Əhməd Qəşəmoğlu: “Qloballaşmanın və informasiya məkanının sürətlənməsi, insanlarda ənənəvi ailə ilə bağlı təsəvvürləri dağıtdı”

Ailə institutlarına və dəyərlərinə sahib olan Azərbaycanda boşanmaların sayı getdikcə artır. Bu artımı Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən də, müşahidə etmək mümkündür. Belə ki, bu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 8257 boşanma halı qeydə alınıb. Sadə dillə desək ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,5-dən, 1,7-yə qədər yüksəlib. Qeyri-rəsmi statistika isə bu rəqəmlərin daha çox olduğunu göstərir.
Mövzunun aktuallığını nəzərə alaraq ölkədə boşanmalara hansı amillərin təsir etdiyini və mövcud problemin həlli yollarını araşdırmağa çalışdıq.
Konkret.az-a mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, Azərbaycanda hər zaman ailə ənənələri mövcud olub: “İnsanlara hələ uşaq yaşlarından ailə qurmağın vacibliyi, vəzifə və öhdəlikləri aşılanırdı. Hər kəs özünü psixoloji olaraq adət-ənənələr çərçivəsində ailə quracağına hazır hiss edirdi. Amma son 20 ildə baş verən hadisələr, qloballaşmanın və informasiya məkanının sürətlənməsi, insanlarda ənənəvi ailə ilə bağlı təsəvvürləri dağıtdı. Yeni bir ailə modeli isə tətbiq olunmadı”.
Əhməd Qəşəmoğlunun sözlərinə görə, sosial-psixologiya elmi insanın davranışına 3 vacib amilin təsir göstərdiyini əsaslandırır: “Bunlar mühit, informasiya və üstünlük verilən dəyərlərdir. Qloballaşan dünyada artıq insanların dəyərləri də dəyişib. Əvvəllər cəmiyyətdə aparıcı rolu milli –mənəvi dəyərlər oynayırdı. Son bir neçə il ərzində baş verən sürətli dəyişikliklər mənəvi dəyərləri arxa plana keçirdi. Bu hal isə ailələrə təsirsiz ötüşmədi. Min illərdir həm dinimiz, həm də müdriklərimiz cəmiyyətdə mənəvi dəyərlərə önəm verilməsinin vacibliyini aşılayır. Çünki mənəvi dəyərləri üstün olan cəmiyyət öz-özünü tənzimləmək iqtidarındadır. Əks halda isə cəmiyyətdə heç bir şeyi tənzimləmək mümkün deyil. Ona görə də biz Azərbaycanda ailə institutlarını qorumalı idik”.
Sosioloq əlavə edib ki, cəmiyyət günü-gündən mürəkkəbləşəndə, ciddi elmi əsaslara söykənən fəaliyyət planı hazırlamaq lazım gəlir: “Bunu elm də təsdiqləyir. Ciddi fəaliyyət planında isə qanunvericilikdə hansı dəyişikliklərin edilməsindən tutmuş, inzibati yeniliklərə qədər bütün məsələlər öz əksini tapır. Hal-hazırda bizə ciddi fəaliyyət planı hazırlamaq və bunu həyata keçirmək lazımdır. Çünki pərakəndə şəkildə qəbul edilən qanunlarla mövcud problemi aradan qaldırmaq mümkün deyil”
Hazırladı: Müşfiq Əhmədov