Birləşmiş Millətlər Təşkilatı 2024-cü ildə Fransada keçiriləcək Paris Olimpiya Oyunlarında fransalı idmançıların hicab taxmasına qoyulan qadağaya münasibət bildirib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Marta Hurtado jurnalistlərə açıqlaması zamanı məlumat verib.
“Bir qrupa qarşı ayrı-seçkilik tətbiq edilməsi zərərli nəticələrə səbəb ola bilər. Beynəlxalq insan hüquqları standartlarına əsasən dinin, inancın və ya seçimin ifadəsinin məhdudlaşdırılması yalnız təhlükəsizlik və ictimai asayişlə bağlı qanuni narahatlıqları aradan qaldıran xüsusi hallarda məqbuldur”, – deyə Hurtado bildirib.
Qeyd edək ki, Fransanın idman naziri Amelie Oudea-Kastera 26 iyul – 11 avqust 2024-cü il tarixləri arasında Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandalarında idmançıların hicab taxa bilməyəcəklərini açıqlayıb.