ABŞ-nin tətbiq etdiyi dəniz blokadası fonunda İranın neft ixracı kəskin şəkildə azalır.
KONKRET.az “Bloomberg”ə istinadən xəbər verir ki, İslam Respublikası hazırda hasil etdiyi nefti saxlamaq üçün mövcud anbar imkanlarının son həddinə yaxınlaşıb.
Ölkənin cəmi 12-22 günlük saxlama tutumunun qaldığı bildirilir. ABŞ-nin dənizdə tətbiq etdiyi məhdudiyyətlər nəticəsində İranın neft ixracı təxminən 70 faiz azalıb. Xüsusilə Hörmüz boğazı üzərindən daşımalar, demək olar ki, tam dayanıb və tankerlərin keçidi mümkün olmur.
Hazırkı vəziyyət davam edərsə, İran may ayının ortalarınadək gündəlik neft hasilatını əlavə olaraq 1,5 milyon barel azaltmağa məcbur qala bilər. Bu isə onsuz da əvvəlki ixtisarların üzərinə gələcək ciddi azalma deməkdir.
Bununla belə, maliyyə təsirlərinin dərhal hiss olunmayacağı qeyd olunur. Belə ki, neft daşımalarının alıcılara çatması və ödənişlərin həyata keçirilməsi müəyyən zaman tələb edir. Bu səbəbdən İranın yaranan tədarük çətinliklərinə baxmayaraq, qarşıdakı bir neçə ay ərzində nisbətən “nəfəs alma” imkanı qalır.
