Luis Moreno Okampo və onun oğlu Tomasın iştirakı ilə yayılan videogörüntülər barədə minval.az saytında dərc edilən material adi informasiya qalmaqalı çərçivəsindən kənara çıxır. Söhbət təkcə Azərbaycana qarşı səsləndirilən bəyanatlardan getmir. Məsələ mümkün siyasi şəbəkənin Avropa strukturlarına təsir göstərmək, “insan haqları” mövzusundan təzyiq aləti kimi istifadə etmək və eyni zamanda Ermənistanın daxili proseslərinə müdaxilə etmək cəhdləri ilə bağlıdır.
Bu qalmaqal illərdir fəaliyyətlərini “demokratiyanın müdafiəsi” və “hüquqlar uğrunda mübarizə” kimi təqdim edən dairələrin reputasiyasına ciddi zərbə vurub. Dərc olunan stenoqramdan belə nəticə çıxır ki, gözəl şüarların arxasında lobbi maraqları, siyasi hesablamalar və Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaq cəhdləri gizlənə bilər.
Xüsusilə diqqətçəkən məqam odur ki, müzakirələrin mərkəzində təkcə Azərbaycan yox, Ermənistanın Baş naziri Nikol Paşinyan da yer alıb. Tomas Okampoya aid edilən “Paşinyanı uzaqlaşdırmaq lazımdır” fikri birbaşa siqnal kimi qiymətləndirilir.
Bu ifadə onu göstərir ki, bəzi xarici qüvvələr və erməni lobbi dairələri İrəvanın müstəqil siyasi kurs yürütməsində və Bakı ilə münasibətlərin normallaşmasında maraqlı deyillər. Onlar üçün Ermənistanın daxili böhran, asılılıq və daimi münaqişə vəziyyətində qalması daha sərfəli görünür.
Azərbaycan üçün bu qalmaqal həm də ona görə önəmlidir ki, Qərb strukturlarında Bakıya qarşı təzyiq mexanizmlərinin necə formalaşdırıldığını göstərir. Azərbaycana qarşı qətnamələr, bəyanatlar və kampaniyalar “obyektiv mövqe” kimi təqdim ediləndə haqlı sual yaranır: bu proseslərin arxasında kim dayanır, kim maliyyələşdirir və onlar kimin maraqlarına xidmət edir?
Əsas nəticə aydındır: mübarizə yalnız Azərbaycanın beynəlxalq imici uğrunda aparılmır. Söhbət bütün regionun gələcəyindən gedir.
Bakı ilə İrəvan arasında sülh illərlə öz təsirini münaqişə, qorxu və düşmənçilik üzərində quran dairələrə sərf etmir. Ona görə də bu cür ifşalar susqunluqla qarşılanmamalı, Avropa institutları tərəfindən hərtərəfli araşdırılmalıdır.
Əgər Avropa həqiqətən hüquq, şəffaflıq və demokratiya məkanı olaraq qalmaq istəyirsə, əsas suala cavab verməlidir: lobbi kampaniyaları ilə əlaqəli şəxslər necə olur ki, Avropa platformalarından dövlətlərə təzyiq və regiondakı siyasi proseslərə təsir vasitəsi kimi sərbəst istifadə edə bilirlər?
Bu qalmaqal böyük siyasi ifşanın başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycanla Ermənistan arasında sülh prosesi irəlilədikcə, sülh istəməyən qüvvələr də daha açıq şəkildə üzə çıxacaq.
Natiq Səlim,
KONKRET.az
