Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şəxs Ramin Həsənovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 5 il 4 ay 12 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib və Abşeron Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanansında saxlanılması nəzərə alınıb.
İttihama görə, Ramin Həsənov tamah məqsədilə etibardan sui-istifadə və aldatma yolu ilə iki nəfərin əmlakını ələ keçirib. İş üzrə birinci epizod Bakı şəhərinin Xəzər rayonunda yerləşən quşçuluq fermasından ətlik cücələrin götürülməsi, ikinci epizod isə tanışından toyuq məhsullarının satışı və torpaq sahəsinin alqı-satqısı adı ilə pul alınması ilə bağlıdır.
Belə ki, təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən quşçuluq fermasının sahibi İ.Həsənova fermada saxlanılan ətlik toyuqları topdansatış yolu ilə alıb satacağını və sonradan pulunu ödəyəcəyini vəd edib. Bu vədə inanan sahibkar ona müxtəlif tarixlərdə cücələr verib.
İstintaq materiallarında göstərilib ki, Ramin Həsənov 2023-cü il ərzində çoxsaylı partiyalarla ümumilikdə minlərlə cücə götürüb. Cücələrin kiloqramı ayrı-ayrı tarixlərdə 2,85 və 2,9 manatdan hesablanıb. Lakin ittihama görə, o, götürdüyü məhsulların dəyərini tam ödəməyib, bəzi hallarda isə ümumiyyətlə ödəniş etməyib.
Belə ki, ilk epizodlardan birində 868,23 kiloqram çəkidə 475 ədəd cücəni götürərək 2 517,87 manat ödəməli olduğu halda 1 550 manat ödəyib və 967,87 manat borc qalıb.
Digər epizodlarda isə təqsirləndirilən şəxsin 1 108,8 kiloqram çəkidə 576 ədəd cücə üçün 3 215,52 manat, 1 306,30 kiloqram çəkidə 670 ədəd cücə üçün 3 788,27 manat, 555,40 kiloqram çəkidə 300 ədəd cücə üçün 1 610,66 manat ödəmədiyi qeyd olunub.
İttihamda həmçinin 1 106,30 kiloqram çəkidə 582 ədəd cücəyə görə 3 152,96 manat, 2 729,5 kiloqram çəkidə 1 404 ədəd cücəyə görə 7 779,08 manat, 593 kiloqram çəkidə 337 ədəd cücəyə görə 1 690,05 manat və 2 653,4 kiloqram çəkidə 1 320 ədəd cücəyə görə 7 562,19 manat ödənilmədiyi göstərilib.
Bundan başqa, 2 447,8 kiloqram çəkidə 1 200 ədəd cücə üçün 6 976,23 manat, 2 176,5 kiloqram çəkidə 1 240 ədəd cücə üçün 6 203,03 manat, 189 kiloqram çəkidə 100 ədəd cücə üçün 538,65 manat, 2 966,54 kiloqram çəkidə 1 400 ədəd cücə üçün 8 602,97 manat və 2 720,03 kiloqram çəkidə 1 347 ədəd cücə üçün 7 888,09 manat ödənilmədiyi iddia olunur.
İttiham aktında digər partiyalar üzrə də oxşar hallar əksini tapıb. Təqsirləndirilən şəxsin bəzi cücələrin dəyərini qismən ödədiyi, lakin qalan məbləği vermədiyi bildirilir. Məsələn, 1 953,27 kiloqram çəkidə 970 ədəd cücəyə görə 5 566,82 manat ödəməli olduğu halda 5 000 manat, 1 883 kiloqram çəkidə 1 000 ədəd cücəyə görə 5 460,70 manat ödəməli olduğu halda yenə 5 000 manat, 2 025,05 kiloqram çəkidə 1 008 ədəd cücəyə görə 5 872,65 manat ödəməli olduğu halda isə 5 000 manat ödəyib.
Həmçinin 1 900,52 kiloqram çəkidə 994 ədəd cücəyə görə 5 511,51 manat ödənilməli olduğu halda 5 000 manat verildiyi, qalan məbləğin isə ödənilmədiyi qeyd olunub.
İttihama görə, Ramin Həsənov 2023-cü ilin müəyyən dövründə hissə-hissə ümumilikdə 21 300 manat ödəsə də, bu ödənişlər götürülmüş cücələrin dəyərini tam qarşılamaq üçün kifayət etməyib. Nəticədə İ.Həsənova ümumilikdə 80 708,81 manat məbləğində ziyan vurulduğu iddia olunur.
İttihamın digər epizodu təqsirləndirilən şəxsin tanışı İ.Qələndərovla münasibətlərinə aiddir.
İş materiallarına əsasən, Ramin Həsənov Bakı şəhəri, Yasamal rayonu, İzmir-9 ünvanında yerləşən, ət və süd məhsullarının topdansatışını həyata keçirən mağazaya gedərək İ.Qələndərovdan satışını təşkil etdiyi toyuq məhsullarını götürüb Gəncə şəhərində satacağını vəd edib.
O, 15 000 manat dəyərində toyuq məhsullarının satışından 3 000 manat gəlir əldə edib verəcəyini bildirərək tanışını inandırıb. 2023-cü ilin dekabr ayının ortalarında həmin ünvanda İ.Qələndərovdan 15 000 manat alıb.
Lakin sonradan vədinə əməl etmədiyi iddia olunur.
Daha sonra təqsirləndirilən şəxs İ.Qələndərova Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən şirkətlərdən birinin arxasında yerləşən 4 sot torpaq sahəsini 43 000 manata satacağını vəd edib.
O, 2024-cü ilin fevral ayından həmin ilin iyun ayının ortalarınadək Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində hissə-hissə olmaqla İ.Qələndərovdan əlavə 28 000 manat alıb. Beləliklə, əvvəl aldığı 15 000 manatla birlikdə ələ keçirdiyi pulun ümumi məbləği 43 000 manata çatıb.
Ramin Həsənov vədinə əməl etməyib və torpaq sahəsini başqa şəxsə satıb. Nəticədə İ.Qələndərova 43 000 manat məbləğində ziyan vurulduğu bildirilir.
