Bu gün Yasamalda magistral su xəttində baş vermiş qəzadan sonra həyətlərə və obyektlərə dolan su çəkilib.
KONKRET.az FHN-ə istinadən xəbər verir ki, Əsəd Əhmədov küçəsində yerləşən magistral su kəmərində baş vermiş qəza nəticəsində ətrafı basmış suyun çəkilib kənarlaşdırılması məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Görülmüş tədbirlər sayəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.
10:26
Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı xəttə suyun verilməsi dayandırılıb, ərazidəki su çəkilib.
KONKRET.az xəbər verir ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, “Azərsu” ASC-nin və Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları çalışır.
Hazırda ərazidə su qalmayıb və ərazinin təmizlənməsi işləri aparılır.
***
08:57
Bakının Yasamal rayonunda su borusu partlayıb.
KONKRET.az xəbər verir ki, qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb.
Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb.
Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.
