Bağlanan yollarda qalan naəlac piyadalar, yol tapmaq üçün dolaşan sürücülər – Paytaxtın qara günübackend

Bağlanan yollarda qalan naəlac piyadalar, yol tapmaq üçün dolaşan sürücülər – Paytaxtın qara günü

Paytaxtın Bayıl, Bibiheybət, 20-ci sahə yaşayış massivlərində yaşayan sakinlər yollarının bağlanmasından, evlərinə getmək üçün şəhərin dar küçələrində 1 saat dolaşmalarından, tıxacda yarım saat gözləmələrindən, marşrut avtobusu tapıb minə bilməmələrindən şikayətçidirlər.

Buna səbəb şəhərdə keçirilən Avropa gənclər festivalı və onun iştirakçılarının rahatlığı üşün paytaxtın əsas giriş-çıxış yollarından birinin bağlanmasıdır.

Sakinlərdən biri xəbər verir ki, bu gün saat 18-19 radələrində Bayılda yerləşən evinə getmək üçün ənənəvi yoluyla irəliləyərkən, əvvəlcə yol polisləri onun və yüzlərlə başqa sürücünün qarşısını 20 saylı məktəbin qarşısında kəsib, parlament binasına doğru gedən yola girməsinə imkan verməyiblər və onları Nərimanovun heykəli olan dairəyə tərəf yönəldiblər. Orada isə daha bir yol polisi taqımı yenə də yüzlərlə avtomobilin qarşısını kəsib, onları yeni açılmış yolla “Beşmərtəbə” nahiyəsinə istiqamətləndiriblər.

Bundan sonra sürücülər naəlac qalaraq bir maşının hərəkət edə biləcəyi dar yollarla İqtisadiyyat universitetinin korpusuna doğru gəlib, oradan Qoşa Qala Qapısının yanından Azneft meydanına çıxıblar. Məlum olub ki, Azneft meydanıın dairəsi yarımqapalı vəziyyətdədir. Şəhərin cənub çıxacağına aparan yollar hasarlanıb, o tərəfdən gələn yol isə avtomobil nəqliyyatı üçün məhdudlaşdırılıb və həmin yolun hesabına Bayıl tərəfə gedənlər üçün dar bir yol açılıb. Minlərlə sürücü öz keçid növbəsini gözləyərək həmin yola düşüb və Su İdmanı Sarayına doğru irəliləyəyərək, orada daha bir tıxacda qalıblar. Bu xaosun, hərc-mərcliyin sayəsində minlərlə paytaxt sakini dayanacaqlarda naəlac halda qalıb, gəlib çıxmayan marşrut avtobiuslarını gözləməyə məcbur olublar.

Beləliklə, aydın olur ki, bir adi yarışma paytaxtın yarı sakinlərinin gününü qara edib.

Yəni bu festivalı adi, sakit qaydada, yolları kəsmədən, insanlara narahatlıqlar yaşatmadan təşkil etmək mümkün deyilmi? Əgər mümkün deyilsə, onda ən yaxşısı bu cür yarışmalardan, təşkilatçılıqdan imtina etməkdir.

Onu da xatırladaq ki, son üç ayda artıq ikinci dəfədir ki, paytaxt əhalisi bu vəziyyətə düşür. 2015 və 2017-ci illərdə də bu kimi durumlar yaranıb. “Formula 1” yarışmasının keçirildiyi günlərdə də belə olur.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*