Azərbaycanın təhsil sistemində növbəti ciddi maliyyə pozuntuları və qanunsuzluqlar aşkar edilib. Hesablama Palatasının (HP) Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) apardığı kompleks yoxlamalar qurumun fəaliyyətində son dərəcə ciddi nöqsanların və qanun pozuntularının olduğunu üzə çıxarıb.
KONKRET.az nocommentaz-a istinadən xəbər verir ki, Hesablama Palatasının apardığı araşdırmalar zamanı məlum olub ki, kiçik qurumların bu cür miqyaslı qanun pozuntularına yol verməsi birbaşa Elm və Təhsil Nazirliyinin (ETN) öz tabeliyindəki qurumların işinə nəzarəti tamamilə itirməsinin və ya göz yummasının nəticəsidir. Ekspertlər haqlı olaraq sual edirlər: Görəsən, nazirlik niyə tabeçiliyində olan agentliyin fəaliyyətinə uzun müddət nəzarət etməyib? Bu, açıq-aşkar səriştəsizlikdən, yoxsa məsuliyyətsizlikdən və cılız şəxsi maraqlardan qaynaqlanır?
Təcrübə göstərir ki, Hesablama Palatası indiyədək Elm və Təhsil Nazirliyinin tabeliyində olan hansı qurumda yoxlama aparıbsa, dərhal ciddi maliyyə pozuntuları aşkar olunub. Abşeron-Xızı və digər Regional Təhsil İdarələrindəki irimiqyaslı maliyyə mənimsəmələri, eləcə də Maliyyə Monitorinqi Mərkəzinin internat tipli məktəblərdə keçirdiyi yoxlamalar zamanı ortaya çıxan faktlar hər şeyi göz önünə sərir. Ən acınacaqlısı odur ki, bu yoxlamaların müəyyən etdiyi mənimsəmə rəqəmləri sadəcə milyonlarla deyil, tək-tək 8 rəqəmli ədədlərlə ifadə olunur. Ölkə rəhbərliyinin “təhsil ölkənin bir nömrəli prioritetidir” çağırışına baxmayaraq, təhsil büdcəsinin son illərdə dəfələrlə artmasına rəğmən təhsilin keyfiyyətinin davamlı olaraq tənəzzül etməsinin əsas səbəbi məhz bu sistemli talançılıqdır.
İctimaiyyətdə və ekspert dairələrində isə artıq daha sərt suallar səsləndirilir: Təhsil sistemini bürüyən bu qədər korrupsiya bataqlığı, milyardlarla vəsaitin talanması və nəzarətsizlik fonunda baş verənlər, təhsil naziri Emin Əmrullayevin də aqibətini sual altında qoyurmu? Ölkənin bir nömrəli sahəsində hökm sürən bu qədər nöqsanlar və maliyyə skandalları nazirin sonunu gətirə bilərmi? Əgər Hesablama Palatası birbaşa Elm və Təhsil Nazirliyinin özündə və digər agentliklərində genişmiqyaslı reydlər və yoxlamalar apararsa, ortaya çıxacaq ciddi mənzərə qarşısında məsuliyyəti kim daşıyacaq?
Nazirliyin bu kimi ciddi korrupsiya faktlarına qarşı adekvat tədbir görməməsi və “köhnə hamam, köhnə tas” siyasətini davam etdirməsi isə ölkənin təhsilinin və gələcəyinin taleyini birbaşa təhlükə altına atır.
