Türkiyənin İstanbul şəhərində Ailə Məhkəməsi ev daxilində baş verənləri üçüncü şəxslərlə paylaşan və həyat yoldaşını “inək kimi uzanırsan” sözləri ilə təhqir edən kişini təqsirli hesab edib. Məhkəmə E.H.-nin 200 min lirə maddi, 300 min lirə mənəvi olmaqla ümumilikdə 500 min lirə (18 min AZN) təzminat ödəməsinə qərar verib.
KONKRET.az xəbər verir ki, İstanbulda yaşayan S.H. və E.H. 2016-cı ildə ailə qurublar. Cütlüyün bu evlilikdən övladı olmayıb. İddialara görə, evlilik münasibətləri kişinin ağır davranışları səbəbindən pozulmağa başlayıb. Spirtli içkidən həddindən artıq istifadə edən E.H.-nin başqa qadınlarla yaxın münasibətlər qurduğu, həyat yoldaşını davamlı alçaltdığı və ona qarşı təhqiramiz ifadələr işlətdiyi bildirilib.
Bundan əlavə, E.H.-nin evdə baş verən hadisələri üçüncü şəxslərlə paylaşması ailə münasibətlərinin ciddi şəkildə sarsılmasına səbəb olub. S.H. həyat yoldaşının başqa bir qadınla əl-ələ fotosunu gördükdən sonra vəkili vasitəsilə məhkəməyə müraciət edərək mübahisəli boşanma iddiası qaldırıb.
İddia ərizəsində qeyd olunub ki, cavabdeh kişi həyat yoldaşını aldadıb, ona qarşı zorakılıq tətbiq edib və mütəmadi şəkildə təhqir edib. Bu səbəbdən tərəflərin boşanması və kişinin 500 min lirə təzminat ödəməsi tələb olunub.
Qarşı iddia qaldıran E.H. isə evlilik münasibətlərinin əsasından sarsılmasında əsas günahkar tərəfin həyat yoldaşı S.H. olduğunu irəli sürüb. Onun vəkili tərəfindən məhkəməyə təqdim olunan qarşı iddia ərizəsində belə qeyd olunub:
“S.H. adlı qadın evdə daha dominant xarakterə malikdir. Müvəkkilim isə daha sakit təbiətli olduğu üçün heç vaxt həyat yoldaşına qarşı zorakılıq tətbiq etməyib. S.H.-nin davamlı kobud, əmrverici və hökmran davranışları tərəflər arasındakı sevginin bitməsinə səbəb olub. Müvəkkilimə mütəmadi şəkildə təhqir edən S.H.-nin qəribə təmizlik vərdişləri var. O, divan və kreslolarda oturmağı müəyyən “rituallar”la bağlayıb. Bu qaydalara əməl olunmadıqda isə S.H. ciddi narazılıq yaradır. Müvəkkilim heç vaxt öz evində rahat şəkildə ayaqlarını uzadaraq otura bilməyib. Bu davranışlar onun həyatını dözülməz hala gətirib. Bu səbəbdən tərəflərin boşanmasına və təqsirli tərəf olan S.H.-nin müvəkkilimə 1 milyon lirə təzminat ödəməsinə qərar verilməsini xahiş edirik.”
Məhkəmə tərəflərin “evlilik birliyinin əsasından sarsılması” səbəbilə boşanmasına qərar verib. Qərarda hər iki tərəfin müəyyən dərəcədə təqsirli olduğu qeyd edilsə də, kişinin təqsirinin daha ağır olduğu vurğulanıb və onun 500 min lirə təzminat ödəməsi hökmü çıxarılıb..yenisabah
