Azərbaycan xarici borcun Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin aşağı olmasına görə dünya ölkələri arasında ən yaxşı göstəricilərə malik dövlətlər sırasındadır.
KONKRET.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramovun “Facebook” səhifəsində paylaşım edib.
Deputat bildirib ki, Prezident İlham Əliyev “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycanın xarici borcunun ÜDM-in 5 faizindən bir qədər çox olduğunu vurğulayıb. Dövlət başçısı bu göstəriciyə görə ölkəmizin dünyada xarici borcu ən aşağı olan dövlətlərdən biri olduğunu qeyd edib.
Vüqar Bayramovun sözlərinə görə, iqtisadi təhlükəsizliyin əsas meyarlarından sayılan bu göstərici üzrə “World Economics”in statistikası da Azərbaycanın yüksək mövqeyini təsdiqləyir. Xarici borc almaq potensialı olan ölkələr arasında Azərbaycan dünya üzrə ilk üçlükdə qərarlaşıb.
Deputat qeyd edib ki, xarici borcun ÜDM-dəki payının birrəqəmli olduğu ölkələrin sayı dünyada cəmi 9-dur. Avropa regionunda isə Azərbaycan xarici borcun ÜDM-ə nisbətinin aşağı olmasına görə birinci yerdədir.
Müqayisə üçün bildirilib ki, Avropada ÜDM-ə nisbətdə ən yüksək xarici borc göstəriciləri Lüksemburq, Malta və Kiprdə qeydə alınıb. Xarici borc yükü ən yüksək olan ilk 10 ölkənin siyahısını Fransa tamamlayır. Bu ölkənin xarici borcu ÜDM-dən 2,6 dəfə çoxdur.
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollar təşkil edir. Bu məbləğ ölkənin xarici dövlət borcunu 20 dəfə üstələyir. Deputatın fikrincə, bu göstərici Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
