Balakən rayonunda baş verən sel fəlakətindən sonra zərər görən ərazilərə baxış keçirən rayonun icra başçısı Natiq Ağayevin işçi geyimində görüntülənməsi sosial şəbəkələrdə geniş müzakirə olunub. Bir çoxları bunu vəziyyətə uyğun və səmimi yanaşma kimi qiymətləndirsə də, bəziləri vəzifəli şəxslərin hər zaman rəsmi geyimdə görünməsinin daha məqsədəuyğun olduğunu hesab edib. Bəs qanunvericilik və etik davranış qaydaları icra başçılarının yalnız rəsmi kostyumda fəaliyyət göstərməsini tələb edirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, qanunvericilikdə dövlət qulluqçularının, o cümlədən icra hakimiyyəti başçılarının mütləq şəkildə rəsmi kostyum geyinməsini tələb edən hər hansı norma mövcud deyil.

Onun sözlərinə görə, dövlət qulluqçularının geyimi ilə bağlı əsas tələblər etik davranış qaydalarından irəli gəlir:
“Bununla bağlı qanunvericilikdə hər hansı tələb yoxdur. Lakin etik davranış qaydalarına əsasən dövlət qulluqçuları səliqəli geyinməyə borcludurlar. Eyni zamanda cəmiyyət tərəfindən də etik normalara uyğun geyim tələbi mövcuddur.
Dövlət qulluqçuları, o cümlədən icra hakimiyyəti başçıları davranışları ilə cəmiyyətə nümunə olmalıdırlar. Onlar vəzifəli və ictimai şəxslər hesab edilirlər. Dövləti və siyasi hakimiyyəti təmsil etdiklərinə görə, cəmiyyətdə formalaşan ictimai rəyə və etik davranış normalarına həssas yanaşmalıdırlar.”
Ramil Süleymanovun fikrincə, fövqəladə vəziyyətlərdə görülən işin xarakterinə uyğun geyim seçilməsi qanunvericiliyə zidd deyil. Əsas şərt dövlət qulluqçusunun səliqəli görünməsi və etik davranış prinsiplərinə əməl etməsidir. baxımdan, seldən zərər çəkmiş ərazilərə baxış zamanı işçi geyimindən istifadə edilməsi hüquqi baxımdan hər hansı pozuntu sayılmır.
Müşviq Tofiqoğlu
KONKRET.az
