1990-cı illər Azərbaycanın tarixində təkcə siyasi və hərbi sınaqlar dövrü deyil, həm də minlərlə gəncin taleyini dəyişən bir mərhələ kimi yadda qalıb. Müstəqilliyini yenicə bərpa etmiş ölkədə çağırışçılar bəzən qanunla nəzərdə tutulandan qat-qat artıq – 3 ildən 5 ilədək hərbi xidmət keçərək həm ön cəbhədə, həm də arxa planda dövlətin yükünü çiyinlərində daşıdılar. Bu illər onların təhsilini yarımçıq qoydu, karyera planlarını gecikdirdi və həyatlarına silinməz izlər buraxdı.
Maraqlıdır, onların əlavə xidmət müddəti nəzərə alınaraq dövlət tərəfindən hər hansı kompensasiya verilməsi, yaxud xüsusi medal və imtiyazlarla təltif olunması məsələsi gündəmə gətirilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, 90-cı illər Azərbaycan üçün son dərəcə ağır dövr olub:
![]()
“Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi və ölkə faktiki olaraq həm daxili, həm də xarici təhdidlərlə üz-üzə idi. Həmin dövrdə hərbi xidmətə çağırılan gənclərdən bəziləri 3 il, digər bir qismi isə 5 ilədək xidmət keçiblər. Bu, onların həyatına, təhsilinə və gələcək fəaliyyətinə birbaşa təsir göstərib. Buna baxmayaraq, o dövrün gəncləri vətənin müdafiəsi üçün əllərindən gələni ediblər”.
Ekspert deyib ki, həmin şəxslərin xidmətlərinin sonradan qiymətləndirilməsi istiqamətində konkret addımlar atılmalıdır. Onun sözlərinə görə, əlavə xidmət müddəti nəzərə alınaraq dövlət tərəfindən kompensasiya mexanizmlərinin tətbiqi, eləcə də xüsusi medal və döş nişanlarının təsis olunması mümkündür:
“Bu məsələ üzərində düşünmək və müəyyən işlər görmək lazımdır. Ən azından həmin vətəndaşlara əlavə xidmət müddətinə görə imtiyazlar verilməsi, onların dövlət səviyyəsində təşəkkür və təltiflərlə qiymətləndirilməsi vacibdir. Bu, həm sosial ədalətin təmin olunması, həm də vətənə xidmətin dəyərinin göstərilməsi baxımından önəmlidir”.
Üzeyir Cəfərov eyni zamanda qeyd edib ki, əvvəlki illərdə də müxtəlif hərbi əməliyyatlarda iştirak edən şəxslərin əməyinin tam şəkildə qiymətləndirilmədiyi hallar olub:
“Təəssüf ki, 2016-cı ilin aprel döyüşlərində, Vətən müharibəsində və sonrakı antiterror əməliyyatlarında iştirak edən bəzi hərbi qulluqçuların əməyi lazımi səviyyədə qiymətləndirilməyib. Bu, ciddi narahatlıq doğuran məsələdir”.
Ekspert qarşıdan gələn 9 May – faşizm üzərində Qələbə Gününü də xatırladaraq bildirib ki, tarixən ön və arxa cəbhədə xidmət göstərən insanların əməyinə yüksək qiymət verilib:
“Biz hər il bu tarixi qeyd edərkən həmin insanların xidmətlərini xüsusi vurğulayırıq. Amma öz vətəndaşlıq borcunu çətin şəraitdə yerinə yetirmiş insanlara da eyni diqqəti göstərməliyik.
Bu insanlar 3-5 il, bəziləri isə daha artıq müddətdə xidmət ediblər. Onların ətəyinə ən azından dövlət səviyyəsində minnətdarlıq ifadə olunmalıdır. Bunun üçün müvafiq qurumlar ciddi şəkildə çalışmalıdır”.
Aynurə İsmayıl
KONKRET.az
