Dəfn müavinəti 1200 manat olur: Kimlər dövlətdən pul ala bilməyəcək?backend

Dəfn müavinəti 1200 manat olur: Kimlər dövlətdən pul ala bilməyəcək?

Azərbaycanda dəfn müavinətinin 1200 manata çatdırılması ilə bağlı təklif və dəyişikliklər vətəndaşların bu sahədə qarşılaşdığı maliyyə məsələlərini yenidən gündəmə gətirib. Dəfn mərasimlərinin təşkili, qəbiristanlıqda yer ayrılması və məzar daşlarının hazırlanması ailələr üçün müxtəlif xərclər yaradır.

 Bəs müavinətin 1200 manata çatdırılması bu yükü nə dərəcədə azaldacaq və dövlət dəstəyindən kimlər yararlana biləcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, son illərdə Azərbaycanda dəfn xərclərinin artdığını söyləmək düzgün yanaşma deyil. Onun sözlərinə görə, əksinə, bir sıra regionlarda dəfn mərasimlərində ehsan süfrələrinin ləğvi və ya bu ənənədən imtina edilməsi xərclərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Azərbaycana gətirilən İran malları bahalaşacaq

İqtisadçı qeyd edib ki, hazırda dəfn xərcləri ilə bağlı əsas problemlərdən biri qəbiristanlıqlarda yer ayrılması prosesindəki qeyri-şəffaflıqdır:

“Vəfat edən şəxslərin dəfn olunması üçün nəzərdə tutulan torpaq sahələrinin ayrılması və satışı məsələsində müəyyən xaos mövcuddur. Qanunvericiliklə tənzimlənməsinə baxmayaraq, bəzi hallarda bu proses qeyri-qanuni əlavə ödənişlər tələb edilməklə həyata keçirilir. Bu baxımdan vətəndaşların üzləşdiyi əsas maliyyə çətinlikləri daha çox paytaxtda və iri şəhərlərdə müşahidə olunur. Kənd rayonlarında isə qəbiristanlıq üçün torpaq sahələri, bir qayda olaraq, ödənişsiz ayrılır və ailələr əlavə xərc çəkmədən dəfn mərasimini təşkil edə bilirlər”.

R.Abbasbəyli digər xərc mənbələrindən biri kimi məzar daşlarının bahalı mərmər və digər qiymətli materiallarla hazırlanmasını göstərib. Onun fikrincə, bu, vətəndaşların şəxsi seçimidir və heç bir məcburiyyət daşımır. Buna görə də həmin xərcləri dəfn mərasimlərinin zəruri hissəsi kimi qiymətləndirmək doğru deyil.

İqtisadçı hesab edir ki, son illərdə dəfn xərclərinin azaldılması istiqamətində müəyyən müsbət addımlar atılıb. Xüsusilə ehsan süfrələrinin məhdudlaşdırılması ilə bağlı ictimai təşviqat və nəzarət bir çox bölgələrdə ailələrin maliyyə yükünü yüngülləşdirib. O, dəfn müavinətinin artırılması ilə bağlı son dəyişiklikləri də müsbət qiymətləndirib.

Bununla belə, R.Abbasbəyli yeni qaydalarda sosial ədalət baxımından boşluqların qaldığını vurğulayıb. Onun sözlərinə görə, dəfn müavinəti əsasən əmək pensiyası alan və sığortaolunan şəxslər üçün nəzərdə tutulur. Əmək pensiyası almayan, yaşa görə sosial müavinət alan, eləcə də digər kateqoriyadan olan işsiz vətəndaşların vəfatı zamanı isə ailələr dövlət dəstəyindən kənarda qala bilirlər.

“Vətəndaş 55 yaşına çatıb, əmək pensiyası almır və vəfat edirsə, onun dəfni üçün hər hansı müavinətin nəzərdə tutulmaması arzuolunan deyil. Pensiya yaşına çatmış və ya çatmamış, lakin əmək pensiyası hüququ olmayan digər şəxslərin dəfn xərclərinə də dövlət tərəfindən minimum dəstək göstərilməlidir. Hesab edirəm ki, qanunvericiliyə bu istiqamətdə müəyyən düzəlişlər edilməlidir”, – deyə iqtisadçı bildirib.

Beləliklə, iqtisadçının qənaətinə görə, dəfn müavinətinin artırılması müsbət addım olsa da, əsas məsələ yalnız ödənişin məbləğini yüksəltmək deyil, dövlət dəstəyinin əhatə dairəsini də genişləndirməkdir. Çünki dəfn zamanı sosial statusundan asılı olmayaraq, hər bir ailənin müəyyən maliyyə dəstəyinə ehtiyacı yarana bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*