Bakı ətrafı bağ evləri bazarının əsas mərkəzlərindən biri olan Novxanı qəsəbəsində payız-qış mövsümünün gəlişi ilə əlaqədar qiymət dinamikasında və alıcılıq fəallığında kəskin ucuzlaşma tendensiyası müşahidə olunur.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, daşınmaz əmlak satışı saytlarında son elanlar mövsümi amillərin bazara birbaşa təsir etdiyini göstərir.
Hazırda satışda 3 otaqlı 82 kvadratmetrlik təmirli həyət evləri 47 000 manata, 3 otaqlı 100 kvadratmetrlik bağ evləri 65 000 manata, 5 otaqlı 180 kvadratmetrlik geniş həyəti olan mülklər 85 000 manata, 4 otaqlı 200 kvadratmetrlik iki mərtəbəli evlər isə 98 000 manat civarında təklif edilir.

Bu qiymət enişinin əsas səbəbi yay aylarında dənizə yaxınlıq hesabına pik həddə çatan tələbatın soyuq aylarda sıfıra enməsidir. Eyni zamanda böyük sahəyə malik bağ evlərinin qış aylarında isidilməsi, texniki baxımı və dəniz kənarındakı rütubətli havanın mülkə vurduğu ziyanın saxlanma xərclərini artırması alıcıların bu evlərə marağını azaldır.
Digər tərəfdən, qış mövsümündə yaranan təcili maliyyə ehtiyaclarını qarşılamaq istəyən mülkiyyətçilər evlərini bazar dəyərindən xeyli aşağı qiymətə satmağa məcbur olurlar.

Daşınmaz əmlak mütəxəssisləri bildirirlər ki, cari ucuzlaşma müvəqqəti xarakter daşıyır və yaz mövsümünün yaxınlaşması ilə bazarda yenidən ciddi canlanma başlanacaq. Hava şəraitinin istiləşməsi, bağ mövsümünün açılışına hazırlıq və şəhərin səs-küyündən uzaqlaşmaq istəyən vətəndaşların tələbatının artması fonunda Novxanıda evlərin qiymətinin yaza doğru yenidən yuxarıya doğru kəskin korreksiya olunacağı gözlənilir.
