Alman coğrafiyaşünası Oskar Peşel Avstriya-Prussiya müharibəsi haqqında yazarkən belə bir fikir səsləndirmişdi: “Sadova döyüşünü prussiyalı məktəb müəllimi qazandı”. Bu ifadə, əlbəttə, kəskin və müəyyən mənada doğrudur. Lakin bir məqamı da unutmamaq lazımdır: müharibənin başlanğıcında da məktəb müəlliminin danılmaz rolu var.
Bu dəfə 1887-ci ildə fransız rəssamı Alber Bettaniyenin çəkdiyi “Qara ləkə” tablosu haqqında danışmaq istəyirik.
Tabloda coğrafiya dərsi təsvir olunub. Müəllim şagirdlərdən birinə xəritədəki qara ləkəni göstərir. Bu, Fransa-Prussiya müharibəsində məğlubiyyətdən sonra Fransanın itirdiyi Elzas və Lotaringiya əraziləridir.
Fransa üçün 1871-ci il məğlubiyyəti sadəcə hərbi uğursuzluq deyildi. Bu, Avropanın böyük dövlətlərindən birinin milli qüruruna vurulan ağır zərbə, ölkə üçün dərin siyasi və mənəvi sarsıntı idi. Məğlubiyyətdən sonra Fransada revanşizm — itirilmiş torpaqları geri qaytarmaq və Almaniyadan qisas almaq istəyi gücləndi.
Lakin tabloya diqqətlə baxanda anlayırıq ki, söhbət təkcə coğrafiya dərsindən getmir.
Lövhənin qarşısında dayanan uşağın geyimi adi məktəbli formasından fərqlənir. O, Fransada yaradılmış məktəb batalyonlarının (bataillons scolaires) iştirakçısıdır. Həmin dövrdə oğlan məktəblərində hərbi hazırlığın elementləri tətbiq edilirdi: sıra təlimləri keçirilir, gimnastika məşqləri aparılır, uşaqlara təlim silahlarından istifadə qaydaları öyrədilirdi.
Sinif otağının sağ tərəfində, divarın yanında əsl tüfənglər dayanıb. Bu, dekorativ detal deyil. Müəllim masasının yanında görünən nağara da təsadüfi əşya deyil. Məktəblilər hərbi bölmə kimi təşkilatlanmalı, nizam-intizam və kollektiv hərəkət bacarıqlarına yiyələnməli idilər.
Birinci partada oturan oğlanın sinəsində medal görünür. O, sanki nümunəvi şagird kimi təqdim olunur.
Tablonun ən təsirli tərəfi isə onun gizli mesajıdır: böyüklər müharibəni uduzub, indi isə məğlubiyyətin qisasını almaq üçün uşaqları gələcək müharibəyə hazırlayırlar. Başqa sözlə, dünənin məğlubiyyəti sabahın müharibəsi üçün ideoloji yanacağa çevrilir.
Eyni rəssamın bu mövzuya həsr olunmuş daha iki əsəri də var. Onların adları da diqqətəlayiqdir: “Ümidsizlik, yaxud Lotaringiyanın ilhaqı” və “Elzasın ilhaqı”. Bu əsərlərdə itirilmiş torpaqların yaratdığı milli ağrı və revanşist əhvali-ruhiyyə ön plana çıxır.
Beləliklə, rəssam bir sinif otağının timsalında bütöv bir dövrün siyasi və ideoloji mənzərəsini göstərir. Uşaqlara coğrafiya öyrədilir, amma əslində onlara məğlubiyyətin ağrısı, düşmən obrazı və qisas hissi aşılanır. Xəritədəki qara ləkə tədricən uşaqların şüurunda silinməz izə çevrilir.
Ağagül Mürsəlov,
KONKRET.az
P.S. Bu hadisə bizə ikinci Qarabağ müharibəsini xatırlatdı. Uşaqlıqdan məktəblərdə işğal olunmuş ərazilərin xəritəsini öyrənən şagirdlərimiz böyüyüb ermənilərə divan tutdu və Azərbaycanın ərazi bütövlüyünü təmin edən qəhrəmanlara çevrildi. Yaşasın Azərbaycan oğlu!
