqsədi ölkəmizdə və dünyada geniş vüsət alan koronovirus pandemiyasının real zamanda monitorinqinin aparılmasıdır. Tətbiqdə dünya ölkələri və ayrıca olaraq, Azərbaycan üzrə pandemiya haqqında məlumatlar əks olunur və bu rəqəmlər sutka ərzində azı bir dəfə təzələnir.

Layihədə ESRI şirkətinin Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyasından istifadə edilib. Azərbaycan üzrə pandemiya haqqında rəqəmlər Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına, həmçinin https://koronavirusinfo.az saytına istinad edilməklə verilir.

Şəhər və rayonlar üzrə əhali, xəstəxana, çarpayı sayı və hər 10.000 nəfərə düşən çarpayı sayı, yaşı 65-dən yuxarı olan insanların sayı və s. kimi məlumatlar Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edilir. Azərbaycan üzrə vektor məlumatlarının müəlliflik hüquqları isə Coğrafiya İnstitutuna mənsubdur.

Bu tətbiq cəmiyyətin maarifləndirilməsi işlərində, təhsil və elmi araşdırmalarda istifadə edilə bilər. Sosial bir layihə olduğundan ticarət məqsədi ilə istifadəsi qəti qadağandır. Tətbiqdən yararlanan hər bir kəs sutka ərzində dünyada və ölkəmizdə virusa yoluxanların, yeni yoluxanların, sağalanların, vəfat edənlərin, aktiv Covid-19 xəstələrinin və aparılan testlərin sayı haqqında məlumat əldə edə biləcəkdir. Bundan başqa, virusla mübarizə aparan ölkələrin sayını da buradan öyrənmək olar. Tətbiqdən istifadə etməklə məkan analizlərinin təhlilinin aparılması, şəhər və rayonlar üzrə surətli axtarış verilməsi və digər funksiyaların da yerinə yetirilməsi mümkündür.

Rəsmi qurumlar tərəfindən ölkə üzrə yalnız ümumi məlumatlar paylaşıldığından pandemiyanın şəhər və rayonlar üzrə yayılması haqqında sutkalıq məlumatları (01.04.2020-ci il tarixi istisna olmaqla) tətbiqə daxil etmək mümkün olmayıb. Rəqəmlər əldə edilərsə, şəhər və rayonlar üzrə sutka ərzində pandemiyanın yayılma arealını da göstərmək olar.

“MediaPost”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*