“Bizim tariximizdə qadınlarımız haqqında da heç bir şey deyilmir” – Erməniliyi ifşa edən əsərbackend

"Bizim tariximizdə qadınlarımız haqqında da heç bir şey deyilmir” - Erməniliyi ifşa edən əsər

Akif Əli, fəlsəfə doktoru,
yazıçı-publisist

Erməniliyi ifşa edən əsər

“Erməni məsələsi” dünyaya çıxandan “zavallı” tayfanın hər tində car çəkdiyi sevimli ifadə budur: “Biz qədim və mədəni xalqıq!”

Bəs görəsən, belə “əlahiddəlik” xəstəliyindən əziyyət çəkən tayfanın beynini zəhərləyən, mənəviyyatını deqradasiyaya uğradıb şovinizm bəlasına düçar edən “ən… ən… ən…” iddiaları haradan baş alıb gəlir? Kimlər bu tayfanın qanına “qorxulu peyvəndi” yeridib hamısını çarəsiz azara düçar edib?

Erməni şovinizminin “tarixi” çoxlu yazılarda, bitib-tükənməyən makulatur ədəbiyyatda yer alıb. Yalan mexanizminin, şər-böhtan təbliğatının əsrlər boyu yaratdığı saysız-hesabsız mənbələrdən “xəstəlik tarixini” araşdırıb yazmaq samanlıqda iynə axtarmaq qədər çətindir. Hörümçək toru kimi düzü-dünyanı bürümüş “erməni xəstəliyinin” saxta məxəzlərdə əks olunan saysız həcmindən biz yalnız bir mənbə üzərində dayanaq: yazıçı Raffinin “Samvel” tarixi romanına qısaca nəzər salaq. Bir bu “damlada” bütün dəryanın xəstəlik simptomları görünür. 

Eramızın IV əsrindən bəhs edən roman 1971-ci ildə İrəvanın “Hayastan” nəşriyyatında 100 000 tirajla çap olunub. Müəllifi Akop Məlik-Akopyan (Raffi) 1835-ci ildə İranda doğulub. Farsların həyatından çoxlu povest, hekayə və oçerklər yazıb. 1870-ci ildə Tiflisə köçüb, burada ardıcıl ədəbi fəaliyyətlə məşğul olub. “Samvel” romanını yazanda Raffi əsas mənbə kimi V əsr salnaməçisi Pavstos Buzandın “Erməni tarixi” adlı əsərinə istinad etdiyini göstərir. P.Buzandın kitabından ayrı-ayrı parçalar sitat şəklində roman boyu paylanıb, sonra isə həmin tarixi sitatları  yazıçı öz təxəyyülündən keçirərək müasirləşdirib.

Əsərin yazılma səbəbini izah edən Raffi deyir: “Bizim tariximizdə xalq tamamilə unudulmuşdur… Bizim tariximizdə xalq yoxdur – yalnız hökmdarlar var. Biz erməni kəndlisinin necə yaşadığını bilmirik, onun öz ağaları ilə hansı münasibətdə olduğunu, nə yeyib-içdiyini, nə təhər paltar geydiyini, necə sevindiyini, şadlandığını bilmirik. Biz erməni çobanının hansı heyvanları otardığını bilmirik. Bizim tariximiz bütün bunlar barəsində susur… Bizim tariximizdə hətta xalqımızın ən əzəmətli qüvvəsi olan qadınlarımız haqqında da heç bir şey deyilmir.”

Fikir verin, əgər 200 il bundan qabaq erməni yazıçısı qədim mənbəyə əsaslanaraq əminliklə – “Bizim tariximizdə xalq yoxdur” – deyirsə, bəs bugünkü millətçi-şovinistlər və onların yedəyində gedən muzdlular ermənilərin “qədim – mədəni xalq” olduqlarını hansı dərslikdən oxuyub əzbərləyiblər? Axı, bu “qədim-mədəni xalqı” təşkil etməli olan nə sənətkarlar, nə tacirlər, nə kəndlilər və nə də qadınlar haqqında tarixdə heç bir məlumat yoxdur! Əcəba “qədim – mədəni xalq” deyəndə kimlər nəzərdə tutulmalıdır?

“Bizim qədim ədəbiyyatımız kilsə yazılarından o yana getməyib… Bizim qədim ədəbiyyatda həyatın və adətlərin, ailənin və ictimai münasibətlərin təsviri yoxdur… ”, – deyən Raffi nəhayət, tarixi büsbütün ələk-vələk edib, öz xalqı haqqında heç bir məlumat tapmayanda, özü “tarixin səhvini” düzəltmək qərarına gəlir: “Etiraf edim ki, ədəbiyyatımızın bir belə kasıb olduğu səbəbindən… “Samvel” məni çoxdan düşündürürdü.”

Erməni xalqına qarşı “ədalətsizlik” edib yaddaşında heç bir məlumat saxlamayan dünya tarixinin “boşluqlarını” doldurmaq üçün Raffi başqa mənbələrə üz tutub çox “orijinal” bədii priyom tapır: “Mən müasir ermənilərin məişətindən istifadə etdim… Ermənilərin qədim farsların və midiyalıların həmsoyu hesab edərək və məişətdə də bu xalqlardan az fərqləndiyini nəzərə alaraq, həmin xalqların həyatından da bir çox şeyləri köçürməyi mümkün hesab etdim… Ermənistana köçürülənlərin arasında çoxlu xaldeylər, assuriyalılar, parfiyalılar, induslar, çinlilər və yəhudilər olmuşdur. Mən onların adət və ənənələrindən də bəhrələndim…”

Mərhəba! Kağız üzərində ideal “xalq” obrazı yaratmaq üçün az zəhmət çəkilməyib! Budur, müasir  ermənilərin fəxr etdikləri “qədim-mədəni xalqın” necə əmələ gəldiyi göz qabağındadır!

***

“Samvel” romanında ədib qarşısına qoyduğu mücərrəd ideyaları böyük səbr və şövqlə reallaşdırmağa başlayır. Hər yeri gəldikcə, fürsət düşdükcə az qala bütün oxuyub bildiyi dəyərləri, eşitdiyi tarixi-coğrafi məkanları “erməniləşdirib” bir çatı altına yığır. Bu prosesə o dərəcədə aludə olur ki, necə deyərlər, qafiyəsi uyğun gəldi-gəlmədi sevimli “erməni” kəlməsini hər yerə səpələyir: “Erməni günəşi”, “Erməni torpağı”, “Erməni mahnısı”, “Erməni allahları və məlakələri”, “şanlı Erməni knyazları”, “qeyri-adi dərəcədə gözəl Erməni incəsənəti”, “Erməni Mesopotamiyası”, “Böyük Erməni Qanqı – Arasani” (Fərat çayını nəzərdə tutur – A.) və s. Bu – artıq xəstəliyin simptomlarıdır!  

Romanda özgə xalqlardan məharətlə “bəhrələnmənin” nəticəsi olan xeyli gözəl “erməni sözü” ilə tanış oluruq: “Xurcun”, “Qamış”, “Taz”, “Dev”, “Ləl”, “Cida”, “Taxt”, “Şal”, “Karvan”, “Tənə”, “Parça” və s. M.Ə.Sabir demişkən: “Əcəb gülməlisən, xanimanxərab!”

Ermənilərin mənşəyinin, etnik köklərinin “cilalanması”, onların mümkün qədər geniş ərazilərdə “yerləşdirilməsi” naminə çox “cəsarətli” iş aparan ədib, erməniləri “qədimləşdirmək” və “Ermənistan” adlanan əraziləri “Böyütmək” üçün, əzmlə xeyli münbit əraziləri mənimsəyir: “Arasani geniş Muş dərəsini iki yerə ayırır. Çayın bərəkətli sahillərində yerli xalqlardan başqa, uzaq Qanq sahillərindən köçüb gəlmiş xalqlar da məskən salmışdılar. Hindlinin xışı Ermənistan günəşi altında bərq vururdu və hindli əkinçinin oxuduğu erməni mahnısı şəfəqli Taron sabahının sükutunda eşidilirdi…. Arasani sahillərində başqa bir xalq da yaşayırdı, bunlar tədricən ermənilərə oxşamağa başlamış Xuanxe sahillərindən gəlmə çinlilər idi: onlar burada özlərinə sığınacaq taparaq erməni torpaqlarını yumşaltmaqla məşğul idilər… Tovuz quşu Mamikonyanlar nəslinin sevimli quşu idi və onlara əvvəlki vətənləri olan Çini xatırladırdı.”

Erməni əlifbasının yaradıcısı sayılan (bu əlifbanın da qədim Efiopiya əlifbasının təkrarı olduğu bəllidir!) Mesrop Maştosun dediklərindən: “Biz hamımız ya Yunan, ya da Suriya mədəniyyətinin yetirmələriyik, bizim milli hisslərimizi dağıdıb yox edən Bizanslığın yetirmələriyik. Başqa kimdir ki, bizim bu bədbəxt xalq?… Ermənistanda və İranda çarlıq edən sülalələr eyni bir Parfiya və Arşakilər nəslindən törənmişlər. Erməni və fars çarları qardaşlıq münasibətində idilər.”

Bütün bunları oxuduqca düşünürsən: görən ermənilərin törənməsində dünyanın neçə xalqı iştirak edib?!

“İdeal xalq” obrazı yaratmaq məqsədilə Raffi bir çox xalqların həyat tərzində, məişətində, mədəniyyətində olan əşya və predmetlər daxil dəyərli nə varsa sadəcə “bəhrələnmək” xatirinə səfərbərliyə alır: …Voqakan qəsrində taxtın üstünə, yerə yumşaq, bahalı, əlvan xovlu parçalar döşənmişdir, divara pələng dərisi vurulmuşdur, qalxan, şiş uclu və cıqqalı dəbilqələr, düz və əyri qılınclar, dəstəyi daş-qaşla bəzədilmiş xəncərlər asılmışdır. Qulluqçu Samvelin əlinə aftafadan su tökür, sonra saçını fil sümüyündən düzəldilmiş daraqla darayır, başına çalma qoyur, alnına aypara asır, gözünə sürmə çəkir, əyninə şalvar geyindirib üstdən qurşaq bağlayır, çiyninə uzun əba salır və s. Türk-Fars-Hind-Çin qiyafəli Samvelin anası da eynən qaşlarının ortasından gümüş aypara, burnundan tənə asır, barmaqlarına yaqut qaşlı üzüklər, qulaqlarına qızıl sırğalar, yaxasına muncuq taxır…

Hadisələrin təsvirindən aydın olur ki, Xristian dini erməniləri qardaş saydıqları farslardan ayırıb “zalım Bizanslara” yaxınlaşdıran amil olub. Ermənilər iki od arasında qalıblar, hansı tərəfə yaxınlaşsalar, dərhal “alovlanacaqlarını” başa düşüblər. Və müəllif yazır:  “Bax, erməni çarlarının ikiüzlüyü burdan gəlir… Vəziyyətddən asılı olaraq, onlar gah Bizans tərəfə meyl göstəriblər, gah da farslara. Onlar üzlərini Bizansa tərəf tutanda farslar arxadan təpikləyib, yaxud da əksinə…” 

Romandakı bir epizodda göstərilir ki, “yol boyu ağır yükə çevrilməmələri üçün” erməni döyüşçüləri əsir götürdükləri fars əyanlarının diri-diri dərisini soyub, yerinə saman təpmək və bu cür yüngül “müqəvvaları” yola götürmək qərarına gəlirlər. Bu göstərişi verən Muşeq öz soydaşlarına deyir: “Mən bu vəhşi göstərişi çox böyük bir həzzlə verirəm. Mən əmr edəcəm ki, altı yüz fars əyanının dərisi soyulsun və onlardan düzəldilən müqəvvalar Erməni çariçasına hədiyyə göndərilsin; qoy o, öz qəsrinin qüllələrini  bu insan müqəvvaları ilə  bəzəsin… Müqəddəs qisas borcu məni məhz bu cür hərəkət etməyə çağırır. Bizim əcdadlarımız da belə vəsiyyət edib ki, “yaxşı-yaman  baxmadan”, yalnız öz işinizi görün…”

Əminəm ki, üzdəniraq qonşuların daim yamanladığı Azərbaycan xalqı arasında Muşeqin dediklərini anlayışla qarşılayacaq kimsə ola bilməz! Çünki Muşeqin dediklərini ancaq o adamlar anlaya bilər ki, onların ənənəvi peşəsi adamyeyənlik, goreşənlikdir! İndi məlum olur, niyə ermənilər işğal etdikləri Qarabağ  torpaqlarında qəbirləri eşir, dağıdır, cənazələri çıxarır, meyitlərin dişini sökür, üst-başını axtarır, hətta qəbir daşlarını da aparıb üstündəki yazıları silərək öz ölülərinə istifadə edirdilər… Goreşənlik bunların qədim peşəsidir!

Kitabda heç bir xalqa şərəf gətirməyən oxşar lövhələr çoxdur. Bir növ “bayquş” psixologiyasına əsaslanan erməni çariçasının dedikləri isə əsil faşist ideologiyasıdır. “…Əgər çar və çariça qan tökərsə, bu cinayət sayılmır, allahlar kimi onların da buna haqqı var. Onlar bu işi insanların naminə edirlər. Onlar səfehləri arıtlayırlar ki, yaxşılar xilas olsun.”  Görünən odur ki, guya tapındıqları Xristian dininin də elementar ayələrinə (“Özün yaratmadığını öldürmə!”) sadiq olmayan saxtakar ermənilər daha çox “satanizmə” meyllidirlər.

Aclığın, səfalətin gətirdiyi işgəncələri, ölənlərin əzabını, çürüməkdə olan meyidlərin  doğurduğu dəhşətli hissləri bütün təfərrüatı ilə, az qala ləzzət dadaraq qələmə alan yazıçının  ehtirasla yaratdığı başqa bir epizoda fikir verək. Döyüş zamanı farsların əsir götürdükləri ermənilərin arasında qorxusundan ev-eşiyini atıb qaçan feodalların qızları, arvadları da vardı. Xədimlər onları lüt soyundurub meydanda tamaşaya çıxarır: “…Adlı-sanlı kübar qadınlar qoşunun qarşısında çılpaq dayanmışdılar. Əsgərlər qadınları dövrəyə alıb dörd gözlə tamaşa edirdilər.” Sonra bu qadınları arabalara qaldırmağa başladılar. “Arabanın ortasına dar ağacı kimi bərkidilmiş uzun payalar iki tərəfdən kəndirlə dartılıb qıraqlara bağlanmışdı. Bədbəxt qurbanları bu kəndirlərin üstü ilə yuxarı sürüyüb şişə taxırlarmış kimi, payanın iti ucuna keçirirdilər. Yarımca saatın içində meydan payalardan asılı qalan çılpaq meyitlərlə dolmuşdu. Lakin bu cəsur cəfakeşlərin necə bir əzmlə dəhşətli cəza maşınına doğru getmələri hətta ölümün özündən də təsirli idi. Payaların üstünə qalxarkən kübar qadınlar sanki əbədi həzz yoluna qədəm qoyurdular.”

Bu işgəncə səhnəsində “kübar qadınlar” ifadəsinin tez-tez xüsusi vurğulanması elə təəssürat yaradır ki, hadisədə narahatlıq doğuran payalara keçirilmiş erməni qadınlarının müsibəti yox, məhz “kübar qadınların” işgəncə çəkməsidir. Sanki farsların payalara keçirtdikləri “kübar” deyil də, sadə qadınlar olsaydı, hadisə bir o qədər əhəmiyyətli olmayacaqdı.

Əcdadlarının bütün bu “qanlı-qadalı” xasiyyətləri barədə məlumatları bildikdən sonra, ermənilərə məxsus səciyyəvi xüsusiyyətlərin kökünü Freyd nəzəriyyəsi əsasında araşdırmaq mümkündür. Freyd göstərir ki, “əgər ata cod, əzazil adamdırsa, uşağın Üst Məni (Super Eqosu) atanın həmin xasiyyətlərini özünə götürəcəkdir. Belə uşaqda “Mən”ə nəzarət edən daxili senzor sadist olur. Yəni o, danlamaqdan, işgəncə verməkdən xüsusi həzz alır. Belə uşağın “Mən”ində mazoxizm,  işgəncə çəkməkdən ləzzət almaq əlamətləri də üstünlük təşkil edir.”

İşgəncədən həzz alan müasir mazoxist “uşaqların” cod, əzazil xasiyyətini formalaşdıran “ata” xasiyyət barədə informasiyalar sözügedən romanda boldur.

***

…Hadisələri kulminasiyaya doğru aparan ədib üç erməni qəhrəmanını Aştişat monastrında görüşdürür. Onların söhbəti ermənilərin taleyi barədədir. Mesropun dədə-babaları barəsindəki eyhamlarına cavab olaraq, Saak qəzəblə deyir: olmaya sən “bizim dədə-babalarımızın səhvini bizi bütpərəstlik bataqlığından çıxardıb xristianlıq işığı ilə rövnəqləndirməsində görürsən?” Mesrop isə heç Xristianlığın da ermənilərdə əsaslı dəyişiklik yaratmadığını bildirir: “…Xalq əvvəl necə vəhşi idisə, indi də elə qalıb… Bizdə xalqın maarifləndirilməsi işi yalan, hətta mən deyərdim tamamilə ziyanlı əsaslar üzərində qurulub.” Millətinin rüsvayçı tarixini öyrənən zavallı yazıçı da az qala utana-utana ritorik sual verir: “Görəsən nə üçün bizim çarlar Xristianlığı qəbul etdikdən sonra nəcibləşmək əvəzinə, daha da qəddarlaşır və daha çox cinayətlər törədirdilər?” Demək, məntiqlə müəllif “Xristianlığı qəbul etməmişdən qabaq” əcdadlarının “qəddar və cinayətkar” olduğunu prinsipcə inkar etmir. Sadəcə onu narahat edən cəhət nəslin Xristianlıqdan sonra niyə nəcibləşmədiyi, “daha da” qəddarlaşması və “daha çox” cinayətlər törətməsidir. Yazıçı hətta “qədim-mədəni erməni xalqı” haqqında daha amansız həqiqətlərə rast gəldikcə həyəcanlanır: “Doğrudanmı onlar din xadimlərini qəddarcasına qırıb-çatmağa qadir vəhşilər olublar?!”

Bəli, Qarabağda dini abidələrə, məscidlərə göstərdiyi münasibət sübut edir ki, bu tayfa həmişə belə olub, belə də qalıb! Din onlar üçün ruhani, mənəvi yox, siyasi amildir. Təəssüf ki, dünyanın Xristian ölkələri onlardan daim dəstək alan və ianələri ilə  dolanan hiyləgər ermənilərin Xristianlığa münasibətdə ikiüzlü, saxtakar mövqeyindən xəbərsizdir.

Romanın kompozisiyasına daxil olan “Mötərizədə” başlıqlı bölmədə diqqət cəlb edən bir çox sitatlar var: “Beş erməni çayı – Dəclə, Fərat, Kür, Araz və Fazisdir.” Yaxud: “Əsrlər boyu knyaz nəsillərinin artması nəticəsində məlumdur ki, vilayətin gəliri onları saxlamaq üçün kifayət etmirdi. Belə hallarda naxararlar (feodallar – A.)  adətləri üzrə yeni vilayətlər əldə etmək üçün öz qonşularının torpaqlarını zəbt edirdilər.”

Ermənilərin “qonşu torpaqlarını zəbt etmək” kimi qədim adətlərinin olduğunu etiraf edən müəllifin sonrakı fikri daha diqqətçəkəndir: “…Özlərinə məxsus adətləri, maraq dairələri olan çoxlu müstəqil naxararlar mövcud idi. Ona görə də təbii ki, bu parçalanmış knyazlıqlardan yeganə bütöv avtokrat dövlət yarana bilməzdi…” (səh. 148)

Diqqət! “Parçalanmış knyazlıqlardan yeganə bütöv avtokrat dövlət yarana bilməzdi!”– deyilir. Elədirsə müasir ermənilərin gecə-gündüz göz yaşları axıdaraq, saxta xəritələr çızıb dünyaya yaydığı “Böyük Ermənistan” dövləti haradadır?! Əgər əsərdə istinad edilən tarixi mənbədə V əsrə qədər bu olmayıbsa, ondan sonrakı dövrlərdə tarix ümumiyyətlə, erməni dövləti anlayışını tanımır. Yalnız 1921-ci ildə bolşevizm Azərbaycan əraziləri hesabına indiki “Ermənistan” adlanan ilk erməni dövlətini yaradıb! Bəs “Böyük Ermənistan” hansı planetdə olub?! Hər halda klassik erməni ədibinin də etiraf etdiyi kimi, Yer planetində belə bir bütöv dövlət mövcud olmayıb!

Tarixi sitatlardan aydın görünür ki, V əsrə qədər erməni tayfasında müasirlərinin fəxrlə öyündüyü “mədəni xalqın” əcdadları olan çoxlu “dilənçilər”, “qanun pozanlar”, “avaralar” dolaşırmış və hətta saysız-hesabsız “cüzamlıların”, “azarlıların”, “yetim-yesirin”, “şillərin”, “şikəstlərin” ortadan yığışdırılması üçün xüsusi yataqxana və  xəstəxanalar tikmək zərurəti yaranıbmış. Yenə də sual doğur: müasir dünya “Biz qədim-mədəni erməni xalqıyıq” iddiasını eşidəndə kimləri nəzərdə tutmalıdır? “Vəhşi” çarları, feodalları, keşişləri? Yoxsa haqqında danışılan dilənçi, cinayətkar, avara, şil kütləni?!

Yeri gəlmişkən, o vaxt Böyük Nerses bütün bu “artıq adamları” bir yerə toplayıb “nəhəng monastırda kilsə icmasına çevirmək” niyyəti yalnız 1600 ildən sonra, XX əsrdə reallaşıb. Çar Rusiyasının müxtəlif yerlərdən yığıb Qafqaza gətirdiyi sərgərdan tayfa Rus-Sovet imperiyasının itaətinə keçəndən sonra, “Respublika” örtüyü altında arzuladıqları unikal “Kilsə-Dövlət” qurumu yaradılıb. İndi “Ermənistan” adlanan dövlətlə “Eçmiazdin” kilsəsi eyni konsepsiya əsasında bir icma kimi fəaliyyət göstərir.

***

…Tarixi ələk-vələk edərək öz xalqı haqqında ürəkaçan xoş bir fakt tapmayan yazıçı Raffi qərara gəlir ki, heç olmasa qonşularını öz səviyyəsinə endirmək hesabına regionda “balans” yaratsın. İri həcmli tarixi romanda ətraf xalqların heç biri haqqında bir kəlmə də xoş söz deyilmir, onların mövcudluğu ya inkar edilir, ya da lənətlə xatırlanır. Müəllif ermənilərin müsəlman aləminə olan nifrətinin hətta qardaş hesab etdikləri farslara belə yönəldiyini göstərir: “Xain Pars”, “Şərəfsiz, alçaq cani”, “Parsların vəhşiyanə hakimiyyəti”, “Əclaflar”, “Vəhşi heyvanlar”, “Şərəfsiz Pars çarı”, “Alçaq düşmənlərimiz” və s.

Atalar misalı var: yanlış da bir naxışdır. Romandakı belə bir “yanlış-naxış” ermənilərlə Albanların münasibəti haqqındadır. Sonralar Albanlarla erməniləri  “eyniləşdirib” yuxarı Qarabağ daxil, qədim Albaniyanı “Böyük Ermənistan” xəritəsinə salan müasir saxtakarların əleyhinə olaraq, Raffi açıq-aydın göstərir ki, qədimdən  ermənilər üçün Albaniya ayrı bir ölkə imiş, ermənilər və Albanlar başqa-başqa, hətta ziddiyətdə olan etnoslar imiş. Və ermənilər Albanların “yumruğundan” xilas olmaq üçün yollar axtarırlarmış. Çağdaş Azərbaycan xalqının söykökündə var olan Albanların ermənilərə inamsızlıq göstərib onları “kələkbaz” kimi tanıması və qovması epizodu saxtakarların kələk gəldiyi bütün Xristian dünyasında onları ifşa edilib layiq olduğu hala salmaq üçün ideoloji mübarizədə çox əhəmiyyətli detaldır!

Erməni müəllifin qələmə aldığı romanda “mənimsəmə”, “özəlləşdirmə” üsuluna dair misal olaraq, Dəclə və Fərat çaylarının, Van gölünün, onun ətrafının, Araz çayının, Naxçıvanın, Atrpatakanın, ümumiyyətlə, Türkiyə, Şərqi Gürcüstan və Cənub-Şərqi Azərbaycan ərazilərinin böyük “səxavətlə” erməni əraziləri kimi təqdim edilməsi mühüm ifşa edici materiallardır.

Ədibin qələmə aldığı “Anuş qalası” adlı “erməni rəvayəti” də heyrətləndiricidir. Rəvayətdə deyilir ki, “böyük İran memarı” Fərhad erməni çarının qızı Anuşa (Anuş – ermənicə “şirin” deməkdir – A.) aşiq olur. Anuş Fərhada deyir: əgər mənə layiq olduğunu sübut etmək istəyirsənsə, qayaların üstündə gözəl bir imarət tik. Bir neçə il qayalardan çəkic, külüng səsi əskik olmur. Nəhayət, imarət hazır olanda Fərhada xəbər çatır ki, bəs Anuş başqasına ərə gedir. Anuşun vəfasızlığını eşidən Fərhad dərhal əlindəki ağır çəkici göyə tullayır və “çəkic havada dönüb onun təpəsinə düşür, isti qan Fərhadın bacarıqlı əlləri ilə yaradılmış gözəl əsərlərin üzərinə çilənir…” Beləcə “Şirin” – “Anuşa” dönür, “külüng” – “çəkicə” dönür, dahi Nizami Gəncəvinin dünyaca məşhur poeması “qədim erməni rəvayətinə” dönür. Bu “dönüklük” erməni “ziyalılarının” iş üslubunun, saxtakar xislətinin, fitnə-fəsadla dolu həyat və düşüncə tərzinin mahiyyətidir.

Ermənilərin genetik mənşəyi ilə bağlı Raffi yazır: erməni Merujan Arsruninin “əcdadları olan assuriyalıların qanı ermənilərin və bir də Caymar qəsrindəki “vişapidlərin” qanı ilə qarışmışdır.” Knyaz arvadı Amazaspui isə Vaqana belə deyir: “Vaqan, əgər sənin mülahizələrinlə razılaşsaq ki, doğrudan da Arşakilər gəlmə parfiyalılar kimi ermənilərə yaddırlar, onda biz hamımız Ermənistana yad olduğumuzu boynumuza almalıyıq. Çünki biz Mamikonyanlar – çinlilərik, sənin sevimli Merujan dostunun əcdadları assuriyalılardır, o cümlədən, bir çox naxararlarımızın da əcdadları yad ellərdən gəlmələrdir. Lakin zaman bizim hamımızı erməni etmişdir. İndi hamımız erməni dilində danışırıq, erməni dininə tapınmışıq və ermənilərlə doğmalaşmışıq.”

Bu minvalla erməni tayfasının yersiz-yurdsuz, qarışıq soykökə malik gəlmələr olduğu barədə ifşaedici tarixi faktlarla zəngin romanın kulminasiya nöqtəsinə çatırıq.

“Qədim və mədəni erməni xalqının” qəhrəmanlıq tarixindən bəhs edən məşhur roman sonda əsərin qəhrəmanı Samvelin öz ata-anasını qılıncla qətlə yetirməsi, kənardan seyr edən kütlənin isə ruh yüksəkliyi içində hayqırtıları, sevinc və həzz duyğularının atəşfəşanlığı ilə başa çatır. “Qədim və mədəni xalq” ata-ana qatili olan milli qəhrəmanını alqışlayır…

Nəsillərə nümunə və gənclərə təlqin timsalı kimi yaradılmış belə qəhrəman obrazını Tanrı heç bir millətə qismət eləməsin! Və heç bir xalqı bu cür vəhşi instinktlərlə yaşayan “mədəni xalqla” üz-üzə qoymasın!

Amin!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*