Birləşmiş Ştatlar İrana qarşı apardığı hərbi əməliyyatlardan sonra kritik döyüş sursatlarının çatışmazlığı kimi ciddi təhlükə ilə üz-üzə qalıb. “Jerusalem Post”un Pentaqondakı mənbələrə istinadən yaydığı məlumata görə, mövcud silah ehtiyatları ABŞ-ın digər dünya nəhəngləri ilə eyni vaxtda qarşıdurma aparması üçün artıq yetərli deyil. Analitiklər xəbərdarlıq edirlər ki, bu vəziyyət Vaşinqtonun uzunmüddətli hərbi hazırlığını və strateji gücünü əhəmiyyətli dərəcədə zəiflədə bilər.
KONKRET.az xəbər verir ki, ABŞ artıq bəzi Avropa müttəfiqlərinə müqavilə əsasında göndərilməli olan silahların tədarükünü gecikdirəcəyi barədə xəbərdarlıq edib. Məlumata görə, İrana qarşı “Epic Fury” əməliyyatı zamanı “Tomahawk” raketlərinin 30%-i, uzaqmənzilli JASSM raketlərinin isə 20%-dən çoxu artıq istifadə edilib. Ekspertlər qeyd edirlər ki, bu cür yüksək xərcləmələr xüsusilə Sakit okean regionunda Çin kimi rəqiblərə qarşı “zəiflik pəncərəsi” yaradıb və boşalmış anbarların yenidən doldurulması 4-5 il vaxt apara bilər.
Hesabatda vurğulanır ki, ABŞ ordusu hazırda İrana qarşı döyüşləri davam etdirmək üçün kifayət qədər resursa malik olsa da, qlobal miqyasda baş verə biləcək ikinci bir böyük münaqişəyə tab gətirmək iqtidarında deyil. Sursat çatışmazlığı həmçinin Ukraynaya və digər müttəfiqlərə göstərilən hərbi yardımların həcminin azaldılmasına səbəb ola bilər. ABŞ Müdafiə Nazirliyi istehsalı artırmaq üçün yeni müqavilələr imzalasa da, sənaye potensialının məhdudluğu problemin sürətli həllini çətinləşdirir.
Natiq Səlim,
KONKRET.az
