Ehtiyatda olan vətəndaşlar hərbi təlimlərə necə cəlb olunur? – Polkovnik detalları AÇIQLADIbackend

Ehtiyatda olan vətəndaşlar hərbi təlimlərə necə cəlb olunur? - Polkovnik detalları AÇIQLADI

Son günlər sosial şəbəkələrdə Azərbaycanda hərbi təlimlərə könüllü şəkildə qoşulmağın mümkün olduğu, həmçinin təlim iştirakçılarına 420 manat ödəniş verildiyi ilə bağlı iddialar geniş yayılıb.

Yayılan məlumatlar cəmiyyətdə maraq doğursa da, bu məsələnin hüquqi əsasları və ehtiyatda olan vətəndaşların hərbi təlimlərə cəlb edilmə qaydası ilə bağlı müxtəlif suallar yaranır.

Görəsən, Azərbaycanda hərbi təlimlərə könüllü şəkildə qoşulmaq mümkündürmü və sosial şəbəkələrdə yayılan 420 manat ödəniş iddiaları həqiqəti əks etdirirmi?

KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən hərbi təlimlərə könüllü şəkildə qoşulmaq mümkün deyil.

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

 “Azərbaycanda hərbi təlimlərə könüllü şəkildə qoşulmaq mümkün deyil. Qanunvericiliyə əsasən təlimlər yalnız müvafiq güc strukturlarının sifarişi əsasında keçirilir. Hansı ixtisaslar üzrə hazırlığa və ya təkmilləşdirməyə ehtiyac varsa, məhz həmin sahələr üzrə ehtiyatda olan mütəxəssislər təlimlərə cəlb edilirlər.”

Ekspert sosial şəbəkələrdə yayılan 420 manat ödənişlə bağlı məlumatların da həqiqəti əks etdirmədiyini vurğulayıb.

Ü.Cəfərov bildirib ki, ehtiyatda olan vətəndaşların hərbi təlimlərə cəlb olunması yaşayış yeri üzrə qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki hərbi uçot məlumatlarına əsasən həyata keçirilir.

“Şəxsin hərbi uçot ixtisasına uyğun olaraq – rabitəçi, tankçı, artilleriyaçı, snayper və ya digər ixtisas sahibi kimi qeydiyyatı aparılır. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və ya Daxili Qoşunların keçirdiyi təlimlərin planına uyğun olaraq ehtiyat hərbi qulluqçuları təlimlərə çağırılır. Buraya təkcə keçmiş əsgərlər deyil, müddətdən artıq həqiqi hərbi xidmət keçmiş hərbi qulluqçular, gizirlər və zabitlər də daxildir. Təlimlərə cəlbetmə mexanizmi bu qaydada işləyir.”

Hərbi ekspert qeyd edib ki, hərbi təlimlərdə iştirak etmək istəyən şəxslər yalnız qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə müraciət edə bilərlər.

“Əgər gələcəkdə həmin şəxsin ixtisasına uyğun təlimlərin keçirilməsi planlaşdırılarsa, onun müraciəti nəzərə alına bilər. Lakin bu, könüllü müraciət edən hər kəsin avtomatik olaraq təlimlərə cəlb olunacağı anlamına gəlmir”, – deyə Üzeyir Cəfərov əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*