“Çalxala, amma qarışdırma”: Ceyms Bondun prototipi sayılan əfsanəvi casus necə edam edildi?backend

"Çalxala, amma qarışdırma": Ceyms Bondun prototipi sayılan əfsanəvi casus necə edam edildi?

“Çalxala, amma qarışdırma!” Agent 007 Ceyms Bondun martini sifariş edərkən işlətdiyi məşhur ifadədir. Lakin bu obrazın yaradılmasında real casusların, xüsusilə də Britaniya kəşfiyyatının ən əfsanəvi fiqurlarından biri sayılan Sidney Corc Reylinin də rolu olub.

1925-ci il noyabrın 5-də Britaniya kəşfiyyatının ən məşhur agentlərindən biri, sovet xüsusi xidmət orqanlarının əsas düşmənlərindən sayılan Sidney Corc Reyli güllələnərək edam edilib.

  • Onun ölümü ilə bağlı əməliyyatın 1918-ci ildə verilmiş hökm əsasında, Stalinin şəxsi göstərişi ilə həyata keçirildiyi bildirilir. Reyli əvvəllər mütəmadi olaraq gəzintiyə çıxarıldığı Sokolniki meşəsində güllələnib.

Onun məhv edilməsi ilə bağlı məruzə qeydi sovet arxivlərində qorunub saxlanılıb. Sənəddə Reyli №73 kimi göstərilir:

“Sonra mən №73-ə gəzintiyə çıxmağı təklif etdim. Mən №73-ün sağ tərəfində, İbrahim isə sol tərəfində gedirdi. Yoldaş Sıroyeşkin bizdən təxminən 10 addım aralıda hərəkət edirdi. İbrahim bizdən geri qalaraq №73-ə atəş açdı. O, dərindən nəfəs alaraq, heç bir səs çıxarmadan yerə yıxıldı. Nəbzi hələ də vurduğu üçün yoldaş Sıroyeşkin onun sinəsinə atəş açdı. Daha 10-15 dəqiqə gözlədik. Nəbz dayandıqdan sonra cəsədi avtomobilə apardılar…”

Daha sonra cəsəd müayinə və fotoşəkil çəkilməsi üçün Lubyanka həbsxanasına qaytarılıb. Onu həbsxananın həyətində dəfn ediblər.

Gizli agentin həyatının son günləri barədə ətraflı məlumat isə yalnız 2000-ci ildə, gündəliyinin İngiltərədə nəşrindən sonra məlum olub. Qeydlər onun ölümündən sonra həbsxana kamerasının divarındakı kərpiclərin arasına gizlədilmiş nazik kağız parçalarında aşkarlanıb. Görünür, Reyli qaçmağa nail olacağı təqdirdə bu qeydlərin Britaniya kəşfiyyatı üçün faydalı olacağını düşünürdü. O, gündəliyində çekistlərin davranışlarını, dindirmə üsullarını və həbsxana şəraitini təsvir etmişdi.

Solomon Rozenblyumdan Sidney Reyliyə

Kəşfiyyatçının ehtimal edilən doğum tarixi 24 mart 1873-cü il, doğulduğu yer isə Odessa şəhəridir.

Dosyeyə əsasən, o, dünyaya Solomon Markoviç Rozenblyum adı ilə gəlib. Atası həkim olmaqla yanaşı, gəmi makleri kimi də çalışırdı. Anası Sofya Rubinovna Rozenblyum isə müflisləşmiş zadəgan ailəsindən idi.

Lakin Reyli öz keçmişi haqqında danışarkən müxtəlif, bir-birinə zidd versiyalar irəli sürürdü. Bəzən Qrodno quberniyasından olan varlı yəhudi ailəsinin övladı olduğunu, bəzən irland ticarət gəmisinin kapitanının, yaxud irland keşişinin oğlu olduğunu söyləyirdi. Hətta özünü III Aleksandrın sarayına yaxın rus zadəganı kimi təqdim etdiyi də bildirilir.

O, Odessanın 3-cü gimnaziyasında təhsil alıb.

Reyli hələ gənc yaşlarından insanları tanımaq və onların zəif cəhətlərini üzə çıxarmaq qabiliyyəti ilə seçilirdi. O, sanki insanları kitab kimi oxuyurdu: mimikalarına, səs tonuna, söhbət puldan və təhlükədən gedəndə barmaqlarının qələmi necə sıxmasına qədər hər detalı müşahidə edirdi.

İstedadlı və maraqlı gənc olan Reyli atasına limanda kömək edir, eyni zamanda öz üzərində çalışırdı. Bir neçə Avropa və Şərq dilini, müxtəlif xalqların aksentlərini və davranış xüsusiyyətlərini öyrənmişdi. Mənbələrdə onun yeddi Avropa və bir neçə Şərq dilini bildiyi qeyd olunur.

  • Sonralar fizika-riyaziyyat fakültəsinə daxil olub, gənclik illərində inqilabi dərnəklərlə əlaqə saxlayıb. Oxranka tərəfindən həbs edildikdən sonra isə öz ölümünü səhnələşdirərək gizlicə Cənubi Amerikaya gedən Britaniya gəmisinə minib. Həmin vaxt artıq özünü Ziqmund adı ilə təqdim edirdi.

Braziliyada Pedro adı ilə yaşadığı, Britaniya ekspedisiyasını yerli tayfaların hücumundan xilas etdiyi bildirilir. Bunun müqabilində ona pul mükafatı və Britaniya vətəndaşlığı verildiyi barədə versiya mövcuddur.

  • Lakin onun İngiltərəyə gəlişi ilə bağlı başqa bir hekayə də var. Bu versiyaya görə, Reyli 1895-ci ildə Parisdə olarkən şəriki ilə birlikdə iki italyan anarxistini öldürüb, inqilabi fəaliyyət üçün toplanmış pulları ələ keçirib və İngiltərəyə gedərək dərman satışı ilə məşğul olan şirkət açıb.

Yazıçı ilə sevgi münasibəti və yeni kimlik

Londonda Reylinin şəxsi həyatı da macəralarla dolu olub. O, gənc yazıçı Etel Lilian Voyniçlə sevgi münasibəti yaşayıb. Hətta bəzi mənbələrdə Reylinin Voyniçin “Ovod” romanındakı baş qəhrəmanın prototiplərindən biri olduğu iddia edilir.

  • Sonralar varlı bir dul qadınla münasibət qurub və onunla evlənib. Həmin qadının əvvəlki ərinin ölümü ilə bağlı da müəyyən şübhələrin olduğu bildirilir.

Bu evlilik Reyliyə yalnız maddi imkanlar qazandırmadı. O, keçmiş kimliyindən – Solomon Rozenblyumdan – uzaqlaşaraq yeni sənədlərlə Sidney Corc Reyli adını aldı.

Beləliklə, onun həyatında yeni mərhələ başladı. Reyli Britaniya kəşfiyyatı ilə əməkdaşlığa başladı. Kəşfiyyat sənədlərində ST-1 kodu və “Tuz” çağırış adı ilə qeydiyyata alınmışdı. Varlı iş adamı görkəmi yaradaraq müxtəlif ölkələrə səfər edir, casusluq fəaliyyəti ilə məşğul olurdu.

Şahidlər onu belə təsvir edirdilər:

“Solğun, uzunsifətli, qaşqabaqlı adam. Hündür və hamar alın, narahat baxışlar. Yerişindən hərbçi olduğu hiss edilirdi”.

Rusiya, Yaponiya və Britaniya kəşfiyyatı üçün üçqat oyun

1897–1898-ci illərdə, Rusiyada neft sənayesinin sürətlə inkişaf etdiyi dövrdə Reyli Sankt-Peterburqdakı Britaniya səfirliyində çalışıb.

  • 1898-ci ildə “leytenant Reyli” adlı şəxsin rus inqilabçılarının “Azad Rusiya Dostları Cəmiyyəti” təşkilatında fəaliyyət göstərdiyi barədə məlumatlar var.

Rus-yapon müharibəsi ərəfəsində isə onun Uzaq Şərqdə fəaliyyət göstərdiyi bildirilir. Reylinin Port-Artur qalasının istehkam planını əldə etdiyi və bu məlumatları yaponlara ötürdüyü ehtimal olunur. Bəzi mənbələr onun 1899-cu ildən etibarən Yaponiya kəşfiyyatı ilə də əməkdaşlıq etdiyini iddia edir.

  • Britaniyalı yaponşünas tarixçi İan Niş Reylinin bu fəaliyyətini “Rus-yapon müharibəsinin açılmamış sirlərindən biri” adlandırıb.

1905-ci ilin fevralında Reyli artıq Parisdə idi. Həmin dövrün təsvirlərində o, qorxmaz, təcrübəli və bir neçə dil bilən kəşfiyyatçı kimi təqdim olunur.

  • Onun Cənubi Farsda neft hasilatı üzrə konsessiya əldə etmiş iş adamı Darsiyə təzyiq göstərməsi ilə bağlı da mübahisəli məlumatlar var. Darsi konsessiyanı Rotşildlərə satmağı planlaşdırırdı, lakin sonradan Britaniyanın maraqları naminə mövqeyini dəyişdiyi iddia edilir.

1909-cu ildə Almaniyanın Essen şəhərində də Reylinin adı qalmaqallı hadisədə hallanıb. İddiaya görə, o, fəhlə qiyafəsində silah istehsalı ilə bağlı məxfi texniki sənədləri oğurlayarkən onu görən briqadiri boğaraq öldürüb. Bu hadisənin təfərrüatları da tarixi mübahisə mövzusudur.

  • Hər halda, Reyli sonralar yenidən Rusiyada fəaliyyət göstərib. Sankt-Peterburqdakı Britaniya hərbi-dəniz attaşesinin köməkçisi kimi çalışıb. Rəsmi məlumat kitabçalarında isə onun peşəsi “antikvar və kolleksiyaçı” kimi göstərilirdi.

O, aviasiya ilə də maraqlanır, Sankt-Peterburq Uçuş Klubunun üzvü kimi tanınırdı.

Müharibə, silah ticarəti və böyük pullar

  • Birinci Dünya müharibəsi başlayanda Reyli ABŞ-a, Nyu-Yorka yollandı. Məqsədi Avropaya silah satışında vasitəçilik etmək idi. O, müxtəlif ölkələrin sifarişlərini əlaqələndirir, müharibə dövrünün böyük silah bazarında fəaliyyət göstərirdi.

Vasitəçilik Reyli üçün həmişə gəlirli sahə olmuşdu. O, London, Sankt-Peterburq, Berlin və digər Avropa paytaxtlarında özünə lazım olan əlaqələri qurmağı bacarırdı.

London onu soyuq nəzakətlə, Sankt-Peterburq aristokratik mühitin zahiri gözəlliyi və sərt məntiqi ilə, Berlin isə gərgin və sürətli həyatı ilə qarşılayırdı. Lakin Reyli üçün hər səfər ölüm təhlükəsi ilə müşayiət oluna bilərdi.

Bununla belə, o, hər şəraitdə lazım olan insana çevrilməyi bacarırdı.

Biznesdə qazandığı uğur o qədər böyük idi ki, dosyedə onun anasının Odessanın mərkəzində çoxsaylı daşınmaz əmlak aldığı qeyd olunur. Maraqlı məqam ondan ibarətdir ki, həmin əmlaklardan biri – Troitskaya küçəsindəki malikanə İngiltərə konsulluğuna icarəyə verilmişdi.

Beləliklə, Reylinin ailəsi də onun kəşfiyyat və biznes fəaliyyəti ilə müəyyən mənada əlaqəli idi.

İnqilab və bolşevik hakimiyyətini devirmək planı

  • Sonra Rusiyada inqilab baş verdi. Reyli bolşevik hakimiyyətini devirmək planlarının iştirakçısına çevrildi. Birinci Dünya müharibəsi zamanı Antanta ölkələri Rusiyanın Almaniyaya qarşı müharibəni davam etdirməsində maraqlı idilər. Bu səbəbdən onların diplomatları və kəşfiyyat nümayəndələri sovet hakimiyyətinə qarşı müxtəlif gizli əməliyyatlar həyata keçirirdilər. Sidney Reyli də bu böyük geosiyasi oyunun əsas fiqurlarından biri idi.

Planın mahiyyəti sovet hakimiyyətindən narazı olan eserlərin, əsgərlərin və matrosların dəstəyini qazanmaqdan ibarət idi. Əsas məqsəd latış atıcılarını ələ almaq, onların köməyi ilə Vladimir Lenini və hökumət üzvlərini Kremldə həbs etmək, bununla da bolşevik hakimiyyətinə son qoymaq idi.

  • Bu əməliyyatın həyata keçirilməsi üçün Reyliyə bir milyon rubldan çox pul ayrıldığı bildirilir. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə Leninin aylıq maaşı 500 rubl idi. Lakin plan baş tutmadı.

Ümumrusiya Fövqəladə Komissiyası – VÇK hazırlanan dövlət çevrilişindən xəbər tutdu. Feliks Dzerjinskinin rəhbərlik etdiyi sovet əks-kəşfiyyatı geniş agentura şəbəkəsini işə saldı. Britaniya diplomatı Robert Lokkartın əlaqə qurduğu latış atıcıları isə əslində sovet xüsusi xidmət orqanlarının nəzarətində olan şəxslər idi.

Beləliklə, xarici agentlərin və casusların kütləvi həbsləri başladı. Tarixə “Lokkart işi” kimi düşən bu hadisələr zamanı bir sıra iştirakçılar həbs edildi. Lakin Reyli və bəzi digər əsas fiqurlar ölkədən qaçmağa müvəffəq oldular.

Reyli sonralar həmin uğursuz çevriliş cəhdini xatırlayaraq belə deyirdi: “Mən Rusiyanın hakimi olmağa bir millimetr qalmışdım”.

Çörçillin məsləhətçisi, Denikinin qərargahında

Sovet Rusiyasına qarşı fəaliyyət göstərən təcrübəli kəşfiyyatçı kimi Reyli sonralar Uinston Çörçillin məsləhətçilərindən birinə çevrildi. O, bolşeviklərə qarşı mübarizənin davam etdirilməsini vacib hesab edirdi. Lakin İngiltərədə uzun müddət qalmaq onu darıxdırırdı.

1918-ci ilin sonunda Reyli yenidən Rusiyaya qayıtdı. Bu dəfə Anton Denikinin qərargahında fəaliyyət göstərən müttəfiq missiyasının əlaqələndirici zabiti kimi çalışırdı.

  • O, bolşeviklərə qarşı mübarizənin digər tanınmış iştirakçısı Boris Savenkovla da əməkdaşlıq edərək bir sıra uğurlu və uğursuz əməliyyatlarda iştirak etdi.

Lakin sovet xüsusi xidmət orqanları Reylinin izinə düşməkdə israrlı idilər.

  • Onun ələ keçirilməsi üçün sovet əks-kəşfiyyatı məşhur “Trest” əməliyyatını həyata keçirdi. Əməliyyatın məqsədi xarici kəşfiyyat orqanlarını guya bolşeviklərə qarşı fəaliyyət göstərən gizli təşkilatın mövcudluğuna inandırmaq və onların nümayəndələrini tələyə salmaq idi.

Nəticədə Britaniya kəşfiyyatının ən təcrübəli agentlərindən biri sovet-fin sərhədində qurulmuş tələyə düşdü. Onu həbs edərək Moskvaya gətirdilər.

İki ay sonra isə güllələndi.

Ölümündən sonra da əfsanəyə çevrildi

Əvvəlcə heç kim Reylinin ölümünə inanmaq istəmirdi. Avropada və Cənubi Amerikada onun görüldüyü barədə vaxtaşırı şayiələr yayılırdı. Hətta bolşeviklərin tərəfinə keçdiyini iddia edənlər də vardı.

  • Britaniya ictimaiyyətində isə onun obrazı getdikcə daha da əfsanələşdirilirdi.

Beləliklə, Sidney Reyli sonralar Ceyms Bond obrazının yaradılmasına təsir göstərən real şəxslərdən biri kimi təqdim olunmağa başladı. Təbii ki, Bondun prototipi yalnız Reyli deyildi. Lakin onun macəralarla dolu həyatı, çoxsaylı kimlikləri, beynəlxalq əlaqələri və təhlükəli əməliyyatları bu obrazın formalaşmasına təsir göstərən mühüm amillərdən sayılır.

  • Maraqlıdır ki, bütün bu təhlükəli fəaliyyətinə baxmayaraq, Reylinin yaxın dostları da olub.

Onu tanıyan Boris Suvarin kəşfiyyatçı haqqında belə yazırdı:

“Çox qapalı, lakin gözlənilmədən səmimi insan idi. Son dərəcə ağıllı və savadlı, zahirən soyuq, amma qeyri-adi dərəcədə ehtiraslı. Çox az sayda dostu vardı. Həmin insanlar üçün o, öz adamı idi. Kənar şəxslərin qarşısında isə pəncərə qapaqları kimi bağlanırdı”.

Reyli haqqında məlumatlar sonralar “Britannica” ensiklopediyasında da yer aldı. Britaniya kəşfiyyatına xidmətləri onun ölkəsində uzun müddət müzakirə olundu.

Bu gün də Sidney Corc Reyli “Casusların kralı” adlandırılır. Onun haqqında yazılan əsərlərdə tez-tez belə bir fikir səsləndirilir:

“Heç bir başqa casus onun malik olduğu gücə və təsir imkanlarına sahib olmayıb”.

Sidney Reylinin həyatı XX əsrin əvvəllərində kəşfiyyat dünyasının necə amansız olduğunu göstərən ən qeyri-adi bioqrafiyalardan biridir. O, müxtəlif ölkələrdə fərqli adlarla yaşadı, imperiyaların maraqları naminə gizli oyunlarda iştirak etdi, milyonlarla ölçülən əməliyyatların mərkəzində dayandı. Lakin sonda bütün bu bacarıq və təcrübə onu sovet əks-kəşfiyyatının qurduğu tələdən xilas edə bilmədi.

Hazırladı: Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*