“Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsi üçün hökumətin iqtisadi hesablamaları və əsaslandırması var, beynəlxalq şirkət tərəfindən müvafiq araşdırma aparılıb”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Baş nazirin açıqlamasına səbəb “Ermənistan” müxalifət blokunun fraksiyasından olan deputat Artur Xaçatryanın sualı olub. Deputat qeyd edib ki, “Dünyanın kəsişməsi” layihəsinin texniki-iqtisadi əsaslandırmasını təqdim etməsi tələbi ilə hökumətə dəfələrlə yazılı sorğular göndərib. Nəticədə Ərazi İdarəetmə Nazirliyindən belə bir araşdırma aparılmaması ilə bağlı cavab verilib.
Baş nazir əmin edib ki, hökumətin də analoji hesablamaları var, onlar beynəlxalq təşkilat tərəfindən aparılıb və hökumət bu sənədi təqdim edə bilər. “Bu sənədin sizə təqdim edilməməsinin səbəbini bilmirəm”, – deyən Paşinyan yenidən hazırladığı araşdırmanı deputatla bölüşəcəyini vəd edib. Bununla yanaşı, Paşinyan əlavə edib ki, “Dünyanın kəsişməsi” layihəsi təkcə iqtisadi layihə deyil. Onun sözlərinə görə, bu, daha geniş və əhatəli layihədir və siyasi əhəmiyyəti böyükdür.
Rəsmiyyə Şərifova,
KONKRET.az
