Ermənistanın Azərbaycanla sərhəddə topladığı silah və canlı qüvvə regionda müharibə riskini artırır. Bölgədə sabitliyi pozmaqda maraqlı olan Ermənistan bununla da sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışır. Eyni zamanda, özünü sığortalayan Nikol Paşinyan guya bölgədə Azərbaycanın müharibəyə hazırlaşmasıyla bağlı görüntü yaratmaq üçün müxtəlif ölkələrin dövlət və hökumət başçılarına zəng edərək, Ermənistanı gözləyən “təhlükə” barədə haray-həşir salıb.
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Paşinyan bununla diqqəti üzərindən yayındırmaq niyyətindədir:
“Vətən müharibəsi dövründə olduğu kimi, Paşinyan yalvarır, ağız açır. Emmanuel Makron, Entoni Blinken, İbrahim Rəisi, İrakli Qaribaşvili ilə telefon danışığında Azərbaycanı günahlandırdı. Eskalasiya riskləri haqqında məlumat verdi, amma vəziyyəti gərginləşdirən elə rəsmi İrəvan özüdür.
Biz mütəmadi olaraq sosial şəbəkə seqmentində görürük ki, Ermənistan şərti sərhədə qüvvələr cəlb edir və xüsusilə ağır texnika gətirilir. Bu da, əlbəttə, müharibə ehtimalını gücləndirir. Hərbi-siyasi təxribatlar da bir-birini əvəz edir. TIR şousundan sonra Fransa rəsmilərinin və Paris merinin regiona səfəri, onun ardınca Qarabağda qondarma prezident seçkiləri, həmin seçkilərin güc mərkəzləri tərəfindən qəbul edilməməsi əlbəttə ki, beynəlxalq hüquq prizmasından dünyada gedən transformasiyalarla bağlıdır. Ərazi bütövlüyü və suverenlik bu gün şərtdirsə, Azərbaycan da bunu tələb edir və bunun tərəfindədir”.
Politoloqun fikrincə, dövlətlərin Qarabağdakı yalançı seçkiləri tanımaması çox müsbət haldır:
“Bu həm də Azərbaycanın əlini gücləndirir. Beynəlxalq hüquq prizmasından bütün üstünlük Azərbaycanın tərəfindədir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan BMT-nin nizamnaməsinin 51-ci maddəsindən istifadə edərək özünümüdafiə hüququnu işə sala bilər. Bu da əks-hücum əməliyyatları, terrorçuların yuvalarının dağıdılması, zərərsizləşdirilməsi və bütün Azərbaycan ərazisində suverenliyin bərqərar olunmasına zəmin yaradacaqdır.
Qarabağda qondarma seçkilər həm də Ermənistanın özü üçün sonun başlanğıcı ola bilər və bunun göstəricisidir ki, İrəvan artıq seçkilərin nəticələrini tanımaqla bağlı mesaj da verməyib. Burada iki ehtimal var. Birincisi, əgər İrəvan seçkilərin nəticəsini tanımağa dair bir sıra mesajlar verərsə, bu, Paşinyanın ərazi bütövlüyü və suverenliklə bağlı verdiyi bəyanatları geri götürmək anlamını verir. Digər tərəfdən, danışıqları sıfırlayır. Elə bunun özü müharibəyə başlamaq üçün əsas ola bilər.
İkincisi isə yeni gələn qüvvə, Arutyunyanı əvəz edən şəxs artıq Ermənistanın hazırkı elitasını təmsil etmir və radikal, aqressiv, separatçı “miatsum” düşüncəsindədir. Buna görə də İrəvandan hansısa fikirləri müşahidə etmirik. İstənilən halda vəziyyət siyasi sahədə də, geopolitik müstəvidə də çox gərgindir. Ümid edirik ki, bu gərginliyin fonunda bizim milli maraqlarımız təmin olunacaq”.
Vəli Həsənov,
KONKRET.az