“Azərsu”nun xərclərini əhalinin kasıb təbəqəsinin üzərinə yıxmaq olmaz” – SƏRT REAKSİYAbackend

"Azərsu"nun xərclərini əhalinin kasıb təbəqəsinin üzərinə yıxmaq olmaz" - SƏRT REAKSİYA

“Azərsu ASC”nin sədr müavini Etibar Məmmədovun içməli suyun əhaliyə maya dəyərindən aşağı satılması ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Onun, “tariflərin gələcəkdə artırılması üçün təşəbbüslə çıxış etmək istəyirik” fikirləri isə əməlli-başlı əsəbləri tarıma çəkib. Bir çox insanlar içməli suyun və göstərilən xidmətin keyfiyyətinin qənaətbəxş olmaması fonunda qiymətlərə yenidən baxılması ilə bağlı səsləndirilən fikirlərin doğru olmadığını dilə gətiriblər. Maraqlıdır görəsən mütəxəssislər  “Azərsu” rəsmisinin fikirlərini necə dəyərləndirirlər? Ümumiyyətlə hazırkı bahaçılıq şəraitində qiymət artımı nə dərəcədə düzgündür ?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır: “Azərsu” ASC-nin şəffaf işlədiyi, yaxşı idarə olunduğu haqda cəmiyyətdə birmənalı fikir mövcud deyil. Qurumun əvvəlki rəhbərliyinin də əməllərində ciddi problemlərin olduğuna dair çoxlu məlumatlar yayılıb. Həmin dövrlərdə “Azərsu”nu idarə edən şəxslərin həddindən artıq qanunsuz və əsassız varlandığına dair müxtəlif fikirlər yaranıb. Bu baxımdan cəmiyyətin sözügedən quruma və onun şəffaf şəkildə idarə edildiyinə etibarı yoxdur. Yəni biz alıcı olaraq nə investisiya layihələrindən, nə su satışı kontrollarından, nə də investisiya layihələrinin hansı dərəcədə şişirdilməsindən məlumatlıyıq. Yəni idarəetmədə hansısa neqativ hallar baş veribsə və bunun nəticəsində “Azərsu”nun alışlarının dəyəri şişirdilibsə, eləcə də maya dəyəri böyük göstərilibsə, bütün bunların xərcini cəmiyyət ödəməməlidir. Təəssüflər olsun ki, bu xərci haradansa ödəmək lazım gəlir və büdcədən maliyyələşmə də məsələni həll etmir. İstənilən halda qurumun yaxşı idarə edilməməsi nəticəsində ortaya çıxacaq xərcləri əhalinin kasıb təbəqəsinin üzərinə yıxmaq olmaz”.

Azərbaycan İtaliyanın neft təchizatında 1-ci yeri tutur –

İqtisadçı ekspert əlavə edib ki, ilk olaraq “Azərsu”nun fəaliyyəti şəffaflaşdırılmalı, xərclərinə yenidən baxılmalıdır: “İnvestisiya layihələri nəticəsində qoyulan kapitalların dəyəri təkrar qiymətləndirilməlidir. Yəni hesabatlı xərclər sistemi obyektiv formalaşandan sonra müəyyən addımlar atıla bilər. Əgər doğurdan da su əhaliyə maya dəyərindən ucuz satılırsa, o zaman qiymətə yenidən baxmaq mümkündür . Amma qurum özünün etibarlılığını cəmiyyətin gözündə formalaşdıra bilməyibsə və “Azərsu” haqda ciddi suallar mövcuddursa, o zaman suyun qiymətinin bu cür formada qaldırılmasını doğru saymıram. Yəni öncə qurum şəffa fəaliyyət göstərməli, nəzarət mexanizmləri olmalı, hesabatlılıq sistemi təşkil edilməli, cəmiyyətin gözündə düzgün işləyən quruma çevrilməlidir. Bütün bunlar təmin edildikdən sonra suyun maya dəyəri dəqiq bilinəcək. Doğrudanda maya dəyəri şişirdilmiş xərclər, yaxud suyun nəzarətsiz satılması hesabına baş vermirsə, yaxud pis idarəetmədən qaynaqlanmırsa, bu zaman suyun maya dəyərinin real qiymətindən aşağı satılması məsələsinə baxmaq olar. Ümumiyyətlə bir iqtisadçı kimi hansısa məhsulun maya dəyərindən aşağı qiymətə satılmasını məqbul hesab etmirəm. Amma öncə bu sadalanan məsələlər həllini tapmalı, sonra digər mövzular haqda danışılmalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*