“D-18” hərəkatının sədri Əhməd Məmmədli sabiq sədr Ruslan İzzətlinini təşkilatdan uzaqlaşdıra bilmədi.
KONKRET.az xəbər verir ki, uzun müddətdir hərəkatın sabiq və indiki sədrləri arasında gedən münaqişələrin nəticəsində Əhməd Məmmədli geri çəkilməyə məcbur olub. Belə ki, cari ilin may ayında D-18 hərəkatının sıravi üzvü, sabiq sədri Ruslan İzzətlinin hərəkatın qadın üzvləri, eyni zamanda qadın ictimai fəallara qarşı nalayiq hərəkətlər etməkdə ittiham edilərək idarə heyətinin yekdil qərarı əsasında təşkilatdan qovulması ilə bağlı xəbər yayılmışdı.
Bununla bağlı hərəkatın sədri Əhməd Məmmədli tərəfindən Ruslan İzzətliyə sosial şəbəkə vasitəsilə bildiriş göndərilsə də, Ruslan İzzətli yeni qərarı həzm edə bilmədi. Yeni komanda isə öz növbəsində Ruslan İzzətli və bir sıra tərəfdaşlarının qarşısında susmalı oldular. Bəs “like” sayını dürüstlükdən üstün tutan yeni nəsil siyasətçi köhnə komandanın qarşısında niyə aciz qaldı? Demokratik çıxışları, ölkədə köklü dəyişikliklər edəcəyi açıqlamaları ilə “sektor uşaqları” arasında gündəmə gələn Əhməd Məmmədli qadınlara qarşı cinsi qısnamaları ilə tanınan, aciz xarakterli İzzətliyə qalib gələ bilmədi?
Xatırladaq ki, hadisələrdən bir neçə ay keçməsinə baxmayaraq, ictimaiyyətə mövcud vəziyyətlə bağlı hər hansı bir açıqlama verilməyib. Xəbər portallarında Ruslan İzzətlinin hərəkatdan qovulma səbəbi gündəm olmaqla yanaşı, Əhməd Məmmədli və digər üzvlərin səmimiyyətsizliyi davam edir.
Hərəkatın qadın üzvləri, eyni zamanda qadın ictimai fəallara qarşı nalayiq hərəkətlər etməkdə ittiham olunan İzzətli iddiaları əsassız hesab etdiyini və bütün bunların hakimiyyətin trol şəbəkəsinin fəaliyyəti ilə əlaqələndirdiyini bildirib. Əhməd Məmmədli isə hərəkatın yekun qərarını, R.İzzətlinin qovulması faktını etiraf etməkdən yayınmaqla yanaşı, qərardan vaz keçmək niyyətindədir. Xatırladaq ki, “D-18” hərəkatı 2013-cü ilin martın 18-dən fəaliyyət göstərməyə başlayıb. İlk sədr Ruslan İzzətli olub. 2021-ci ilin sentyabrın 18-də “D-18” hərəkatının qurultayı keçirilib. Qurultayda yeni sədr Əhməd Məmmədli seçilib. Ruslan İzzətli isə sıravi üzv kimi fəaliyyətinə davam edirdi.
Natiq Səlim,
KONKRET.az
