Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşüb.
KONKRET.az xəbər verir ki, görüşdə Azərbaycan və Çin arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, müxtəlif istiqamətlərdə, xüsusilə şəhərsalma və infrastruktur layihələri sahəsində əməkdaşlığın perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Müzakirələrin əsas mövzularından biri Bakı şəhərinin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) olub. Anar Quliyev qeyd edib ki, WUF13 dayanıqlı şəhər inkişafının gələcəyini formalaşdıran ən mühüm qlobal platformalardan biridir. Bu mənada Çin tərəfinin Forumda fəal iştirakı və qlobal urbanizasiya proseslərinə verə biləcəyi töhfələr məmnunluqla qarşılanıb.
Komitə sədri Forum çərçivəsində Çinin həm yüksək səviyyəli dövlət rəsmiləri, həm də akademik dairələr və özəl sektor təmsilçiləri ilə geniş tərkibdə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

