“Der Tagesspiegel”: “Putin və Ərdoğan Qərbə qarşı ittifaq qurdu”backend

“Der Tagesspiegel”: “Putin və Ərdoğan Qərbə qarşı ittifaq qurdu”

Rusiya Prezidenti Vladimir Putin və Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bir çox dövlətlərin şübhə ilə yanaşdıqları müttəfiqliklərini uğurla davam etdirirlər. Əslində onların müttəfiqlikləri Qərbə qarşı bir ittifaqdır. Aralarında müəyyən anlaşılmazlıqlar olsa da, sonda bir-birlərinə güzəştə getməyi bacarırlar. Türkiyə üçün Rusiya əsas təbii qaz tədarükçüsü olduğu kimi, həm də ilk türk nüvə stansiyasının inşaatçısıdır. Öz növbəsində Ankara da Moskva üçün strateji tərəfdaşdır. Belə ki, “Şimal Axını”nın cənub variant olan “Türk Axını” layihəsi Moskva üçün böyük strateji əhəmiyyətə malikdir. Ərdoğanın Putinlə əməkdaşlığı ona müstəqil xarici siyasət yürütməyə, yəni ABŞ və Avropadakı ənənəvi tərəfdaşlarını görməməzliyə vurmağa imkan verir.

İqtisadi əlaqələr baxımından Moskvanın Ankaraya böyük təsiri var. Çünki keçən il Türkiyədən Rusiyaya 21 milyard dollar məhsul göndərilib. Əvəzində isə Rusiyadan cəmi 3 milyard dollar dəyərində məhsul idxal edib.Türkiyənin də Rusiyadan müəyyən asılılığı var. Belə ki, 2015-ci ildə Suriyada müharibə başlayanda Putin və Ərdoğan cəbhənin əks tərəflərində idi. Moskva Suriyanın lideri Bəşər Əsədin hakimiyyətdə qalmasını istəyirdi. Ankara isə onu devirmək istəyirdi. Çox sürətlə qarşıdurma oldu: Türk Hava Qüvvələri bir rus bombardmançı təyyarəsini vurdu.

Bundan sonra Putin və Ərdoğan arasında yaranan soyuqluq çox vaxt apardı. Və bu, Türkiyə prezidentinin Suriyanın cənubunda kürdlərə qarşı hərbi əməliyyat keçirməsində Rusiyadan dəstək istəməsi ilə başa çatdı. Kremlin rəhbəri bunu ABŞ-ı bölgədən sıxışdırmaq üçün bir fürsət kimi qiymətləndirdi. Və razılığını verdi. Ancaq İdlibdə Rusiya və Türkiyənin maraqları uzlaşmadı. Putin Əsədin vilayətini azad etmək istəyirdi, Ərdoğansa buna qarşı çıxdı. Liviyada da  Moskva və Ankara dil tapa bilmədilər. Belə ki, Türkiyə Aralıq dənizindəki nüfuzunu genişləndirməyə çalışır və Tripolidəki Milli Saziş Hökumətinə dəstək verir, Rusiya isə Liviya Milli Ordusunun lideri Xəlifə Haftara kömək edir.

Vaxtilə polkovnik Müəmmar Qəddafinin devrilməsi Rusiyanın maliyyəsinə ağır zərbə oldu. Çünki Moskva ona neft və qaz hasilatı və dəmir yolu xəttinin inşası üçün 4,5 milyard dollar kredit vermişdi. Hakimiyyət dəyişikliyindən sonra Türkiyə yeni Liviya  hökuməti ilə oxşar müqavilələr bağladı. Nəticədə Rusiya işsiz qaldı. Ancaq müəyyən dərəcədə Rusiya-Türkiyə əməkdaşlığı Liviyada qalır. Dağlıq Qarabağ münaqişəsində Ankara və Moskva da fərqli tərəfləri dəstəklədi: Ərdoğan Azərbaycanı, Putin isə Ermənistanı. Geosiyasi maraqlardakı ciddi ziddiyyətlərə baxmayaraq, Rusiya və Türkiyə daim inanılmaz dərəcədə yüksək və sabit bir iş birliyi əldə edə bilir.

Elə Qarabağ məsələsində də belə oldu. Türkiyə Rusiyayla ortaq məxrəcə gələrək 30 ilə yaxın davam edən münaqişədə davamlı sülhə nail oldu. Halbuki ATƏT-in  Minsk qrupunun həmsədrləri kimi ABŞ və Fransa Qarabağ probleminin həllində 25 il ərzində heç nə ilə yadda qalmadılar. ABŞ və Fransanın bacarmadığını isə Türkiyə ilə Rusiya bacardı. Və bununla da Qərb qarşısında yeni bir müttəfiq kimi özlərini təsdiqlədilər.

“Der Tagesspiegel”, 25 noyabr 2020

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*