Knyaz Sergey Volkonskinin xatirələrinə görə, Müqəddəs Sinodun qüdrətli ober-prokuroru Konstantin Pobedonostsev onun anasını məhz belə adlandırmışdı: “Rusiyanın ən təhlükəli qadını”
Görəsən, söhbət kimdən gedirdi? Əlində bomba gəzdirən inqilabçıdan? İmperatora sui-qəsd hazırlayan qadından? Xeyr! Qarşısında əlli yaşlarında, altı uşaq anası olan bir knyaginya dayanmışdı. Onun silahı isə qədim yunan və latın dillərini bilməsi, müstəqil düşünmək bacarığı və kilsə rəhbərliyinin xoşuna gəlməyən suallar vermək cəsarəti idi.
Söhbət Yelizaveta Qriqoryevna Volkonskayadan (1838–1897) gedir.
Yelizaveta Romada dünyaya gəlmişdi. Həyatı ilk gündən qeyri-adi bir mühitdə formalaşırdı. Atası knyaz Qriqori Petroviç Volkonski İtaliyada Rusiyanın diplomatik xidmətində çalışır, rus rəssamlarına himayədarlıq edir və musiqiyə böyük maraq göstərirdi.
Onun Romadakı Salviati sarayı musiqi məclisləri ilə məşhur idi. Deyilənə görə, Roma Papası IX Piy hətta məşhur Sistina kapellasının xor ifaçılarına knyazın evində çıxış etməyə icazə vermişdi. Bu, adi bir şəxs üçün müstəsna imtiyaz sayılırdı.
Knyaz özü də gözəl oxuyur, musiqiçilərlə dostluq edir, son dərəcə səxavətli davranırdı. Ailə xatirələrinə görə, o, əşyaları bir-bir deyil, dəstə-dəstə alırdı. İtalyan musiqisinin, rus rəssamlarının, katolik kilsələrinin və aristokrat salonlarının əhatəsində balaca Yelizaveta böyüyürdü.
Onun məşhur qohumlarından biri də Romada parlaq ədəbi salonun sahibəsi, Nikolay Qoqolun, Mixail Qlinkanın və Stendalın tanışı Zinaida Volkonskaya idi. Zinaida artıq katolikliyi qəbul etmişdi. Onun həyatı göstərirdi ki, rus knyaz nəslinə mənsub olmaq heç də Roma katolikliyi ilə dini yaxınlığa mane olmur.
Aristokrat ailəsindən teoloji mübahisələrin mərkəzinə
1859-cu ildə Yelizaveta məşhur dekabrist Sergey Volkonskinin oğlu knyaz Mixail Sergeyeviç Volkonski ilə ailə qurdu.
Bu, varlı, nüfuzlu və imperator sarayına yaxın bir ailə idi. Əri yüksək dövlət vəzifələri tuturdu. Övladları incəsənət, musiqi və ədəbiyyat mühitində böyüyürdülər.
İlk baxışdan knyaginya üçün hər şey hazır idi: aristokrat həyat tərzi, təmtəraqlı qəbullar, ailə qayğıları və rahat qocalıq.
Lakin Yelizavetanın maraqları adi aristokrat xanımın məşğuliyyətlərindən xeyli fərqlənirdi. O, xristian kilsəsinin nə üçün pravoslav və katolik qollarına ayrıldığını, bu parçalanmanın əsl səbəblərini və kimin haqlı olduğunu araşdırmaq istəyirdi.
Knyaginya bu işə son dərəcə ciddi yanaşdı. Qədim yunan və latın dillərini müstəqil öyrəndi, kilsə atalarının əsərlərini, kilsə məclislərinin qərarlarını və tarixi sənədləri araşdırmağa başladı.
Tədqiqatları nəticəsində o, rəsmi rus teologiyası üçün arzuolunmaz sayılan qənaətə gəldi: Roma ilə kilsə birliyi Şərq xristian ənənəsindən imtina etmək demək deyil.
Yelizaveta rus kimliyindən imtina etmək istəmirdi. O, sadəcə Roma ilə dini birlikdə olan rus xristianı kimi yaşamaq istəyirdi.
1887-ci ildə, artıq yetkin yaşlarında olarkən, Şərq ayininə bağlılığını qorumaq şərti ilə katolikliyi qəbul etdi.
Bir qadının kitabı imperiya kilsəsini niyə qəzəbləndirdi?
Tezliklə onun “Kilsə haqqında. Tarixi oçerk” adlı kitabı Berlində nəşr olundu. Əsərin üz qabığında müəllifin adı göstərilməmişdi. Lakin bu sirr uzun müddət gizli qala bilmədi. Peterburqda tezliklə kitabın müəllifinin knyaginya Volkonskaya olduğu öyrənildi. Əsər kilsə dairələrində ciddi narazılıq doğurdu.
Ən çox qıcıq yaradan məqam isə ruhani rütbəsi olmayan, teoloji akademik təhsil almamış bir qadının xristianlıq tarixini müstəqil şəkildə araşdırması və tanınmış ilahiyyatçıların qənaətlərini mübahisələndirməsi idi.
Bəzi rəqibləri onun elmi arqumentlərini təkzib etmək əvəzinə, kitabın müəllifliyini şübhə altına almağa üstünlük verdilər.
Peterburqdakı Kazan kilsəsinin baş keşişi protoierey Aleksandr Lebedev əsərlə tanış olduqdan sonra belə bir iddia irəli sürdü:
“Bu kitabı on beş yezuit yazıb, knyaginya Volkonskaya isə sadəcə öz adını verib”.
Belə çıxırdı ki, guya on beş yezuit alim bir araya gələrək kitab yazmış, sonra isə onu titul səhifəsində belə öz adını göstərməyən rus knyaginyasına hədiyyə etmişdi.
Lakin bəzi kilsə xadimləri üçün bir qadının qədim kilsə mətnlərini müstəqil araşdıraraq ciddi teoloji əsər yazmasını qəbul etmək daha çətin idi.
Pobedonostsev və “Rusiyanın ən təhlükəli qadını”
Müqəddəs Sinodun ober-prokuroru Konstantin Pobedonostsev məsələni kifayət qədər ciddi qəbul etdi.
Knyaginyanın fikirlərini təkzib etmək üçün peşəkar ilahiyyatçılar, ruhani akademiyaların professorları və protoiereylər səfərbər edildi. Bir qadının qarşısına rəsmi kilsə mövqeyini müdafiə edən bütöv bir alim ordusu çıxarıldı.
Yelizavetanı yalnız teoloji səhvlərdə deyil, vətənpərvərlik hissinin olmamasında, siyasi etibarsızlıqda, hətta polyaklara rəğbət bəsləməkdə də ittiham edirdilər.
Rusiya imperiyasında elmi mübahisə aparmağın maraqlı üsulu vardı: arqumentlər tükənəndə rəqibi vətənə sədaqətsizlikdə ittiham etmək mümkün idi.
Knyaginyanın kitabının Rusiyaya gətirilməsi qadağan edildi. Həmin dövrdə pravoslavlıqdan katolikliyə keçid qanunvericilik baxımından yolverilməz idi.
Lakin Yelizaveta adi bir insan deyildi. O, nüfuzlu aristokrat ailəsinə mənsub idi. Onunla dinini dəyişmək qərarına gəlmiş sadə bir kəndli kimi davranmaq mümkün deyildi.
Ailə xatirələrinə görə, imperator III Aleksandr məsələnin daha da böyüməsinə imkan verməməyi üstün tutmuşdu.
Altı yüz səhifəlik cavab
Yelizaveta isə geri çəkilmək fikrində deyildi. Qədim mətnləri müstəqil oxumaq və təhlil etmək bacarığına şübhə ilə yanaşan professorlara cavab hazırlamağa başladı.
Onun növbəti əsəri “Kilsə ənənəsi və rus teoloji ədəbiyyatı” adlanırdı. Kitab təxminən altı yüz səhifədən ibarət idi.
Görünür, bu dəfə də on beş yezuit növbəti fövqəladə iclaslarını keçirməli olacaqdı.
Knyaginyanın yaxın dostları arasında xristian kilsələrinin birləşməsini arzulayan məşhur filosof Vladimir Solovyov da vardı.
Yelizaveta onun “Teokratiyanın tarixi və gələcəyi” əsərinin Zaqrebdə nəşr olunmasına kömək etmişdi. Onları nadir mənəvi yaxınlıq birləşdirirdi.
Oğlu Sergey xatirələrində yazırdı ki, anası bir dəfə uşaqlarına dünyada ən çox Vladimir Solovyovu sevdiyini etiraf etmişdi. Ardınca isə zarafatla əlavə etmişdi: əlbəttə, övladlarını daha çox sevir, lakin ruhən Solovyov ona hamıdan yaxındır.
Solovyov da knyaginyaya böyük hörmət bəsləyirdi. Onun ölümündən sonra Yelizavetanı nadir intellektual gücə və mənəvi dürüstlüyə malik qadın kimi xarakterizə etmişdi.
Vicdan azadlığı uğrunda mübarizə
Bütün bunlara baxmayaraq, Yelizaveta yüksək rütbəli rus aristokratının həyat yoldaşı olaraq qalırdı.
Ailədə ehtiyatlı davranmaq lazım idi. Onun dini baxışları açıq şəkildə nümayiş etdirilmirdi. Lakin knyaginya katolik ibadətlərində iştirak edir, elmi əsərlərini yazmağa davam edirdi.
Onu ən çox narahat edən məsələlərdən biri də zadəgan mənşəyinin ona sadə insanların üzləşdiyi təqiblərdən müəyyən qədər qorunmaq imkanı verməsi idi.
O, özünün aristokrat statusu sayəsində nisbətən təhlükəsiz şəraitdə yaşaya bilirdi. Halbuki dinini dəyişmək istəyən sıravi insanlar daha ağır nəticələrlə üzləşə bilərdilər.
Məhz buna görə Yelizaveta təkcə katoliklərin hüquqlarını deyil, ümumilikdə vicdan və dini etiqad azadlığını müdafiə edirdi.
Ölümündən sonra da davam edən mübarizə
1897-ci ilin fevralında Yelizaveta Volkonskaya pnevmoniyaya tutuldu. Xəstəlik ağır keçdi və ölümcül oldu.
Əvvəllər onun dini əqidəsinə qarışmamağa çalışan əri bu dəfə katolik keşişi ata Lanjı dəvət etdi. Knyaginya öz kilsəsinin son dini ayinlərini qəbul etdikdən sonra vəfat etdi. Lakin ölümündən sonra da onun dini seçiminə hörmətlə yanaşmaq məsələsi asan həll olunmadı.
Ailə əvvəlcə ərin ictimai mövqeyini nəzərə alaraq dəfn mərasiminin pravoslav ayini ilə keçirilməsini planlaşdırırdı. Lakin övladları analarının dini mənsubiyyətinin gizlədilməsinə qarşı çıxdılar. Qəzetlərdə katolik dəfn mərasimi haqqında elan dərc olundu. Bu xəbər Pobedonostsevi qəzəbləndirdi. O, narazılığını gizlətməyərək belə demişdi:
“Bu, nə rüsvayçılıqdır!”
Pravoslav ayini ilə dəfn mərasimi artıq mümkün deyildi. Mitropolitlə danışıqlar aparılır, dövlət qanunları ilə mərhumun dini iradəsi arasındakı ziddiyyətdən çıxış yolu axtarılırdı.
Nəhayət, Peterburqda dəfn korteji hərəkətə başladı. Karetlər, qohumlar, yüksək cəmiyyətin nümayəndələri…
Lakin kortej gözlənilən pravoslav kilsəsinə deyil, Nevski prospektində yerləşən Müqəddəs Yekaterina katolik kilsəsinə yönəldi.
Knyaginya katolik ayini ilə yola salındı. Daha sonra tabutu Estoniyadakı, indiki Keila-Joa ərazisində yerləşən Fall ailə mülkünə aparılaraq orada dəfn edildi.
Ən diqqətçəkən məqam isə bu idi: sağlığında insanın pravoslavlıqdan katolikliyə sərbəst keçmək hüququnu tanımaq istəməyən dövlət, onun ölümündən sonra dini seçiminə hörmət etməyə məcbur qalmışdı.
Sergey Volkonski bunu anasının kiçik qələbələrindən biri hesab edirdi.
1905-ci il fərmanı və gecikmiş qələbə
Səkkiz il sonra, 1905-ci ildə Rusiya imperiyasında pravoslavlıqdan digər xristian məzhəblərinə keçidə icazə verən dini tolerantlıq haqqında fərman qəbul edildi.
Yelizaveta Volkonskaya bu günü görmədi. Lakin oğlu yazırdı ki, anasının adı və mübarizəsi həmin dövlət qərarının qəbul edilməsində görünməyən şəkildə iştirak edirdi.
O, inqilab etməmişdi, ordulara komandanlıq etməmişdi, dövlət vəzifəsi tutmamışdı.
Sadəcə qədim kitabları oxumuş, araşdırmış, öz qənaətlərini formalaşdırmış və başqalarının onun əvəzinə nəyə inanmalı olduğunu müəyyənləşdirməsinə imkan verməmişdi.
Pobedonostsevin narahatlığı, görünür, əbəs deyildi. Çünki itaət tələb edən bir sistem üçün müstəqil düşünən qadın on beş uydurma yezuitdən qat-qat təhlükəli idi.
Hazırladı: Natiq Səlim,
KONKRET.az
