ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatlara verdiyi dəstəkdən asılı olaraq NATO müttəfiqlərinin xüsusi siyahısını tərtib edir. “Politico” nəşrinin mənbələrinə görə, Vaşinqton ölkələri şərti olaraq “sözəbaxan” və “itaətsiz” kateqoriyalarına bölür. Bu bölgü ABŞ-ın gələcəkdə həmin dövlətlərlə hərbi və siyasi münasibətlərinin xarakterini kökündən dəyişə bilər.
KONKRET.az xəbər verir ki, siyahıda ön sıralarda yer alan müttəfiqlərə müəyyən imtiyazların verilməsi nəzərdə tutulur. Buraya əlavə qoşunların yerləşdirilməsi, birgə hərbi təlimlərin intensivləşdirilməsi və digər strateji bonuslar daxildir. Əksinə, Vaşinqtonun planlarına soyuq yanaşan “itaətsiz” ölkələrə dəstəyin azaldılması və müəyyən mənfi nəticələrlə üzləşməsi ehtimal olunur.
Məlumata görə, ABŞ-ın hazırkı favoritləri arasında Polşa, Rumıniya və Baltikyanı ölkələr yer alır. Vaşinqtonun siyasətindən narazı qalanlar və İrana qarşı əməliyyatları dəstəkləməyə tələsməyənlər sırasında isə İspaniya, Fransa və hətta Böyük Britaniyanın adları çəkilir. Bu vəziyyətin Şimali Atlantika Alyansı daxilində parçalanmanı daha da dərinləşdirə biləcəyi vurğulanır.
Natiq Səlim,
KONKRET.az
