Çindən gözlənilməz addım – Bu ölkəyə səfir göndərən ilk ölkə oldubackend

Çindən gözlənilməz addım – Bu ölkəyə səfir göndərən ilk ölkə oldu

Çin Talibanın hakimiyyətə gəlişindən sonra Əfqanıstana rəsmi olaraq yeni səfir təyin edən ilk ölkə olub.

KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, Çinin yeni səfiri Zhao Şenq etimadnaməsini sentyabrın 13-də Kabildə keçirilən mərasimdə Taliban hökumətinin başçısı Məhəmməd Həsən Axunda təqdim edib.

Çinin Əfqanıstandakı əvvəlki səfiri Vanq Yu 2019-cu ildən 2023-cü ilin avqustuna qədər bu vəzifədə çalışıb. 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanı hələ heç bir ölkə rəsmən tanınmayıb.

“Bu, Çinin Əfqanıstandakı səfirinin müntəzəm rotasiyasıdır. Çin və Əfqanıstan arasında dialoqu və əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi daşıyır. Çinin Əfqanıstanla bağlı siyasəti aydın və ardıcıldır”, – deyə Çin Xarici İşlər Nazirliyindən bildirilib. Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi Zhao Shengin təyinatını əhəmiyyətli addım adlandırıb.

Həmin gün Çin rəhbərliyinin Əfqanıstandakı səfirliyinin saytında Talibanla əlaqələrlə bağlı beynəlxalq ictimaiyyətə bir sıra çağırışlardan ibarət bəyanatı dərc olunub. Həmin bəyanatda deyilir:

“Bəzi ölkələr Əfqanıstanda baş verənlərdən dərs götürməli, terrorizmlə mübarizədə ikili standartlardan əl çəkməli, Əfqanıstanın xarici aktivlərini qeyd-şərtsiz qaytarmalı, Əfqanıstana qarşı birtərəfli sanksiyaları ləğv etməli və Əfqanıstanın yenidən qurulması və inkişafı ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün konkret tədbirlər görməlidir”.

Əvvəllər Taliban beynəlxalq ictimaiyyətlə qarşılıqlı əlaqəyə hazır olduğunu dəfələrlə vurğulamışdı. Bu ilin mart ayında Əmir Xan Müttəqi bildirmişdi ki, ölkə hakimiyyəti bəzi ölkələrin Kabildəki səfirliklərinin işini tez bir zamanda bərpa etmək üçün səy göstərir.

O, səfirliklərin açılmasının Əfqanıstan İslam Əmirliyinin tanınmasını əks etdirdiyini və bəzi ölkələrin artıq müvəqqəti Əfqanıstan hökumətini qeyri-rəsmi olaraq tanıdığını qeyd edib: “Hazırda Kabildə Çin, Özbəkistan, Türkmənistan, İran və Pakistan kimi qonşu ölkələrin səfirlikləri açılıb. Həmçinin Qazaxıstan, Qırğızıstan və Rusiyanın səfirlikləri fəaliyyət göstərir. Hindistan, Türkiyə, Qətər və BƏƏ səfirlikləri də, Səudiyyə Ərəbistanının səfirliyi də açıqdır və diplomatları tezliklə qayıda bilərlər”, – deyə Müttəqi bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*