Azərbaycanda hava yenidən dəyişir: fərqli risk yarandı – Diqqətbackend

Azərbaycanda hava yenidən dəyişir: fərqli risk yarandı – Diqqət

Azərbaycanda gözlənilən küləkli hava növbəti dəfə yanğınla bağlı narahatlıqlara səbəb olub. Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, hazırda Azərbaycanda davam edən isti, quraq, küləkli hava meşələrdə və digər ərazilərdə yanğın riskini artırır.

Yanğınların qarşısını necə almaq olar? Təhlükədən necə qorunmaq mümkündür?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, yüksək temperatur, aşağı rütubət və güclü külək yanğının yaranması, eləcə də sürətlə yayılması üçün ən əlverişli şəraiti yaradır:

“Belə hava şəraitində kiçik bir qığılcım belə qısa müddətdə geniş əraziləri əhatə edən yanğına səbəb ola bilər. Bununla yanaşı, əsas risk amili insan faktorudur. Statistikaya görə, meşə və açıq ərazilərdə baş verən yanğınların 90 faizindən çoxu insanların ehtiyatsızlığı, səhlənkarlığı və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi nəticəsində baş verir. Kiçik bir diqqətsizlik böyük meşə sahələrinin məhvinə, ekoloji tarazlığın pozulmasına və ciddi maddi ziyana səbəb ola bilər”.

Ekspert bildirib ki, yanğına səbəb olan, lakin çox vaxt diqqətdən kənarda qalan bir sıra hallar var:

“Quraq və küləkli havalarda meşələrdə, açıq ərazilərdə tonqal qalamaq olmaz. Siqaret kötüyü tam söndürülmədən avtomobildən və ya açıq sahəyə atılmamalıdır. Təbiətdə atılan şüşə qırıntıları və bəzi plastik tullantılar günəş şüalarını fokuslayaraq quru otların alışmasına səbəb ola bilər. Həmçinin avtomobili quru ot örtüyü olan sahədə saxlamaq təhlükəlidir. Çünki avtomobilin qızmış egzoz sistemi quru otla təmas etdikdə yanğının başlaması mümkündür. Biçindən sonra zəmilərin yandırılması isə qəti yolverilməzdir. Bu, həm torpağın münbitliyini azaldır, həm də alovun yaxınlıqdakı meşə zolaqlarına keçməsi riskini artırır. Əgər şəxs yanğınla üz-üzə qalarsa, ilk növbədə panikaya düşməməli, vəziyyəti soyuqqanlı qiymətləndirməlidir. Əvvəlcə küləyin istiqamətini müəyyən etmək, daha sonra isə alovun yayılma istiqamətindən uzaqlaşaraq təhlükəsiz, açıq əraziyə doğru hərəkət etmək lazımdır. Ərazi güclü tüstü ilə örtülü olarsa, ağız və burun nəm dəsmal, parça ilə bağlanmalı, mümkün qədər yerə yaxın vəziyyətdə hərəkət edilərək təhlükəli ərazi tərk olunmalıdır.

Vətəndaşlardan xahiş olunur ki, təbiətdə kiçik bir tüstü və ya alov ocağı müşahidə etdikdə “kimsə xəbər verər” düşüncəsi ilə vaxt itirməsinlər. Dərhal 112 qaynar xəttinə zəng edərək hadisə barədə məlumat versinlər. Erkən xəbərdarlıq yanğının böyüməsinin qarşısını almaqda və insanların, eləcə də təbiətin qorunmasında həlledici rol oynayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*