BOYKOT: Soyadı intiqamın və etirazın rəmzinə çevrilən adambackend

BOYKOT: Soyadı intiqamın və etirazın rəmzinə çevrilən adam 

Boykot bu gün cəmiyyətin hər hansı ədalətsizliyə qarşı kollektiv etiraz formalarından biri kimi tanınır. Bir söz, bir anlayış, siyasi və iqtisadi mübarizə üsulu… Amma çoxlarının bilmədiyi maraqlı bir məqam var: bu terminin arxasında konkret bir insanın soyadı dayanır. Vaxtilə İrlandiyada torpaq idarəçisi olmuş Çarlz Boykottun adı sonradan bütöv bir etiraz metodunun adına çevrilib. Hər şey 1880-ci ildə İrlandiyanın qərbində, Meyo qraflığında başlayıb.

  • Böyük aclığın dəhşətli nəticələri hələ yaddaşlardan silinməmişdi. Minlərlə ailə yoxsulluq və ağır həyat şəraiti ilə mübarizə aparır, kəndlilər isə öz torpaqlarında deyil, ingilis mülkədarlarına məxsus ərazilərdə icarədar kimi yaşayırdılar. Torpaq sahibləri adətən mülklərini idarə etmək üçün xüsusi nümayəndələr təyin edirdilər. Belə şəxslərdən biri də lord Ernin Meyo qraflığındakı torpaq mülklərinin idarəçisi, istefada olan kapitan Çarlz Kanningem Boykott idi.

Boykott sərt xarakterli, güzəştə getməyi sevməyən bir adam kimi tanınırdı. Onun əsas vəzifəsi kəndlilərdən icarə haqqını toplamaq idi. Bu işi dəqiqliklə və güzəştsiz yerinə yetirirdi.

1880-ci ildə isə bölgədə məhsuldarlıq kəskin şəkildə azaldı. Kəndlilər ağır vəziyyətə düşdülər. Anbarlar boş, ailələr aclıq təhlükəsi ilə üz-üzə idi. Onlar Boykotta müraciət edərək qışdan sağ çıxmaq üçün icarə haqqının ən azı 25 faiz azaldılmasını istədilər. Lakin kapitan bu təklifi rədd etdi. Üstəlik, ödəniş edə bilməyən kəndliləri evlərindən çıxarmağa başladı. Bəzi hallarda evlərin damları sökülür, ailələr soyuq havada küçədə qalırdılar.

Məhz həmin vaxt İrlandiya Torpaq Liqasının lideri, nüfuzlu siyasətçi Çarlz Stüart Parnell hadisələrin gedişinə müdaxilə etdi. O, yaxşı anlayırdı ki, zorakılıqla cavab vermək kəndlilərin vəziyyətini daha da ağırlaşdıra bilər. Polis müdaxiləsi, həbslər və qarşıdurma etiraz hərəkatına ciddi zərbə vurardı.

Parnell fərqli üsul təklif etdi: Boykottla heç kim ünsiyyət saxlamamalı, hamı ondan üz döndərməli idi.

Onun çağırışına əsasən, evlərindən qovulmuş kəndlilərin torpaqlarını başqası icarəyə götürərsə, həmin şəxslə də bütün münasibətlər kəsilməli idi. İnsanlar belə şəxslərdən küçədə, mağazada, kilsədə və bazarda uzaq durmalı, onlarla danışmamalı, heç bir xidmət göstərməməli idilər.

Bu üsul ilk dəfə məhz Çarlz Boykottun özünə qarşı tətbiq olundu. Nəticə gözləniləndən də təsirli idi.

Əvvəlcə onun evində çalışanlar işdən ayrıldılar. Aşpaz, qulluqçular, mehtər və digər xidmətçilər oranı tərk etdilər. Sonra dükanlar ona ərzaq satmaqdan imtina etməyə başladı. Qəssab, çörəkçi və digər tacirlər Boykottla alış-veriş etmirdilər. Hətta poçtalyonlar da onun evinə məktub çatdırmaq istəmirdilər.

Vəziyyət o həddə çatdı ki, kapitan evdən bayıra çıxanda yerli sakinlər ondan üz çevirir, uşaqlar belə onunla danışmaqdan qaçırdılar.

Heç kim ona hücum etmir, daş atmır, hədə-qorxu gəlmirdi. Sadəcə, hamı onu yox sayırdı. Çarlz Boykott cəmiyyətin içində yaşayırdı, amma cəmiyyət onu sanki mövcud olmayan bir insana çevirmişdi.

Bu arada onun idarə etdiyi torpaqlarda məhsul yığılmamış qalır, tarlalarda çürüyürdü. Çünki işləmək üçün adam tapılmırdı.

350 funtluq məhsul üçün 10 min funtluq əməliyyat

Çarəsiz qalan Boykott Britaniyanın nüfuzlu “The Times” qəzetinə məktub yazaraq üzləşdiyi vəziyyətdən şikayət etdi. O, baş verənləri təzyiq və qanunsuzluq kimi təqdim edir, hökumətdən müdaxilə gözləyirdi.

  • Lakin bu müraciət gözlənilən nəticəni vermədi. Əksinə, hadisə Britaniya mətbuatının diqqətini cəlb etdi. Jurnalistlər İrlandiyada tətbiq edilən bu qeyri-adi etiraz üsulunu geniş işıqlandırmağa başladılar. Beləliklə, Boykottun soyadı ölkə hüdudlarından kənara çıxdı.

Blokadanı yarmaq istəyən kapitan başqa bölgədən 50 nəfər muzdlu fəhlə gətirərək məhsulu yığdırmağa qərar verdi. Lakin onları təhlükəsiz şəkildə işlətmək üçün hökumətdən silahlı mühafizə istədi.

  • Nəticədə təxminən 900 əsgər və polis həmin fəhlələrin təhlükəsizliyini təmin etmək üçün bölgəyə göndərildi. Məqsəd isə tarlalarda qalmış şalğam və kartof məhsulunu yığmaq idi.

Əməliyyat Britaniya xəzinəsinə təxminən 10 min funt sterlinqə başa gəldi. Halbuki yığılması nəzərdə tutulan məhsulun ümumi dəyəri cəmi 350 funt civarında idi.

Başqa sözlə, dövlət aclıq və yoxsulluq içində yaşayan kəndlilərin etirazı nəticəsində məhsul yığmaq üçün onun dəyərindən dəfələrlə artıq vəsait xərcləmişdi. Bu mənzərə Britaniya cəmiyyətində istehza doğurmuşdu. Bir torpaq idarəçisinin sosial təcridini aradan qaldırmaq üçün böyük hərbi qüvvənin səfərbər edilməsi absurd görünürdü.

Bir soyad necə dünya termininə çevrildi?

Hadisələrdən sonra Çarlz Boykott İrlandiyanı tərk edərək İngiltərəyə qayıtdı. O, nə həbs edildi, nə də fiziki hücuma məruz qaldı. Lakin adı artıq tarixə düşmüşdü.

Jurnalistlər kollektiv şəkildə münasibətləri kəsmək, bir şəxsi və ya qurumu sosial və iqtisadi təcridə məruz qoymaq üsulunu təsvir edərkən «boycott» sözündən istifadə etməyə başladılar. Termin qısa müddətdə Britaniyadan kənara yayıldı, fransız, alman, rus və başqa dillərə daxil oldu.

Beləcə, bir vaxtlar İrlandiyada torpaq idarəçisi olmuş kapitan Çarlz Boykottun soyadı dünya dillərində ədalətsizliyə qarşı kollektiv etirazın ifadəsinə çevrildi.

Bu gün insanlar hər hansı şirkəti, dövləti, məhsulu, tədbiri və ya şəxsi etiraz əlaməti olaraq boykot edəndə, əslində, 1880-ci ildə İrlandiya kəndlilərinin tapdığı mübarizə üsulunu davam etdirirlər.

Bəzən insanın adı tarixdə özündən daha uzun yaşayır. Çarlz Boykott isə bunun ən qeyri-adi nümunələrindən biridir: o, öz soyadını bütün dünyanın istifadə etdiyi bir sözə çevirdi.

Hazırladı: Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*