Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunu inkişaf etdirməkdir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişaf səviyyəsinə çatdırmaq üçün bir çox sahələr üzrə mühüm işlər görülür. Onlardan ən əsası təhsil sistemində edilən yeniliklərdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar sözügedən sektorun inkişafını əhəmiyyətli dərəcədə artırır.
Müasir dövrdə ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının təkmilləşdirilməsi və inkişafı üçün vacib işlərin görülməsi ilə bağlıdır. Azərbaycanda bu sahənin inkişafı inkişafı prioritet istiqamətlərdən biridir. Ona görə də bu istiqamətdə mühüm işlər görülür. Amma yenə də istənilən nəticə əldə olunmayıb. İstər elm, istər təhsil, istərsə də mədəniyyətin inkişafı ilə bağlı müəyyən addımların atılması zərurətinə ehtiyac yaranmaqda davam edir.
Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması zamanı məzmunun həm elmi baxımdan dəqiq, həm də geniş auditoriya üçün anlaşıqlı və maraqlı olması xüsusi əhəmiyyət daşıyır. Belə proqramların yaş qruplarına uyğun hazırlanması, müxtəlif sahələr üzrə mütəxəssislərin prosesə cəlb edilməsi və praktik vərdişlərin aşılanması isə onların effektivliyini artıran əsas amillərdən hesab olunur.
Bəs bu proqramlar təhsilin keyfiyyətinə və cəmiyyətin maariflənməsinə necə təsir göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, elmi-kütləvi və mədəni-maarif proqramları müasir təhsil sisteminin ayrılmaz tərkib hissəsidir və dünyanın inkişaf etmiş ölkələrində geniş tətbiq olunur.

Onun sözlərinə görə, Avropa, Yaponiya və Çin kimi ölkələrdə bu proqramlar təhsilin müxtəlif istiqamətlərini əhatə edir və şagirdlərin, eləcə də tələbələrin bilik və bacarıqlarının inkişafına xidmət edir.
Ekspert qeyd edib ki, proqramların hazırlanması zamanı yalnız təhsil işçilərinin deyil, müxtəlif dövlət qurumlarının və sahə üzrə mütəxəssislərin də iştirakı vacibdir:
“Məsələn, orta məktəblərdə DYP əməkdaşlarının iştirakı ilə yol hərəkəti qaydaları barədə maarifləndirici dərslər keçirilə bilər. Eyni zamanda digər qurumların nümayəndələri də öz fəaliyyət istiqamətlərinə uyğun mövzularda şagirdlərə praktik biliklər aşılayırlar. Bu cür fəaliyyətlər tədris planına daxil edilməli və sistemli şəkildə həyata keçirilməlidir.”
R.Nurəliyev vurğulayıb ki, elmi-kütləvi və mədəni-maarif proqramlarının əsas məqsədi təkcə akademik bilik vermək deyil, həm də cəmiyyət daxilində düzgün davranış qaydalarını formalaşdırmaqdır.
“Ailə münasibətləri, cəmiyyətlə ünsiyyət, sosial davranış normaları kimi mövzular tədris proqramlarında daha geniş yer almalıdır. Belə biliklər uşaqların gələcək həyatında mühüm rol oynayır və onların məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə verir.”
Ekspertin fikrincə, bu proqramların hazırlanmasında yaş xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Çünki ali təhsil səviyyəsi üçün nəzərdə tutulan mürəkkəb məzmunun ibtidai sinif şagirdlərinə təqdim edilməsi gözlənilən nəticəni verməyəcək.
“Məzmun yaş qrupuna uyğun, sadə və anlaşıqlı dildə hazırlanmalıdır. Əks halda şagirdlər mövzunu mənimsəyə bilməyəcəklər. Buna görə də proqramların peşəkar mütəxəssislər tərəfindən hazırlanması vacibdir.”
Ramin Nurəliyev vurğulayır ki, bu cür proqramlar yalnız təhsil alanların deyil, bütövlükdə cəmiyyətin inkişafına xidmət edir. Onun sözlərinə görə, məktəbdə əldə olunan davranış vərdişləri sonradan insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilir.
“Avropa ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, insanlar küçəyə zibil atmamaq, ictimai yerlərdə davranış qaydalarına riayət etmək kimi vərdişləri kiçik yaşlarından mənimsəyirlər. Əgər bu prinsiplər məktəbdən etibarən tədris proqramlarına daxil edilsə, uşaqlar onları şüuraltı şəkildə qəbul edəcək və gələcəkdə gündəlik həyatlarında tətbiq edəcəklər. Bu isə cəmiyyətin mədəni inkişafına mühüm töhfə verəcək.”
Ekspertin qənaətincə, elmi-kütləvi və maarifləndirici proqramların düzgün hazırlanması, yaş xüsusiyyətlərinə uyğunlaşdırılması və müxtəlif sahələr üzrə peşəkarların iştirakı ilə həyata keçirilməsi həm təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm də daha məsuliyyətli və mədəni cəmiyyətin formalaşmasına mühüm töhfə verir.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusuna uyğun olaraq dərc edilir.

