İşçilərə vacib xəbər: Bu hallarda 7 gün məzuniyyət almaq mümkündürbackend

İşçilərə vacib xəbər: Bu hallarda 7 gün məzuniyyət almaq mümkündür

Azərbaycanda işçilərin toy, yas və digər ailə-məişət məsələləri ilə əlaqədar məzuniyyət hüquqları qanunvericiliklə tənzimlənir.

Bəs belə hallarda işçilərə neçə gün məzuniyyət verilir və həmin müddət üçün əməkhaqqı ödənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Toğrul Məmmədov bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 130-cu maddəsinin “i” bəndinə əsasən, işçilərə ailə, məişət və digər sosial məsələlərin həlli məqsədilə 7 təqvim gününədək ödənişsiz məzuniyyət verilə bilər.

Toğrul Məmmədov

Onun sözlərinə görə, bu hüquq ailə üzvünün xəstələnməsi, yas mərasimi, köçmə, sənədləşmə işləri və digər sosial xarakterli halların həlli üçün nəzərdə tutulub.

“Qanunvericiliyə əsasən, işçi belə məzuniyyətdən istifadə etmək üçün işəgötürənə yazılı ərizə ilə müraciət etməlidir. İşəgötürən müraciətə baxaraq müvafiq qərar qəbul edir. Məzuniyyət müddətində işçiyə əməkhaqqı ödənilmir, lakin onun iş yeri və vəzifəsi qorunub saxlanılır”, – deyə hüquqşünas qeyd edib.

T.Məmmədov vurğulayıb ki, qanunda nəzərdə tutulan 7 günlük müddət təqvim günləri ilə hesablanır və buraya istirahət, eləcə də qeyri-iş günləri də daxildir.

Hüquqşünasın sözlərinə görə, bu norma əmək münasibətlərində sosial təminat funksiyası daşıyır və işçilərin şəxsi problemlərini hüquqi çərçivədə həll etmələrinə imkan yaradır.

Beləliklə, işçilər toy, yas, ailə və məişət məsələləri, köçmə və digər sosial xarakterli səbəblərlə əlaqədar il ərzində 7 təqvim gününədək ödənişsiz məzuniyyət götürə bilərlər. Bu müddətdə əməkhaqqı hesablanmasa da, onların iş yerləri və əmək münasibətləri tam şəkildə qorunur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*