Qırğızıstanda Joqorku Keneşin deputatları ilə baş nazirin müavini Edil Baysalov arasında mübahisə olub.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, iyunun 20-də Baysalov deputatları tənqid edib və onları konstitusiyanı diqqətlə öyrənməyə çağırıb.
Belə ki, deputatlar onun bu sözlərinə hiddətləniblər. Deputat Vinera Raimbaçayeva Edil Baysalovdan dövlət qulluqçusunun etik və davranış normalarına əməl etməyi xahiş edib.

Qeyd edək ki, görüşdən sonra Baysalov jurnalistlərə müsahibəsində Joqorku Keneşi “sirk” adlandırıb.
“Bizdə daima başqalarının hesabına özümüzü təsdiq etmək cəhdləri olur. İnsanlar sirkə və teatra getmirlər, çünki bütün teatr, sirk buradadır”, – o əlavə edib.
Ertəsi gün, iyunun 21-də Joqorku Keneşin sədri Nurlanbek Şakiev bəyan edib ki, Qırğızıstan parlamenti Edil Baysalovun intizam məsuliyyətinə cəlb olunmasını tələb edib.
Deputat Erulan Kokulov Qırğızıstan Prezidenti Sadır Japarovla görüşdə spikeri Baysalovun istefası ilə bağlı məsələ qaldırmağa dəvət edib.
İyunun 22-də isə iclasda deputat Şailoobek Atazov Baysalovu dövlətə xəyanətdə ittiham edib.

“Görünür, parlamentdə kofe içəndə ona nəsə qatıblar. Başı fırlanır. Deyir ki, parlamentin qərarları məsləhət xarakteri daşıyır, parlament debat klubu kimidir. Orada vətənə xəyanət əlamətləri var. Onun sözləri konstitusiya quruluşuna qəsd edir, prezident və parlament idarəçiliyini inkar edir. Bundan başqa o, deputat seçkilərinin nəticələrini şübhə altına alır”, – deyə Şailoobek Atazov bildirib.
Qeyd edək ki, Baysalovun Joqorku Keneş deputatları ilə qarşıdurmaya girməsi ilk dəfə deyil. Bir il əvvəl Milli Məclisin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında mübahisə olub.
Edil Baysalov 2021-ci ilin oktyabr ayından Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinidir, sosial bloka nəzarət edir. O, bundan əvvəl Qırğızıstanın Böyük Britaniyadakı səfiri olub.
Joqorku Keneş 90 deputatdan ibarət Qırğızıstanın birpalatalı parlamenti, dövlətin qanunverici orqanıdır.
İqbal Rzayev,
KONKRET.az
