Azərbaycanda ən yaşlı rektorlardan biri də Natiq İbrahimovdur. Bu ilin mart ayında onun 73 yaşı tamam olub.
KONKRET.az xəbər verir ki, Natiq İbrahimov 1953-cü il martın 28-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. İlk təhsilini doğulduğu Mıxlıqovaq kənd orta məktəbində alıb. 1972-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsində ali təhsilini davam etdirib. Gənc yaşlarından elmə marağı ilə seçilən İbrahimov universitet illərindən sonra da elmi mühitdə fəaliyyətini davam etdirib.
1979-cu ildən əmək fəaliyyətinə başlayan Natiq İbrahimov Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb. O, əvvəlcə Hesablama mərkəzində riyaziyyatçı-proqramist, daha sonra Tətbiqi riyaziyyat fakültəsinin hesablama laboratoriyasında riyaziyyatçı-proqramçı kimi fəaliyyət göstərib. 1985–1992-ci illərdə isə fakültənin tədris laboratoriyasının müdiri və eyni zamanda müəllim kimi fəaliyyətini davam etdirib.

Fotod: Natiq İbrahimov
Sonrakı illərdə onun karyerası daha geniş miqyas alıb. 1993-cü ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif məsul vəzifələrdə – aparıcı inspektor, aparıcı məsləhətçi və baş məsləhətçi kimi çalışıb. 2014-cü ildən isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində fəaliyyətini davam etdirib.
Qeyd edək ki, Natiq İbrahimov 2016-cı il may ayından 2021-ci il aprelin 23-nə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib. O, 2021-ci il aprelin 23-də Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.
Prezident İlham Əliyevin Sərəncam ilə Natiq İbrahimov 23 aprel 2026-cı ildə yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin olunub.
