Baydenin “konfliktlərə müdaxilə etməmək” siyasəti nə vəd edir?backend

Baydenin “konfliktlərə müdaxilə etməmək” siyasəti nə vəd edir?

ABŞ-ın standart xarici siyasət kursu var. Bu siyasət Avropa, MDB, Mərkəzi Asiyaya, Yaxın Şərq kimi regionlar olmaqla müxtəlif şaxələrə bölünür. Hər bir regionda da Vaşinqtonun öz maraqları var. Bu mənada hazırda dünyada baş verən siyasi hadisələr fonunda ABŞ-ın hər şeydən əlini götürüb geri çəkiləcəyini düşünmək inandırıcı deyil.

KONKRET.az bu sözləri axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu ABŞ-ın yeni Prezidenti Co Bayden yeni komandasını ictimaiyyətə təqdim edərkən “ABŞ gərəksiz konfliktlərə müdaxilə etməyəcək” sözlərini şərh edərkən deyib.

O bildirib ki, eks-prezident Donald Tramp da prezident seçilərkən ölkəsinin daxili siyasətə üstünlük verəcəyinə və konfliktlərdən uzaq duracağını söyləmişdi:

“Lakin Trampın hakimiyyəti zamanı baş verən proseslər onu göstərdi ki, ABŞ-ın bütün konfliktlərdən çəkilməsi, müdaxilə etməməsi heç də düşünüldüyü kimi asan deyil. Çünki rəsmi Vaşinqton dünyada baş verən proseslərə kifayət qədər təsir etmək imkanına sahib bir ölkədir. Bu mənada “mən konfliktlərdən geri çəkilirəm” deməklə heç də bütün konfliktlərdən çəkilə bilməzsən. Bu, həm də ABŞ-ın daxili xarici siyasətinə də təsir edən bir amildir. Düşünürəm, Tramp kimi Bayden üçün də konfliktlərdən əlini götürmək, geri çəkilmək asan olmayacaq”.

Politoloq bildirib ki, bu gün Kəşmir, Fələstin, Dnestryanı, Osetiya, Abxaziya, Kosova, Kipr kimi aktiv və dondurulmuş münaqişələr var. Bütün bu münaqişələrdə az, ya da çox, ABŞ-ın maraqları və iştirakı var:

“Digər tərəfdən, Tramp hər nə qədər Əfqanıstan, Suriyadan ABŞ qoşunlarını çıxarmaq istəsə də, bu, tam olaraq baş tutmadı. Çünki ABŞ-da heç də bütün qərarları prezident vermir. Hazırda günü gündən güclənən Türkiyə, İran, Rusiya, Çin kimi ölkələr var. Digər tərəfdən, bu gün Fransa, İngiltərə, Almaniya kimi ölkələr də Avropada güclənir. ABŞ mahiyyət etibarilə dünyada jandarm rolunu oynayır. İstəsə də, istəməsə də, ABŞ bu ölkələrə nəzarət etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*