Buna görə azərbaycanlılar məni qınayacaq, amma… – Rusiyalı tarixçibackend

Buna görə azərbaycanlılar məni qınayacaq, amma... - Rusiyalı tarixçi

İtirilmiş illüziyalardan ayrılmaq həmişə ağrılı və təhqiramizdir – bu, etnik mənsubiyyətindən asılı olmayaraq, insan psixikasının bir xüsusiyyətidir və ermənilər də nöqsan və emosional problemlərlə ən adi insanlardır. Keçmişdə bitən uşaqlıq, dünyasını dəyişmiş qohumlar, reallaşmayan ümidlər üçün kədərlənmək hamımıza xasdır, lakin ermənilərin etnopsixologiyasına görə bu hisslərin təzahürü hipertrofik kollektivist xarakter daşıyır.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi və hərbi ekspert Oleq Kuznetsov ermənilərin Xankəndidə “Qarabağ milli azadlıq hərəkatı”nın 33-cü ildönümü münasibətilə keçirilən “anım mərasimi” haqda deyib.

“Erməni xalqında çox yüksək səviyyədə inkişaf etmiş milli və dini kimlik hissi var, buna görə də etnosun kiçik bir hissəsinin faciəsi bütün etnosun faciəsidir. Bu səbəbdən Qarabağ ermənilərinin “Miatsum” ideyasının (ilhaqçılıq, Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) iflası bütün ermənilərin faciəsidir. 20 fevral tarixində Stepanakertdə keçirilən tədbirin matəm pafosu da bu səbəbdəndir: burada bilərəkdən Azərbaycanın Xankəndi şəhərinin erməni adını istifadə edirəm, çünki Xankəndidə dəqiq heç kim itirilmiş “miatsum” illüziyasına görə bu qədər dərin hüzn və matəm hiss keçirməzdi.

Qarabağın erməni əhalisini başa düşürəm, xüsusilə erməni yaşıdlarıma yazığım gəlir.

Belə bir mənzərəni təsəvvür edin: adam 1970-ci ildə dünyaya gəlir, 18 yaşında millətçiliyin təsiri altına düşür, 20 yaşında bütün azərbaycanlıların qovulması ilə xoşbəxtlik əldə edəcəyi ümidilə müharibəyə yollanır, 25 yaşında az bir müddər sonra hər şeyin düzələcəyi gözləntisi ilə normal yaşamağa başlayır, lakin aradan bir, iki, üç… on il keçir, həyat isə qaydaya düşmür… 50 yaşında isə o, hər şeydən, ilk növbədə isə bütün bu illər ərzində yaşadığı və uğuruna zillət çəkdiyi şeylərdən məhrum olur.

Mən Qarabağ ermənilərini yaxşı başa düşürəm – onlar tükəniblər. Onların bir çoxu itirilmiş illüziyalara itirilmiş inamı bərpa etmək üçün revanş hissi ilə sayıqlayırlar. Bir çoxları müharibə naminə müharibəyə ehtiyac duyduqlarını söyləsə də, əslində, onlar heç bir bağı olmayan boş bir dünya ilə təkbətək qalmamaq üçün qəhrəmancasına ölüm xəyalları qururlar.

Onların keçmiş dünyaları dağılıb, özü də geridönüşü olmadan. Hər bir Qarabağlı erməni bunu hiss edir və Azərbaycanın hakimliyi altında bir gələcəyin onların üstünə sürətlə yuvarlandığını dərk edir. Və onlar bu gələcəyi dayadırmağa qadir deyillər.

Qarabağ ermənilərinin çoxu özləri üçün perspektiv görməyib maddi səbəblərdən mühacirətin mümkünsüzlüyünü dərk edərək fərdi və utancverici deyil, kollektiv halında intihar etməyi düşünür. Rüsvayçılıqlarının qaçınılmazlığını dərk edərək, hər kəs həyatdan qəhrəmancasına ayrılmaq istəyir. Hərəkətlərdəki həddindən artıq pafos və emosiyalardakı gərginlik də buradan qaynaqlanır. Bir az vaxt keçəcək, duyğular da tükənəcək, Qarabağ erməniləri Azərbaycanın bir hissəsi kimi yaşamaq məcburiyyətində qalacaqları fikrinə alışacaqlar, buna görə müharibədən sonrakı nizamlanmanın keçid dövrü lazımdır”, – Kuznetsov bildirib.

Ekspert bunları qeyd etməklə Ermənistanın təcavüzü nəticəsində yalnız gözəl gələcəyə ümidlərini deyil, yaxınları, qohumlarını, əmlak və qəbiristanlıqlarını da itirən azərbaycanlı həmyaşıdları tərəfindən tənqid atəşinə tuş gəlməyə hazır olduğunu vurğulayıb:

“Mən başa düşürəm ki, onlar qisasdan çox tarixi, hüquqi, psixoloji ədalətin bərpa olunmasını istəyirlər. Amma bu dünya monoxrom deyil, yalnız qara və ağ da deyil, o, rəngarəng və əlvandır və azərbaycanlılar belə bir dünyaya alışmalıdırlar. Mən azərbaycanlı həmyaşıdlarımdan ermənilərin yanında yaşamaq istəmədiklərini dəfələrlə eşitmişəm və buna həmişə “siz ermənilər kimi olmayın” cavabını vermişəm.

Təəccübdən çatılmış qaşları görəndə isə “Ermənilər və azərbaycanlıların genetik uyğunsuzluğundan danışan Robert Köçəryan idi, yoxsa siz də bu erməni faşisti kimi düşünürsünüz?” deyə əlavə edirdim.

Prezident İlham Əliyev Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduğunu yorulmadan təkrarlayır və baxmayaraq ki, bu, mənim azərbaycanlı həmyaşıdlarımın bir çoxunun ürəyincə deyil, bu fakta heç kim etiraz etmir. Lakin Azərbaycan xalqı təkcə mənim həmyaşıdlarım deyil, buna görə də müharibədən sonrakı sülh prosesinin səmərəli olacağından əminəm, lakin bunun üçün emosiyaları və bir çox illüziyaları qurban vermək lazım gələcək”.

Fevralın 20-də bu matəm tədbirlərində Rusiya sülhməramlılarının iştirakına toxunan Kuznetsov onların statusuna görə orada olduğunu və əmin-amanlığı qoruyub saxladığını qeyd edib:

“Onların 20 fevral tarixində Xankəndidəki Qarabağ ermənilərinin itirdiyi illüziyalar üçün matəm yürüşündə iştirakı Azərbaycanda bir çoxları tərəfindən Rusiyanın separatçı rejimin qalıqlarına səssiz dəstəyinin nümayişi kimi qəbul edildi. Dünyanın bütün ölkələrində kütləvi tədbirləri polis müşayiət edir, Qarabağın isə polisi yoxdur, lakin nədənsə məsələnin bu tərəfi barədə heç kim düşünmür. Beləliklə, yerli erməni əhalisinin təşkil etdiyi kütləvi tədbirlər zamanı polisin olmaması səbəbindən onun funksiyalarını sülhməramlılar həyata keçirməli olurlar.

Qarışıqlığı aradan qaldırmaq mümkün olmadıqda, onu müəyyən məcraya salaraq kontrollu şəkildə rəhbərlik etmək lazımdır.

Yoxsa ermənilərin dinc yürüşünün qəfildən şiddətli bir xaosa çevrilməsi və marginal çığır-bağır salanların tribunaya soxulması daha yaxşı olardı?

Beləliklə, xüsusi bir şey olmadı. Elan edilmiş “yüz min nəfər”dən Qarabağ ermənilərindən yalnız min üç nəfəri bir qrup rus sülhməramlı dəstəsinin müşayiəti ilə yüngül şaxtadan keçdi, havasını buraxdı, həvəsini aldı, hisslərini boğdu və hər şey əvvəlki kimi qaldı. Eyni zamanda, Qarabağ erməniləri öz təcrübələrindən bir daha başa düşdülər ki, Moskva, Bakı, İrəvan və Ankarada heç kim onların fikirlərinə əhəmiyyət vermir, 10 noyabr və 11 yanvar müqavilələri isə yerinə yetirilir və təsdiq edilmiş plan və cədvəllər üzrə tətbiq ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*