Ermənistanda müxalif qüvvələrin bir araya gələrək vahid fəaliyyət göstərməsi məsələsi yenidən gündəmə gəlib. İyunun 21-də Ermənistan Milli Konqresi (EMK) müxalifətə müraciət edərək “Yox” hərəkatının vahid rəhbər orqanının yaradılmasını və növbədənkənar seçkilər tələbi ilə birgə etiraz aksiyalarının keçirilməsini təklif edib.
KONKRET.az xəbər verir ki, Ermənistan Demokrat Partiyasının sədri Aram Sarkisyan Sputnik Ermənistan-a açıqlamasında siyasətdə “dəvət edilən qonaq” anlayışının olmadığını, əsas məsələni müxtəlif siyasi qüvvələri ətrafında birləşdirəcək təşəbbüskarın meydana çıxmasında gördüyünü bildirib.
Onun sözlərinə görə, ən azı 5-7 siyasi qüvvəni bir araya gətirən ideoloji platforma formalaşarsa, daha geniş ictimai dəstək qazanmaq mümkün olar.
“Bütün müxalifətin bir masa arxasında toplanacağını təsəvvür etmək çətindir. Bunun üçün ortaq ideoloji baza lazımdır. Əks halda, sadəcə mitinq çağırışları etmək və heç bir əməli addım atmamaq cəmiyyətdə məyusluq yaradır”, – deyə Sarkisyan qeyd edib.
Partiya rəhbəri bildirib ki, Demokrat Partiyası müxalifətin atacağı istənilən konstruktiv addımı dəstəkləməyə hazırdır.
O, hesab edir ki, ilk növbədə hakimiyyət dəyişikliyi baş verməli, yalnız bundan sonra yeni idarəetmə modelinin müzakirəsinə başlanmalıdır.
“Əsas məqsəd hakimiyyət dəyişikliyidir. Daha sonra yeni idarəetmə sisteminin formalaşdırılması məsələsində biz mütləq dəstək verəcəyik. Hakimiyyət qolları arasında balans təmin edilməlidir ki, heç biri digərinə üstünlük etməsin”, – siyasətçi vurğulayıb.
O, əlavə edib ki, hazırda Konstitusiya Məhkəməsinə müraciət edən siyasi qüvvələrin əsas vəzifəsi cəmiyyətin etimadını yenidən qazanmaq və dəstəyini təmin etməkdir.
Müşviq Tofiqoğlu
KONKRET.az
