“İlk növbədə bildirmək istəyirəm ki, qlikokortikoid fəallığına malik olduğuna görə, deksametazon virus infeksiyaları zamanı potensial farmakoloji fəallıq göstərə bilməz. Digər tərəfdən, qlikokortikoidlərin kəskin virus infeksiyası zamanı istifadəsi, virusların orqanizmdən xaric olmasını (həm infeksiyanın davam etmə, həm də sağalma dövründə) ləngidə bilir. Deksametazon həmçinin virus infeksiyasının kəskinləşmə dövründə, hətta virusların sürəkli replikasiyasına (artıb-çoxalmasını) səbəb ola bilər. Bir cəhəti də unutmaq olmaz ki, prednizalon və ya deksametazonla müalicəyə zərurət yarandığı istənilən xəstəlik zamanı, bu preparatların təyini xüsusi sxemlə aparılmalı, sonda mütləq şəkildə “doza endirimi” prinsipinə (dozanın azaldılaraq kəsilməsi) əməl olunmalıdır”.
KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri Musa Qəniyev deyib.
M.Qəniyev bildirib ki, dozanın birdən kəsilməsi, özünü kəskin klinik əlamətlərlə göstərən “kəsmə sindromu”nun meydana çıxmasına, bu halın sürəkli davamı isə, hətta ölümə səbəb ola bilər: “Virus infeksiyaları zamanı deksametazon, eləcə də digər təbii və ya sintetik qlikokortikoidlərdən istifadə etdikdə, ikincili infeksiya kimi, bakterial floranın kəskin aktivləşməsi halı müşahidə oluna bilər. Qlikokortikoidlər immunosupressiv təsirə malik olduğundan, orqanizmin bütün-mikrob, virus, parazit və s. infeksiyalarına qarşı müqavimətini də kəskin şəkildə azaldır. Bildirmək istəyirəm ki, deksametazonla aparılan uzunmüddətli müalicə, kəsildikdən sonra, xəstələr ən azı bir il müddətinə nəzarətdə saxlanılmalıdır. Çünki deksametazonun yüksək dozası ilə müalicə alan şəxslər, sonrakı bir il ərzində kəskin stress halı keçirsələr, onlarda böyrəküstü vəzin çatışmazlığı əmələ gələ bilər. Bunun da nəticəsinin əlavə izaha ehtiyacı yoxdur. Birbaşa virilosid aktivliyə malik olmaması və söylədiyim əlavə təsirlərinə görə deksametazonun aşağıda göstərdiyim bəzi xüsusi hallar istisna olunmaqla, xüsusən kəskin virus infeksiyası zamanı istifadəsi mütləq əks göstərişdir. Mən yuxarıda qeyd etdim ki, tək deksametazona deyil, ümumiyyətlə, bütün, qlikokortikoidlərə xas olan əsas effektlərindən biri immunosupressiv təsir xüsusiyyətidir. Yəni bu preparatlar immunuteti süstləşdirir. Təbii ki, bu hal, ilk baxışda, istənilən xəstəliklə mübarizədə arzuolunmazdır. Lakin immun fəallığın kəskin endogen modulyasiyası ilə müşahidə olunan bir çox ağır gedişli və əksər hallarda letal sonluğa səbəb olan xəstəliklər zamanı, müalicəvi effekt yalnız və yalnız immun aktivliyi süstləşdirən terapiya fonunda mümkündür. COVİD19-un ağır-süni oksigen müdaxiləsi tələb edən klinik forması məhz bu cür xəstəlikdir. Qlikokortikoidlərin immunuteti süstləşdirməsi mürəkkəb mexanizmlərlə icra olunsa da, bunun əsasında genlər arası transinhibisiya və transaktivasiya mexanizmlərində baş verən submolekulyar dəyişikliklər durur. Həqiqət budur ki, COVİD19-un xəstələrin süni tənəffüs aparatına bağlanma zərurəti olan ağır formalarında, orqanizmin bütün “ehtiyat immun qüvvələri” bu virusla mübarizəyə qalxır (adi halda, immun sistem potensial fəallığının yalnız 20%-dən istifadə edir). Yəni canlı orqanizm və virus arasında “ölüm – dirim mübarizəsi” başlayır. Bu hal kritik durumda olan xəstələrdə “sitokin fırtınası” adlanır. Sonuncunun ön plana çıxan klassik klinik əlaməti, ölümlə nəticələnə bilən, respirator distress-sindromdur. Yəni ölümə virusun bilavasitə özü deyil, immun sistemin korreksiya olunmayan kəskin hiperaktivlik halı səbəb olur. Əksər mütəxəssislər qanın laxtalanmasının yüksəlməsini bu infeksiyanın proqnozunun pisləşməsinin, eləcə də letallığı şərtləndirən əsas amil hesab edir. Bildirmək istəyirəm ki, bu hal, immun sistemin hiperaktivliyinin nəticəsi kimi, orqanizmin virusların aqreqasiyasının qarşısının alınmasına yönəltdiyi son kompensator “özünü qoruma” reaksiyalarından biridir. Odur ki, ölümə səbəb olan Sitokin fırtınası halında deksametazon həm immunosupressiv, həm də iltihabəleyhinə təsirlərinə görə, bu prosesi aktiv şəkildə aradan qaldırmalı və xəstəliyin proqnozuna münasibətdə müsbət dəyişikliklər törətməlidir. Deksametazonun COVİD19-un ağır gedişli formalarında müalicəvi effekti mütləqdir və bu səbəbdən də ağır xəstələrin müalicə protokoluna qeyri-şərtsiz olaraq daxil edilməlidir. Sadəcə bir faktı nəzərə almaq lazımdır ki, deksametazon ikincili infeksiya kimi, bakterial floranı aktivləşdirdiyindən, bu halda COVİD19-un müalicə protokoluna geniş təsir spektirli antibiotiklərin (məs. azitromisin və s.) əlavə olunması zərurətdir. Bilmək lazımdır ki, COVİD19-un müalicə sxeminə antibiotik yalnız bu halda və ya ikincili infeksiyanın meydana çıxdığı hallarda daxıl edilməlidir. Daha indiki kimi kiminsə istək və arzusuna görə yox!.. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, deksametazon virusəleyhinə dərman maddəsi deyildir. Yalnız COVİD19-un ağır gedişli formalarında xəstələrin vəziyətini yaxşılaşdıra bilər. Xəstəliyin yüngül formalarında onun istifadəsi mütləq əks göstərişdir. Digər tərəfdən, deksametazon son dərəcə ciddi əlavə effekt törədə bilən preparat olduğundan, onun təyinatı, dozalanması, müalicə sxemi, yalnız xəstəxana şəraitində və klinisist həkimin birbaşa nəzarəti altında aparılmalıdır. Ondan ev şəraitində və həkimin təyinatı olmadan, qəti şəkildə istifadə etmək olmaz”.
