“The Washington Times”da Paşinyanla bağlı növbəti “ifşa”backend

“The Washington Times”da Paşinyanla bağlı növbəti “ifşa”

İngilisdilli mühafizəkar yönümlü “The Washington Times” nəşrində Ermənistan Baş naziri Nikol Paşinyanla bağlı sərt məqalə dərc olunub.

KONKRET.az xəbər verir ki, məqalədə “Ermənistanda 7 iyun seçkiləri artıq oğurlanıb” və “bu xristian ölkəsi baş nazirin hücumuna məruz qalır” kimi iddialar yer alıb.

Lakin qeyd etmək lazımdır ki, sözügedən yazı araşdırma materialı deyil, daha çox siyasi şərh xarakterli müəllif köşəsidir. Yəni məqalədə faktlarla yanaşı, müəllifin siyasi interpretasiyası da geniş yer tutur.

Məsələn, yazıda ermənilərin Qarabağı könüllü tərk etməsi Ermənistanın müstəqilliyini qorumaq üçün “şüurlu qurban” kimi təqdim olunur. Müəllif bundan “xəyanət” nəticəsi çıxarır. Lakin bu, məhkəmə qərarı və ya hüquqi qiymətləndirmə deyil, siyasi yanaşmadır.

Məqalədə Paşinyanın reytinqinin “8 faiz” olduğu da bildirilir. Amma bu rəqəmin hansı sorğuya, hansı metodologiyaya və hansı mənbəyə əsaslandığı göstərilmir. Buna görə də həmin göstəricini yoxlamaq mümkün deyil.

Yazıda həmçinin “seçkilərin ədalətli olmayacağı”, “müxalifətin təqib edildiyi” və “Avropa İttifaqının hakimiyyətə kömək etdiyi” kimi iddialar səsləndirilir. Ancaq bu mövzular alternativ mövqelər və balanslı izahlarla təqdim olunmur.

Bu səbəbdən material Ermənistanda seçkiqabağı siyasi mübarizə fonunda yayılan mövqeli məqalə kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, “The Washington Times” “The Washington Post” nəşri ilə əlaqəli deyil. Məqalə hazırda sosial şəbəkələrdə, o cümlədən Rusiya seqmentində fəal şəkildə yayılır.

Ekspertlər bu cür materiallara tənqidi yanaşmağın və iddiaları müstəqil mənbələrdən yoxlamağın vacib olduğunu bildirirlər.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*