“Danışıqların yeni mərhələsi uğursuz olub, görünür, Bakı problemi güc yolu ilə həll edəcək”.
KONKRET.az xəbər verir ki, bunu martın 10-da jurnalistlərlə görüşündə erməni politoloq Suren Sarkisyan deyib.
“Ermənistandan olan danışıq aparan şəxs dəyişməli idi. Onda vəziyyət başqa cür olardı, diplomatiya üçün yeni imkanlar açılardı, çox şeydən qaçmaq olardı.
Amma hakim rejim hakimiyyəti saxlamaq yolunu tutdu, bundan sonra toqquşmalar, o cümlədən sentyabr hadisələri oldu.
Sonra danışıqların yeni mərhələsi başladı, o da uğursuz oldu. Görünür, Azərbaycan problemi güc yolu ilə həll edəcək”, – deyə Sarkisyan bildirib.
O izah edib ki, müharibə riskləri həmişə olub və qalır.
“Azərbaycanın hücumlarının əvvəlki mərhələlərində Ermənistan Silahlı Qüvvələrinin bütün imkanlarından istifadə olunmayıb.
Bəlkə də belə bir istək olmayıb. Səbəb məhz peşəkarlığın olmamasıdır.
Son 5 ildə Ermənistan adekvat xarici və təhlükəsizlik siyasəti aparmayıb, heç bir nəticə əldə etməyib. Əksinə, müttəfiqlərlə münasibətlərdə uğursuzluqlar olub”, – o deyib.
Erməni siyasətçi qeyd edib ki, ABŞ-ın Ermənistanla ikitərəfli gündəliyi yoxdur və onun məqsədi düşmən ölkəni (Rusiya – red.) bölgədən sıxışdırmaqdır.
“Aydındır ki, Ermənistanın Rusiya ilə artıq strateji əlaqələri yoxdur. Burada İrəvanın da günahı var.
Bundan əlavə, Çinlə münasibətləri ciddi şəkildə inkişaf etdirmək potensialı var idi, amma yenə də Ermənistanın günahı ucbatından bu potensial reallaşmadı.
Eyni zamanda, nə ABŞ, nə də Aİ “Arsax” və Ermənistan xalqlarının təhlükəsizliyinin, eləcə də ərazi bütövlüyünün qarantı olmağa hazır olduqlarını bəyan etməyib və bəyan etməyəcəklər. Qərb bu cür öhdəliklər götürməkdə maraqlı deyil”, – deyə Sarkisyan vurğulayıb.
O, təkrar edib ki, ABŞ yalnız Rusiyanı regiondan sıxışdırmaq istəyir və Moskva bunun qarşısını almağa çalışır.
Xuraman Etibarlı,
KONKRET.az
