Ədəbiyyatda qəribə bir paradoks var: insan bəzən ən çox borclu olduğu yazıçını ən tez unudur. Və ya daha pis – onu tənqid etməyi bir növ “inkişaf əlaməti” kimi görür. Sanki qələm tutan kimi ilk sınaq – özündən əvvəlkiləri “aşmaq” yox, onları “kiçiltmək” olur.
Amma unudulan bir həqiqət var: biz çox şeyə sıfırdan başlamamışıq.
Anar Rzayev kimi yazıçılar bizim üçün sadəcə müəllif olmayıb – onlar düşüncə məktəbi, baxış bucağı, hiss etmə tərzi olub. Onun əsərləri ilə böyüyən nəsil həyatın incəliklərini, insan münasibətlərinin qatlarını, səssiz ağrıların səsini orada tapıb.

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” sadəcə bir roman deyil. O, metaforadır. O, mümkün olmayanın arxasınca getmək cəsarətidir. O, insanın öz daxili mərtəbələrini aşmaq hekayəsidir. Biz o əsəri oxuyanda yalnız bir sevgi hekayəsi görmədik – biz özümüzü gördük. Çatmadığımız yerləri, çatmaq istədiyimiz arzuları gördük.
Bəs necə olur ki, o “altıncı mərtəbəyə” qalxmağı öyrəndiyimiz yazıçını, zirvəyə bir az yaxınlaşan kimi tənqid etməyə başlayırıq?
Bu, bəlkə də insanın təbiətində olan bir zəiflikdir – kökünü unutmaq. Halbuki ədəbiyyatda yüksəlmək, əvvəlkilərin çiyinləri üzərində dayanmaq deməkdir. Əgər bu gün kimsə daha sərbəst yazırsa, daha cəsarətli düşünürsə, bunun təməlində məhz o nəsil dayanır.
Anarın əsərlərində bir səmimiyyət var. O, pafosdan uzaqdır, amma dərindir. Onun qəhrəmanları “ideal” deyil – realdır. Onlar səhv edir, tərəddüd edir, sevir, itirir. Və məhz buna görə oxucu özünü orada tapır.
“Ağ liman” əsərindəki o sakitlik, o daxili boşluq hissi – müasir insanın tənhalığını necə də incə çatdırır. “Dantenin yubileyi” isə həm ironik, həm də düşündürücü üslubuyla insanın özünü və cəmiyyətin ona verdiyi rolları sorğuladır.
Anarın gücü bundadır – o, qışqırmır, amma eşidilir. O, zorla təsir etmir, amma içində iz buraxır.
Və bəlkə də ən önəmlisi – o, hələ də yazır. Bu yaşda belə yazmaq, düşünmək, ədəbiyyata nəsə qatmaq istəyi – bu, sadəcə peşəkarlıq deyil, bu, sevgidir. Ədəbiyyata, sözə, oxucuya sevgi.
Belə insanları tənqid etmək asandır. Amma anlamaq – daha çətindir. Çünki anlamaq üçün oxumaq, hiss etmək, qəbul etmək lazımdır.
Bəlkə də problem ondadır ki, biz Anarı oxumuşuq, amma tam dərk etməmişik. Ya da dərk etdiklərimizi zaman keçdikcə unutmuşuq.
Halbuki həqiqət sadədir:
Biz o “altıncı mərtəbəyə” özümüz qalxmamışıq. Bizə yolu göstəriblər.
Və o yolu göstərənləri unutmaq – təkcə ədəbi yox, insani naqislikdir.

Tural müəllimdə maraqlı bir balans var, həm çox şey demir, həm də deyilməyənlər daha çox hiss olunur. Bu hamıda olmur. Uğurlar