Bal porsuğu xasiyyətli general: Müharibədən doymayan Adrian Karton di Viartın inanılmaz həyatıbackend

Bal porsuğu xasiyyətli general: Müharibədən doymayan Adrian Karton di Viartın inanılmaz həyatı

Bal porsuğu haqqında yəqin ki, çox eşitmisiniz. Kiçik bədəninə baxmayaraq, heç nədən qorxmayan, özündən qat-qat böyük heyvanlara meydan oxuyan bu canlı təbiətin ən cəsarətli sakinlərindən sayılır. Amma insanın da bal porsuğu xasiyyətlisi olurmuş. Belə adamlardan biri də general Adrian Karton di Viart idi. Onun həyat hekayəsi insanda heyranlıqla yanaşı, təəccüb də doğurur.

Adrian Karton di Viart 1880-ci ildə Belçikada aristokrat ailəsində dünyaya gəlib. Hələ uşaqlıqdan çılğın, hövsələsiz və davakar xarakteri ilə seçilirdi. Qəzəblənəndə özünü idarə edə bilmir, mübahisələri isə çox vaxt qarşı tərəfi döyməklə həll edirdi.

17 yaşına çatanda aristokrat atası onu Oksford Universitetinə göndərdi. Yəqin düşünürdü ki, oğlunun başı elmə qarışar, bir az da sakitləşər. Lakin Adrian universitetdə idmandan başqa, demək olar ki, heç bir sahədə uğur qazana bilmədi. İdmanda isə əsl ulduza çevrildi.

“Bu elmləriniz nə cəfəngiyyatdır? Məndən kabinetdə oturan məmur düzəldə bilməzsiniz”, – deyə qərara aldı.

19 yaşı tamam olanda onun çoxdan gözlədiyi fürsət yarandı: İngilis-Bur müharibəsi başladı. Adrian kimin kimlə vuruşduğunu, müharibənin siyasi səbəblərini heç düşünmürdü. Onun üçün əsas məsələ döyüş meydanına düşmək idi. Ən yaxın hərbi komissarlığa getdi, öz yaşına altı il əlavə etdi, başqa adla qeydiyyatdan keçdi və Afrikaya yollandı.

İlk dəfə real döyüşə qatıldıqdan sonra sevincini gizlədə bilmirdi:

“Bax, bu, əsl həyatdır! Güllələr vızıldayır, adamlar döyüşür, möhtəşəmdir!”

Lakin tezliklə qasıq və qarın nahiyəsindən yaralandı və müalicə üçün İngiltərəyə göndərildi. Oğlunun yerini öyrənən atası onu yenidən universitetə qaytarmağa çalışdı:

“Bəsdir, kifayət qədər sərsərilik etdin. Oksforda qayıt!”.

*Heç nə olmaz! Mən təzəcə əylənməyə başlamışdım!”, – deyə Adrian etiraz etdi.

Atası onun fikrindən dönməyəcəyini anlayanda heç olmasa zabit korpusuna qəbul olunması üçün vasitəçilik etdi. İstəyirdi ki, oğlu ailənin adına xələl gətirməsin. Beləliklə, Adrian Britaniya ordusunun tərkibində Hindistana göndərildi. Orada həvəslə çöl donuzu ovlayırdı.

1904-cü ildə yenidən Bur müharibəsinə qatıldı. Bu dəfə komandanın adyutantı kimi xidmət edirdi. Döyüşlərdə özünü göstərmək üçün heç bir fürsəti əldən vermirdi. Düşmənə qarşı o qədər amansız və qorxmaz davranırdı ki, hətta silahdaşları da ondan çəkinirdilər:

“Bu çılğından uzaq durun. Həyəcanlananda kimin kim olduğunu unudur, hamını vura bilər”.

Ona medal vermək istəyəndə maraqlı bir məqam üzə çıxdı: Adrian artıq yeddi ildir Britaniya ordusunda döyüşürdü, amma özü Belçika vətəndaşı idi.

“Bu necə baş verib?”, – deyə ondan soruşdular.

“Kim üçün döyüşməyin nə fərqi var ki?” – Adrian sakitcə cavab verdi.

Nəhayət, ona Britaniya vətəndaşlığı və kapitan rütbəsi verildi.

Ailə həyatı da onu müharibədən saxlaya bilmədi

1908-ci ildə di Viart evlənmək qərarına gəldi. Həyat yoldaşı Frederika Mariya Karolina Henrietta Roza Sabina Frantsiska Fuqqer fon Babenhauzen adlı aristokrat qadın idi. Onun şəcərəsi, necə deyərlər, ən qədim aristokrat nəsilləri belə kölgədə qoyurdu.

“İndi yəqin ki, sakitləşər”, – deyə atası ümid edirdi.

Cütlüyün iki qızı dünyaya gəldi. Lakin ailə həyatı Adrianı uzun müddət evdə saxlaya bilmədi. O, yenidən müharibəyə can atırdı.

“Hara gedirsən?” – deyə həyat yoldaşı narahatlıqla soruşurdu.

“Mən qoca əsgərəm, sevgi sözlərini bilmirəm”, – Adrian sərt cavab verirdi. – “Evli olmaq mənim xoşuma gəlmədi. Yataqda bütün adlarını sadalayana qədər həvəsim ölür. Mən müharibəyə gedirəm”.

Beləliklə, Birinci Dünya müharibəsi başlayanda Adrian yenidən döyüş meydanına yollandı.

Bir gözünü itirdi, amma döyüşməkdən əl çəkmədi

Onun Birinci Dünya müharibəsindəki döyüş yolu Somalidən başladı. Adrian Dəvə Korpusunda komandir müavini kimi xidmət edirdi. Dərvişlərin qalasının mühasirəsi zamanı güllə onun bir gözünü çıxardı, qulağının bir hissəsini də qopardı.

Lakin bu, onu dayandıra bilmədi. Yaralı halda dəvə üstündə hücumu davam etdirirdi. Nəhayət, düşmən qalası ələ keçirildi. Yalnız bundan sonra Adrian hospitala getməyə razılaşdı.

Göstərdiyi şücaətə görə ordenlə təltif edildi və müalicə üçün Britaniyaya göndərildi. Sağaldıqdan sonra isə Qərb cəbhəsinə yollanmaq istədiyini bildirdi.

“Siz ağır yaralanmısınız, bir gözünüzü itirmisiniz”, – deyə komissiya üzvləri etiraz etdilər.

“Qalan hər şey yerindədir”, – Adrian gülümsəyərək cavab verdi. – “Məni cəbhəyə göndərin”.

O, zahiri görünüşünü tamamlamaq üçün şüşə göz taxdırdı. Lakin cəbhəyə göndərilməsinə razılıq verilən kimi həmin gözü çıxarıb atdı və gözünün üstünə qara sarğı bağladı.

“Nelson kimi olacağam. Ya da Kutuzov kimi. Fərqi yoxdur, əsas odur ki, gedək!” – dedi.

Adrianın cəbhəyə qayıtması almanlar üçün heç də xoş xəbər deyildi. O, piyada briqadasına komandanlıq edir, digər zabitlər həlak olduqda onların yerinə keçərək döyüşü davam etdirirdi. Geri çəkilmək onun üçün, demək olar ki, naməlum anlayış idi.

Somma döyüşlərində başından və çiynindən, Paşendeldə isə bud nahiyəsindən yaralandı. Hər dəfə müalicədən sonra yenidən cəbhəyə qayıdırdı.

İpr döyüşündə sol qolu ağır yaralandı. Qolunun vəziyyəti o qədər pis idi ki, onu təcili amputasiya etmək lazım gəlirdi.

“Bu lənətə gəlmiş qolu kəsin! Mən cəbhəyə qayıtmalıyam. Orada hələ öldürülməmiş çoxlu düşmən var”, – deyə cərraha müraciət etdi.

Cərrah isə onu Londona aparmağın vacib olduğunu bildirdi.

“London-zad nədir? Bax belə edilir!” – deyə Adrian əsəbiləşdi və dərisindən asılı qalmış iki barmağını özü qopardı.

“İndi davamını kəsin, mən getməliyəm!”

Lakin qanqrena təhlükəsi yarandığından onun qolu amputasiya edildi.

“Qol baş deyil ki”, – deyə Adrian baş verənlərə münasibət bildirdi. Daha sonra ayaqqabısının bağlarını dişləri ilə bağlamağı öyrəndi və yenidən cəbhəyə qayıtmaq üçün komandanlığa müraciət etdi.

Lakin bu dəfə ona müharibənin artıq başa çatdığını bildirdilər.

Müharibə bitdi, amma Adrianın döyüş həvəsi yox

Birinci Dünya müharibəsindən sonra Adrian çoxsaylı orden və medallarla təltif edildi, general rütbəsi aldı. Britaniyanın Polşadakı hərbi missiyasına göndərildi. Görünür, komandanlıq həm onun təcrübəsindən istifadə etmək, həm də bu yorulmaz generalı bir müddət cəbhədən uzaq tutmaq istəyirdi.

Tezliklə o, hərbi missiyaya rəhbərlik etməyə başladı.

1919-cu ildə danışıqlara təyyarə ilə gedərkən təyyarə qəzaya uğradı. Sərnişinlərin hamısı həlak oldu, yalnız Adrian sağ qaldı. O, dağıntıların altından çıxsa da, litvalılar tərəfindən əsir götürüldü.

Lakin çox keçmədən onu azad edib britaniyalılara təhvil verdilər. Rəvayətə görə, hətta belə bir xahiş də etmişdilər:

“Allah xatirinə, bunu aparın. Onun xasiyyətinə dözmək mümkün deyil!”

Britaniyalılar isə bu qəribə generalın xasiyyətinə artıq öyrəşmişdilər. Onu yenidən Polşaya göndərdilər.

1920-ci ildə Sovet-Polşa müharibəsi və Varşava döyüşü başladı. Xarici ölkələrin nümayəndələri təhlükəsizlik səbəbindən bölgəni tərk etməyə çalışırdılar.

Adrian isə getmək fikrində deyildi.

*İndi heç yerə getmirəm. Əyləncə təzəcə başlayır!” – deyə gülürdü.

O, cəbhəyə yollanmaq qərarına gəldi. Lakin yolda olduğu qatar bolşeviklərin hücumuna məruz qaldı.

“Bunlar kimdir?” – deyə general soruşdu.

“Qırmızılardır”, – cavab verdilər.

“Qırmızı, qara – nə fərqi var? Atəş açın!”

Adrian qatarın müdafiəsini təşkil etdi, özü də döyüşə qoşuldu. Hətta vaqondan çölə atılıb yenidən qatara qayıtdı. Nəticədə hücum edənlər geri çəkilməyə məcbur oldular.

Müharibədən sonra di Viart Polşada böyük nüfuz qazandı. Ona Qərbi Belarusda yerləşən geniş bir malikanə, ada və torpaq sahələri bağışlandı. General burada məskunlaşdı. Hamı onun nəhayət sakit həyata keçdiyini düşünürdü.

Amma Adrianı tanımayanlar belə düşünə bilərdi.

İkinci Dünya müharibəsi: 60 yaşında yenə cəbhəyə can atırdı

İkinci Dünya müharibəsi başlayanda di Viart yenidən Polşadakı Britaniya hərbi missiyasına rəhbərlik edirdi. O, polyak hərbçilərinə qoşunları sərhəd bölgələrindən geri çəkməyi və Visla çayı boyunca müdafiə xətti qurmağı tövsiyə edirdi.

Lakin onun xəbərdarlıqlarına lazımi diqqət yetirilmirdi.

“Siz kimsiniz? Özünüzün nə qolunuz var, nə qulağınız, nə də gözünüz!” – deyə ona istehza edənlər tapılırdı.

“Sizin isə, axmaqlar, beyniniz yoxdur!” – deyə general cavab verirdi.

Almanların hücumu başlayanda Adrian Britaniya missiyasının əməkdaşlarını təxliyə etməyə başladı. Luftvaffenin hava hücumlarına baxmayaraq, özü sağ qaldı və kolonu Rumıniya sərhədindən keçirərək təhlükəsiz əraziyə çıxardı.

Sonradan onun xəbərdarlıqlarının nə qədər əsaslı olduğu məlum oldu. Lakin artıq vəziyyəti dəyişmək mümkün deyildi.

İngiltərəyə qayıdan kimi yenidən cəbhəyə göndərilməsini tələb etdi.

“Sizin 60 yaşınız var, üstəlik bədəninizin yarısı yoxdur. Bir az sakitləşin”, – deyə ona bildirdilər.

“Məni göndərin, yoxsa burada döyüşməyə başlayacağam!” – Adrian əsəbiləşdi.

Komandanlıq bu yorulmaz veteranı hara göndərmək barədə uzun müddət düşündü. Nəhayət, onu Norveçdəki hərbi əməliyyatlara, Trondheym istiqamətinə yolladılar.

Lakin müttəfiqlərin Norveç əməliyyatı uğursuzluqla nəticələndi. Hazırlıqsızlıq, koordinasiya problemləri və qış şəraitinə uyğun təchizatın çatışmazlığı ciddi məğlubiyyətə səbəb oldu.

“Nə biabırçılıqdır! Mən həyatımda belə uğursuz hərbi əməliyyat görməmişdim”, – deyə Adrian məyusluğunu gizlətmədi.

İtalyan əsirliyindən bir əli ilə qazdığı tunellə qaçdı

Londona qayıtdıqdan sonra onu Yuqoslaviyaya hərbi danışıqlara göndərdilər. Yolda təyyarəsi yenidən qəzaya uğradı. Adrian sağ qaldı, amma bu dəfə İtaliya ərazisinə düşdü və italyanlar tərəfindən əsir götürüldü.

Onu yüksək rütbəli hərbi əsir kimi qalada saxlayırdılar.

“Elə bilirsiniz, mən burada oturub pizza yeyəcəyəm, hamı döyüşdüyü halda?” – deyə general qəzəblənirdi.

O, əsirlikdə də rahat dayanmadı. Təxminən yeddi ay ərzində tunel qazaraq qaçmağa hazırlaşdı. Üstəlik, bunu bir əli ilə edirdi. Nəzərə alsaq ki, digər qolunu Birinci Dünya müharibəsində itirmişdi, bu, onun xarakterini təsəvvür etmək üçün kifayətdir.

Nəhayət, qaçmağa nail oldu. Səkkiz gün azadlıqda qaldı, lakin yenidən tutuldu.

1943-cü ildə İtaliya hökuməti müharibədən çıxmaq qərarına gəldikdə Adrianı təslimolma danışıqları üçün Lissabona göndərdi.

Britaniyaya qayıtdıqdan sonra komandanlıq nəhayət başa düşdü ki, bu adamı cəbhədən uzaq tutmaq mümkün deyil. Ona general-leytenant rütbəsi verildi və Uinston Çörçillin şəxsi nümayəndəsi kimi Çinə göndərildi.

Mao Tszedunla görüş və müharibədən sonrakı həyat

Həmin dövrdə Çində vətəndaş müharibəsi gedirdi. Adrian yenə döyüşmək istəyirdi. Lakin Britaniya hökuməti ona hərbi əməliyyatlarda iştirak etməyi qadağan etdi.

Çində olduğu müddətdə Mao Tszedunla da görüşdü. Generalın zarafatla ona Yaponiyaya qarşı birlikdə döyüşməyi təklif etdiyi, Mao Tszedunun isə onu Çin ordusuna qoşulmağa çağırdığı barədə rəvayət edilir.

Lakin Adrianın bu təklifi qəbul etmədiyi bildirilir. 1947-ci ildə, nəhayət, hərbi xidmətdən təqaüdə çıxdı.

Birinci həyat yoldaşı vəfat etdikdən sonra, 1951-ci ildə özündən 23 yaş kiçik bir qadınla evləndi.

“Siz artıq yaşlısınız, üstəlik bir qolunuz, bir gözünüz yoxdur. Gənc həyat yoldaşı ilə necə dolanacaqsınız?” – deyə tanışları təəccüblənirdilər.

Adrian isə özünəməxsus cavab verirdi:

“Nəyi bacarmayacağam ki? Hələ itirmədiyim kifayət qədər şey var!”

O, xatirələrində müharibə haqqında da açıq danışırdı:

“Düzünü desəm, müharibədən zövq alırdım. Əlbəttə, pis anlar da olurdu, amma yaxşı anlar daha çox idi. Üstəlik, o xoş həyəcanı da unutmaq olmaz”.

Adrian Karton di Viart 1963-cü ildə, 83 yaşında vəfat etdi.

O, iki dünya müharibəsində iştirak etmiş, bir gözünü, bir qolunu və qulağının bir hissəsini itirmiş, dəfələrlə yaralanmış, təyyarə qəzalarından sağ çıxmış, əsirlikdən qaçmış və bütün bunlara baxmayaraq, döyüşmək həvəsini itirməmişdi.

Bəlkə də onu xarakterizə etmək üçün uzun-uzadı sözlərə ehtiyac yoxdur. Bal porsuğu kimi balaca, inadkar, qorxmaz və qarşısına çıxan heç bir maneədən çəkinməyən bir insan…

Adrian Karton di Viart – insan cildinə girmiş bal porsuğu!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*