“Fikrin müəllifi iddia edir ki, insanlar siğə ilə müddətli dini nikahı səhv salır. Məsələ burasındadır ki, müddətli dini nikah anlayışı özü gülünc və yanlışdır”.
Bu sözləri KONKRET.az-a açıqlamasında ilahiyyatçı-alim Elşad Miri həmkarı Təyyar Hüseynlinin “Ginekoloji və estetik əməliyyat zamanı qadın kişi həkimlə siğə etdirməlidir” sözlərinə cavab olaraq bildirib.
“Yəni heç kim evlənərkən, ailə həyatı qurarkən qarşı tərəfə və ailəsinə belə bir təklif irəli sürə bilməz ki, mən sizin oğlunuzla və ya qızınızla birmüddətlik nikah bağlayıb, sonra ləğv edəcəm. İkincisi, açıqlamada qeyd olunur ki, bir sıra hallarda siğə bağlamaq olar. Bunu bir növ anlaşma, müqavilə kimi də anlamaq olar. Bu fikirin ən vacib xətalı tərəfi odur ki, bir müqavilə bağlanarkən qarşı tərəf olmalıdır. Ancaq diqqət etsəniz görərsiniz ki, siğə məhz patriarxal anlayış olduğu üçün təktərəfli, yəni kişinin qadına münasibətdə dırnaqarası zərurət kimi qeyd olunur. Ardınca müəllif başqa bir absurd fikirlə davam edir. “Əgər kişi qadınla bir yerdə qalarsa, günaha batmamaq üçün siğə etməlidir”, – deyir. Sual oluna bilər ki, bir qadın bir kişi ilə hansı hallarda bir yerdə qala bilər? Sizin nəzərdə tutduğunuz halın əxlaqsızlqdan başqa bir adı varmı?”, – deyə E.Miri vurğulayıb.
Müsahibimizin sözlərinə görə, məsələyə həmişə patriarxal şəkildə yanaşılır: “Yəni kişi nöqteyi-nəzərindən yanaşılır. Bunların ağlına gəlmir, düşünmürlər ki, bəs qadın necə? Bu məsələdə qadının mövqeyi necə olacaq? Məsələn, haqqında danışdığımız məsələdə, yəni estetik əməliyyatlar zamanı qadın həkim kişi pasiyentə baxmalı olsa, qadın da siğə etdirməlidir? Yaxud da deyirlər ki, qadın ölüm ayağındadırsa və onu dəfn edəcək atası, qardaşı, həyat yoldaşı yoxdursa, bu məsələni başqa bir şəxs üstünə götürməlidir, yəni siğə etdirməlidir ki, naməhrəm sayılmasın. Sual olunur bir daha: Əgər bir insan vəfat edibsə, onu dəfn edəcək insan naməhrəm olsa nə olacaq, olmasa nə olacaq? Kəfənlənmiş bir insanı ata, qardaş, ər fərqi yoxdur, kim qəbirə qoyursa-qoysun. Belə bir məntiq, belə bir anlayış yoxdur”.
“O ki qaldı siğənin tibbi müdaxilələr zamanı zəruri olmasına, bu da cəfəng fikirdir. Çünki nəzərə almalıyıq ki, bu gün bir həkim işlədiyi bir gün ərzində onlarla müayinəyə girir, bir neçə əməliyyatda iştirak edir, dolayısı ilə onun bir gün ərzində bir neçə insanla təması qaçılmaz olur. Onda bu məntiqlə gərək həkim müayinə etdiyi və yaxud da müayinə prosesi zamanı bədəninə toxunduğu hər kəslə siğə etdirməlidir? Ümumiyyətlə, bəzi insanlar bu fikirləri hansı dinə, hansı kitaba istinad edərək deyirlər? Bəyəm Quranda estetik, plastik əməliyyatla bağlı hansısa ayəmi var? Ümumiyyətlə, bu patriarxal düşüncənin dinimizi gözdən saldığını görmürlər? Bu insanlar qəbul etmək istəmirlər ki, bir qadın kişilərlə birlikdə təhsil ala bilər, işləyə bilər, sosial fəaliyyətdə iştirak edə bilər. Qısası, bu fikirlər başdan-ayağa absurd və gülüncdür”, – deyə Miri fikrini yekunlaşdırıb.
Mərahim Nəsib,
KONKRET.az

Bizimkilər zaman keçdikcə, daha da qorxulu olurlar…
P.S. Nurun bol olsun, Sabir əfəndi.